Dadayevin etirafları Rusiyanı qarışdırdı

Nemtsovun «saxta qatilləri»ni həbs edənlərdən hədə bəyanatı gəldi
 

İfşaedici məlumatları yayan hüquq müdafiəçiləri istintaqa çağırıldı
 
Çeçen əsilli Zaur Dadayevin Boris Nemtsovun qətlində əli olmadığnı, ilkin etirafedici ifadəni işgəncə altında verdiyini açıqlaması Rusiya hökumətini hərəkətə gətirdi. Dadayev bu açıqlamanı həbsxanada onu ziyarətə gələn İctimai Nəzarət Komitəsinin üzvləri – hüquq müdafiəçiləri Yeva Merkaçevaya və Andrey Babuşkinə vermişdi. Onun bu şok etirafı istintaqın və Rusiya rəsmilərinin qətlin izini azdırmaq cəhlərinin birbaşa ifşası idi.
 
Açıqlama mətbuata çıxan və ictimailəşən kimi İstintaq Komitəsindən hədə tonunda bəyanat gəldi. Komitədən bildirdilər ki, Dadayevi ziyarətə gedən hər iki hüquq müdafiəçisi istintaqın işinə müdaxilə etdiyi üçün dindirilməyə çağırılacaq. Belə ki, görüş Z.Dadayevin saxlanma şəraiti ilə tanışlıq məqsədilə təşkil edilib. Onlar isə söhbət zamanı cinayət işinin materialları ilə maraqlanıblar və bununla da qanunu pozublar. Üstəlik məlumatları mətbuata da ötürüblər.
 
Hüquq müdafiəçiləri İstintaq Komitəsinin bu ittihamları ilə razılaşmırlar. A.Babuşkin bildirir ki, bütün addımları qanun çərçivəsində olub: «Biz heç nəyə qarışmamışıq. Adamları ziyarət etdik, onlar da bizə hansı qanunsuz hərəkətlərlə üzləşdiklərini danışdılar».
 
Y.Merkaçeva Komitənin ittihamlarını absurd adlandırır və hüquq müdafiəçilərinin işini iflic etmək cəhdi kimi qiymətləndirir: «Belə edirlər ki, bizi saxlanılanların yanına buraxmasınlar. Bu halda hansı düzgün istintaqdan söhbət gedə bilər?».
 
Y.Merkaçeva dindirilməyə çağıralacağı təqdirdə, ifadə verməyə vəkili ilə gedəcəyini bildirib.
 
«İşgəncələrə qarşı» hüquq-müdafiə təşkilatının rəhbəri İqor Kalyapin də həmkarlarına qarşı ittihamı absurd adlandırıb: «Mən onların fəaliyyətində istintaqın gedişinə mane olacaq hər hansı addım görmürəm. Peşəkar hüquq müdafiəçiləri kimi onlar demirlər ki, işgəncə olub. Sadəcə bildirirlər ki, saxlanılanlar bu barədə məlumat veriblər və bu məlumatlar yoxlanılmalıdır. Hüquq müdafiəçiləri öz işlərini görüblər. Və onların açıqladıqları istintaq sirri hesab olunmur».
 
Kalyapinin sözlərinə görə, adətən bu cür səs-küylü cinayət işlərində istintaqçılar hüquq müdafiəçilərinə mane olmurlar: «Amma istintaqın əlində faktlar olmayanda və ya əməliyyatçılar faktları qeyri-qanuni yolla əldə edəndə bu cür təşviş yarana bilir».
 
İstintaq Komitəsinin nümayəndəsi Vladimir Markin isə açıqlama verib ki, hüquq müdafiəçilərinin dindirilməyə nə vaxt çağırılacağı hələlik bəlli deyil: «Onlardan fərqli olaraq mən istintaqın işinə qarışmıram».
 
Gültəkin