Rusiyanın Ukraynaya əsas hücum variantları

Dnepr cəbhə xətti ola bilər
 

ABŞ-ın özəl kəşfiyyat agentliyi və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) “kölgə strukturu” hesab edilən “Stratfor” Rusiya və Qərb qüvvələrinin Ukraynada birbaşa münaqişəyə cəlb oluna biləcəyi təqdirdə mümkün ssenarilər hazırlayıb.
 
Mərkəz bildirir ki, bu, proqnoz deyil, Rusiya və NATO-nun hərbi qabiliyyətinin təhlilidir.
 
Mərkəz bu suala cavab tapmağa çalışır: Rusiya Ukraynada maraqlarının təminatı üçün hərbi əməliyyatı davam etdirə bilərmi?
 
“Stratfor” beş əsas hərbi variantı araşdırıb. Hər bir variantın da neçə günə həyata keçə biləcəyi, bunun üçün Rusiyaya nə qədər qüvvə lazım olacağı, eləcə də yerli əhalinin reaksiyası və digər amillər göstərilib.
 
Birincisi, ən çox müzakirə olunan variant Krımı Ukraynanın şərqində separatçı mövqeləri ilə əlaqələndirmək üçün Ukraynanın cənub sahili boyunca hücumdur.
 
İkinci ssenari Ukraynanın bütün cənub sahilinin bütünlükdə tutulması, Rusiyanın və onun Moldovanın Dnestryanı bölgəsindəki təhlükəsizlik qüvvələrinin Krıma birləşdirilməsidir.
 
Ancaq bu iki variantın ciddi qüsuru çox açıq mövqelərin olması ilə bağlıdır. Mövqelər əsasən düzənlikdə yerləşir ki, onları da müasir hərbi qüvvə ilə məğlub etmək asandır.
 
Üçüncü ssenariyə görə, Rusiya Ukraynanın şərqini Dnepr çayına qədər tutur və çaydan müdafiə xətti kimi istifadə edir.
 
Qalan iki variant kimi Rusiyanın daha məhdud əməliyyatlar, daha az qüvvəylə hücuma keçməsinə baxılıb. Məsələn, Rusiya Ukraynanın şərqinin ancaq cənub yarısını tutur. Lakin bu halda rusiyalılar daha açıq təhlükəyə məruz qalır.
 
Sonuncu halda isə Rusiya Ukrayna ilə sərhədi boyunca müvəqqəti müdaxilələr edir, Ukrayna qüvvələrini mümkün qədər parçalayır. Bu zaman kiçik siyasi və təhlükəsizlik hədəfləri ola bilər, məsələn, Ukrayna qüvvələri indiki təmas xəttindən çəkilər. Yaxud ölkədə çaxnaşma yaradar, ukraynalılar inanar ki, Rusiya ölkəni tam işğal edə bilər.
 
“Stratfor” bütün variantların təhlilindən sonra bir qənaətə gəlir ki, bu variantların hamısı Rusiya ordusu üçün texniki baxımdan mümkündür, ancaq ciddi qüsurları var.
 
“Heç bir nəzəri model müharibənin nəticəsini proqnozlaşdıra bilməz. Ancaq bu təhlil liderlərə ideya verə bilər ki, hansı variantı seçsin, yaxud ümumiyyətlə, seçsinmi” – deyə “Stratfor” bildirir.
 
Mərkəz hər variant üzrə geniş təhlillər aparıb və öz təhlillərini məqalələr seriyası şəklində yayır. Məsələn, Krıma quru dəhlizi açmağa hesablanmış variantla bağlı bildirilir ki, Rusiya bu planı həyata keçirmək üçün Ukraynanın içərilərinə doğru azı 400 kilometr irəliləməli, 46 min 620 kvadratkilometr ərazi zəbt etməlidir. Bu məqsədə nail olmaq və Ukrayna ordusunun müqavimətini sındırmaq üçün 24-36 minlik hərbi qruplaşma ilə 6-14 gün ərzində müharibə aparmaq lazımdır.
 
Üstəlik Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı NATO-nun Kiyevin köməyinə gəlməsi riskini də nəzərə almalıdır. Əgər Rusiya həmin əraziləri nəzarət altına alsa, onu əldə saxlamaq üçün öz hərbi qruplaşmasını 40-55 minə çatdırmalıdır.
 
Həmçinin hücum əməliyyatlarını planlaşdıranlar yerli əhalinin mümkün partizan müqavimətini də nəzərə almalı olacaq. Çünki Donbasın hüdudları xaricində yaşayan əhalinin Rusiyaya qarşı münasibəti kəskin neqativdir.
 
Digər mümkün ssenariyə əsasən Rusiya Ukraynanın bütün cənub ərazilərini ələ keçirə, oradan Moldovanın Dnestryanı bölgəsinə çıxa bilər. Belə olan halda Kiyevin Qara dənizə çıxışı kəsiləcək.
 
Rusiya bu planı həyata keçirmək üçün 645 kilometr irəliləməli, 40-60 minlik qruplaşma ilə 23-28 gün ərzində döyüş aparmalıdır. Bu əraziləri əldə saxlamaq üçün isə 80-112 minlik qruplaşma lazım gələcək. Həmçinin mümkün partizan hərəkatını da nəzərə almaq lazımdır və bu halda qruplaşmanın sayını artırmaq tələb olunacaq.
 
Əgər Dnepr çayına qədər olan bütün əraziləri ələ keçirməkdən söhbət gedərsə, Rusiya 90-135 min nəfərlik hərbi qruplaşmadan istifadə etməlidir. Çünki bu halda 222 min 740 kvadrat kilometr ərazini zəbt etmək və Ukraynanın içərilərinə doğru 402 kilometr irəliləmək lazımdır.
 
Bu variantın əsas üstünlüklərindən biri odur ki, Dnepr çayı cəbhə xəttinə çevrilsə işğalçı qüvvələrin əks-hücumdan müdafiə imkanları da artacaq. Lakin bu ərazilərdə 13 milyon nəfər yaşayır və mümkün partizan hərəkatına qarşı 28-260 min nəfərlik hərbi qruplaşma lazım gələrdi.
 
Rusiyanın quru qoşunlarının şəxsi heyəti 280 min nəfərdir, ona görə də belə irimiqyaslı hücumu həyata keçirmək üçün ordunun əksər hissəsini cəlb etmək lazımdır. (virtualaz.org)