Tanınmış yazardan mitinq çağırışı

15 mart yenidən millət ola bilmənin tarixi ola bilər

Yazıçı Zümrüd Yağmur Milli Şuranın 15 mart mitinqinə çağırış yayıb. O, facebook səhifəsində yerləşdirdiyi çağırışda yazır ki, ölkədə son bahalaşma hamıya təsir edib, varlıdan kasıba hamının büdcəsinə vura bildiyi zərbəni vurub. Ona görə də 15 mart mitinqində hamılıqla iştirak etmək lazımdır:

“Bu mitinqə də gəlməyəcəksinizsə, daha nə zaman öz taleyinzə sahib çıxacaqsınız? Əgər bu mitinqə də qatılmayacaqsınızsa, onda kimsə deməsin ki, ölkədə qanunsuzluq baş alıb gedir. Kimsə narazılıq etməsin ki, bahalıqdır. Kimsə deməsin ki, iqtidar bizi adam yerinə qoymur…
Gəlməyəcəksinizsə, bütün bunların memarının siz olduğunu təsdiq edəcəksiniz. Əgər bu mitinqdə də siz o meydanı seyrək və sönük qoyacaqsınızsa, yenə də "müxalifət etmədi, edə bilmədi" deyib yaxanızı kənara çəkəcəksinizsə, demək ki, aciz və yenə də aciz olduğunuzu boynunuza alırsınız. Demək ki, qorxu dəyər və heysiyyatınızdan böyükdür. Demək ki, kölə olmağı, əzilməyi haqq edirsiniz…
Müxalifət inqilab etmir, edə də bilməz. Bundan gözünüzü yığın. Qərb sizə xoncada azadlıq gətiməyəcək, onun belə bir öhdəliyi və ya borcu da yoxdur, bundan da gözünüzü yığın.
Kimlərsə həbs olunmağa, əzab çəkməyə borclu deyil. Onlar öz vicdanlarının səsi ilə hərəkət edirlər və onlara minnətdar olmalısınız. Ən azından sizin içinizdə boğduğunuz səsi canlı halda saxlaya bildiklərinə görə…
Sən, Azərbaycan xalqı, bu iyirmi ildə boynuna düşən hansı vəzifəni yetinə yetirdin? Hansı işin altına əlini qoydun? Ancaq qorxunu bəsləyib böyütdün öz içində…
Bəhanələri bir yana qoyun! Liderin olmamasından, müxalifətin zəif olmasından, inqilab etmək üçün "doymaqdan", nə bilim, inamınızın qırıldığından bəhs etməyin lütfən. Qoyun lider olmasın, müxalifət də zəif olsun. Siz siz olun, xalq ola bilin!
Xalq lider gözləyirsə, demək zəif olduğunu etiraf edir. Xalq inamsız olduğunu əsas gətirirsə, demək ki, cahildir. Xalq aldadıldığını deyirsə, demək ki, nadandır. Xalq bəhanələrə sığınırsa, demək ki, acizdir. İndu buyurun, 15 matrda kim olduğunuzu nümayiş etdirin – bütün bu yalan, qorxu, bəhanələrdən sıyrılıb qılınc kimi parıldaya, o qılıncı bizi bu hala gətirənlərin boynuna dayaya biləcək qədər cəsarətlimi xalqıq, yoxsa?!.
15 mart yenidən millət ola bilmənin tarixi ola bilər.
O günü yazan da, pozan da siz ola bilərsiniz.
Nə müxalifət, nə Qərb…
Siz siz olun, tarix yazın.
Pozmayın…
Əks halda özünüzü tarixin şanlı səhifələrindən pozacaqsınız!”.