Bu ölkədə hesabat vermək ənənəsi çoxdan unudulub. Mövcud hakimiyyət bütün dövrlərdə xalqa yalan vədlər verib, inkişaf nağılları uydurub. Əgər Azərbaycanda hesabatlı bir hökumət olsyadı, maaşla dolanmalı olan məmurların milyonluq villalarının, şirkətlərinin, avtomobillərinin necə əldə olunduğunu bilərdik. Hətta prezident də öz gəlirləri haqqında məlumat vermir və gəlir deklorasiyası haqqında qanun hələdə qəbul edilmir. Bugünə qədər müşahidə etdiyimiz bütün konfranslar, müşavirələr yalnız olmayan uğurların tirajlanmasından ibarət olub.
Bütün bunları ona görə xatırladıq ki, qarşıda yeni hesabat olacaq. Belə ki, parlamentin növbəti iclası martın 17-də keçiriləcək və baş nazir Artur Rəsizadə 2014-cü ilin hesabatın təqdim edəcək.
Yuxardıa qeyd etdiyimiz kimi “ənənə”yə sadiq qalaraq bu dəfə də analoqsuz inkişaf nağıllarının hesabatı veriləcək.
Bəs, Artur Rəsizadə real olaraq nəyin hesabatını verməlidir?
Bu adam hökumətin əsas şəxslərindən biridir və iqtisadi sahəyə rəhbərlik edir. Ona görə də Artur Rəsizadə geniş hesabat verməlidir. Ölkənin bu vəziyyətə düşməsinin, sosial-iqtisadi vəziyyətin getdikcə pisləşməsinin, ölkə əhalisinin çarəsiz duruma düşməsinin hesabatını verməlidir. Necə oldu ki, bu qədər zəngin sərvətə malik ölkə neftdən asılı vəziyyətə düşdü? Necə oldu ki, təhsil, elm, səhiyyə məhv edildi? Necə oldu ki, ölkənin milyardları olduğu halda şəhid ailəsi, Qarabağ qazisi, təqaüdüçü ehtiyac bataqlığında boğuldu? Necə oldu ki, ölkə vətəndaşının 2.5 milyonu kredit borcu ödəməyə məcbur qaldı?
Suallar çoxdur, obyektiv hesabat verə bilən hökumət yoxdur.
Bugünlərdə məlum oldu ki, ölkəyə xaricdən yumurta gətirənlər onun bütün xərclərini ödədikdən sonra 418 faiz, toyuq əti gətirənlər 276 faiz, düyü gətirənlər 253 faiz, sabun gətirənlər 234 faiz, pendir gətirənlər 230 faiz, bitki yagları gətirənlər 196 faiz, mal əti gətirənlər 159 faiz, çay gətirənlər 142 faiz, yuyucu töz gətirənlər 121 faiz, kərə yağı gətirənlər 103 faiz, makaron gətirənlər 97 faiz, şəkər gətirənlər 2 dəfədən çox bahasına satırlar.ÿBunun səbəbi nədir? Monopoliyalar, yoxsa gömrükdəki rüsumlar və qeyri-rəsmi ödənişlər? Baş nazir bunun da hesabatını verəcəkmi?
Məmurların bütün sahələri inhisara aldığı, məhkəmlərin sifarişlə işlədiyi, milyonların mənasız layihələrə xərcləndiyi, manatın 34 faiz ucuzlaşması və bunun günahkarlarının adları da hesabata salınıbmı?
13500 şəhid ailəsinə 20 ildir sığorta pulunun ödənilmədiyi, hökumətin cibindən çıxan 3 ton heroinin aqibəti, abituriyentlərin 65 faizinin 200-dən aşağı bal toplamasının səbəbləri, milyonlarla vətəndaşın müalicə üçün xaricə üz tutması, nazirlərə məxsus bankların ən yüksək faizlərlə əhalini girova çevirməsi də hesabata daxil edilməlidir.
Yaxşı olar ki, Baş nazir hesabatında 2014-cü ildə Azərbaycanın dünyada rüsvay olmasını da, beynəlxalq təşkilatların hesabatlarında tənqid hədəfinə çevrilməsini də, Qarabağın işğalına işıq yandıran Rusiyanın əlaltısı rolunu oynamağı da qeyd etsin.
Bu ölkənin vətəndaşına yalançı statistika, bizə aidiyyatı olmayan rəqəmlər, boş vədlər lazım deyil. Bu xalqa həqiqəti söyləmək və “biz bu ölkəni uçuruma saldıq” demək lazımdı.
Ümumiyyətlə, 2014-cü il haqqında hansı müsbət hesabatı vermək olar? Bəlkə, ölkəyə heç bir gəlir gətirməyəcək Avropa oyunlarına hazırlığı, yaxud ölkəmizə gələn qonaqların xərcinin ödənilməsini uğur sayırsınız?
2014-cü ili və əvvəlki illəri uğurlu il kimi qiymətləndirmək olar. Əgər söhbət hakimiyyəti zəbt edənlərin şəxsi qazancının artmasından gedirsə.
Müxtəsər, Artur Rəsizadə ölkənin baş naziri kimi, ölkənin başına gətirilənlərin hesabatını verməlidir. Bu illər ərzində ölkəyə gələn 100 milyardlarla vəsaitin talan edildiyinin, qeyri-neft sektorunun inkişaf etdirilməməsinin və xalqın bu ağır durumunun hesabatını verməlidir.
Həm də Milli Məclisin deputatlarının qarşısında deyil, canlı efirdə xalqın qarşısında hesabat verməlidir.
S.Novruz