Qadın azadlığı kişi qazancından imtinadan başlayır…

8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibətilə hakimiyyət Azərbaycan Qadınlarını təntənəli şəkildə təbrik etdi: təkcə ölkənin deyil, dünyanın ən azad və mübariz qadını olan Xədicə İsmayılın həbs müddətini iki ay da uzatdı. 
Hiss olunur, qadınlarımız da bu TƏBRİKdən çox məmnundurlar. Hətta güman var ki, müdirlərindən, ərlərindən… hədiyyə alanlar bayram tortunu kəsəndə gülə-gülə çəkdirdikləri şəkillərini "Biz çox xoşbəxtik!" minnətdarlıq məktubu ilə bir yerdə İlham Əliyevə yollasınlar. Necə deyərlər, hər gülən, xoşbəxt qadının arxasında çox güclü, pullu bir prezident, müdir, ər dayanır. Xədicə İsmayıl isə o "xoşbəxtlik"dən imtina etdiyi üçün həbs olundu: prezidentini, müdirini, ərini saymayan azad qadınlar ya həbsdə olar, ya yük daşıyar, ya da hədiyyə üzünə həsrət qalar…
Yeri gəlmişkən, bugünlərdə, bir taksi sürücüsünə "siqaret çəkməyin, ürəyim bulanır" deyəndə, mənə dedi ki, "ay xanım, süz nə danışırsuz, mən bu siqaret üçün bu gün Bakını üç dəfə "kruq" vurmuşam, axır ki, bir dükandan tanışlıqla almışam. Siqaret olmasa gündə beş dəfə "avariya" edərəm, nəinki maşın, heç eşşək də sürə bilmərəm2. Sonra bir xeyli susdu, hətta siqaret çəkməyinə də fasilə verdi. Amma qanacağı on beş dəqiqədən çox çəkmədi, salondakı tütün dumanında aramızda kiçik dialoq oldu: 
– Xanım, incimeyun a, deyəsən süzün ərivüz yoxdu, onun üçün siqaret iyinə dözə bilmirsüz…
 
– Rəhmətlik çəkən deyildi…
 
– Sözü üzə deməyivizdən o dəqiqə bildim ki, dulsuz…
 
– İkinci ərim də çəkmir…
 
Təəssüf ki, qadın etirazına, tənqidinə "dulların azadlığı" kimi yanaşanlar təkcə gerizəkalı taksi sürücüləri deyil, ölkədə əksəriyyətə elə gəlir ki, əgər qadın haqsızlığa etiraz edirsə, ailəsini dolandırmağı bacarırsa, deməli, ya ərə getməyib, ya da əri ölüb, ya da prezidentə yaltaqlana bilmir. Əslində isə, qadın azadlığı çadra atmaqdan, ər yoxluğundan yox, kişinin haram qazancından, dövlətin verdiyi qəpik-quruş maaşdan imtinadan başlayır. Vallah, ərinin deyil, əlinin zəhməti hesabına dolanan qadınlar daha azad və xoşbəxtdirlər. Kişi maaşına göz dikən qadınların isə, ümumiyyətlə, azadlığı olmur, xoşbəxtlikləri isə ayda bir dəfə olur – ərləri maaş alan gün. Bir dəfə yaxın qohumum gülə-gülə mənə dedi ki, "incimə, nə sirdirsə, sənin qadın dostların da özünə bənzəyir – heç biri ər çörəyi yemir". Nə etsinlər, əksər ərlər Azərbaycan nefti kimidir, elələrinə arxayın olan qadının lampası neftsiz qalar… 
Yazının sonunda isə dövlət, ər zülmü içində boğulan, ildə heç olmasa bir dəfə də olsa qadın olduğunu xatırlamağa imkanı olmayan qadınlar adından ürək sözlərimi yazıram:
 
Dünən mənə verdiyin əzablar,
etdiyin zülmlər
halal xoşun olsun…
Sabaha vəd etdiyin 
gözəl, xoş günlər
başına dəysin…
Lütfən, imkan ver,
heç olmasa bu günümü
insan kimi yaşayım…