“Əliyev rejimilə əlaqələri kəsin!”

Londonda yerləşən təşkilat Böyük Britaniya parlamentinə çağırış etdi

 
Ingiltərədə yerləşən “London Platformu” təşkilatı Böyük Britaniya parlamentinin üzvlərini Azərbaycandakı repressiyalara susqun yanaşdığına, öz maraqlarını nəzərə alıb Əliyev rejimilə əlaqələri davam etdirdiyinə görə tənqid edib. Təşkilat bununla əlaqədar britaniyalı deputatlara çağırış edib. Təşkilatın saytında “Böyük Britaniya parlamentinin üzvlərindən Azərbaycandakı repressiyalara qarşı çıxmaq tələbi” başlığı ilə yerləşdirilmiş çağırışda deyilir:
“Bakıda keçiriləcək Avropa Oyunlarına 100 gündən də az vaxt qalıb. Olimpiya obyektində işlər başa çatdığı bir vaxtda Azərbaycanda yaxşı tanıdığımız bir çox adamlar həbsxana həyatı yaşamaqda davam edir. BP-Əliyev rejimi Avropa Oyunlarından ”üzünü yumaq" məqsədilə istifadə etməyə çalışır. Onlar bu tədbirə o qədər böyük əhəmiyyət verirlər ki, ciddi iqtisadi problemlərə baxmayaraq, iştirak edəcək idmançıların bütün xərclərini öz üzərlərinə götürüblər. Ilk dəfədir ki, turnirə “ev sahibliyi” edən ölkə iştirakçıların xərclərini öz öhdəsinə götürür.
Avropa Oyunları ərəfəsində siyasi fəalları, jurnalistləri, hüquqşünasları susdurmaq məqsədilə onları həbsə atıblar. Onların bir çoxuna qarşı elə ittihamlar irəli sürülüb ki, həmin maddələr üzrə on ildən artıq həbs cəzası nəzərdə tutulub. Ötən dekabrda dünyanın müxtəlif yerlərindən bir çox adamlar həbsdəki vicdan məhbuslarına dəstək məktubları göndəriblər. Bu gün biz Böyük Britaniya parlamentinin üzvlərindən Azərbaycanda baş verənlərlə bağlı susqunluğa son qoymağı və lazımi tədbirlər görməyi tələb edirik. Azərbaycanlı fəallar xarici ölkələrdə siyasətçilərin avtokrat Ilham Əliyevin əlini sıxdığını görəndə məyus olurlar.
Tanınmış araşdırmaçı jurnalist Xədicə Ismayıl həbsindən əvvəl bizimlə söhbətində bildirmişdi ki, Azərbaycanda insan hüquqlarının pozulması ən çox susqun yanaşanlar britaniyalı siyasətçilərdir. Onun sözlərinə görə, britaniyalı parlamentarilərin əksəriyyətini Azərbaycandakı siyasi məhbusların müdafiəsindənsə, BP və Əliyevlər ailəsini dəstəkləmək daha çox maraqlandırır.
Məhz buna görə də biz Böyük Britaniya deputatlarını “EDM 718"-i (Azərbaycanda insan hüquqlarının pozulmasına, repressiyalara son qoyulması tələbilə 25 parlamentarinin imzaladığı sənəd-red.) imzalamağa, Xədicə Ismayıl və digər siyasi məhbusların azadlığa buraxılması, insan haqlarının müdafiəsinə dair beynəlxalq standartlara əməl olunması üçün Azərbaycan hökuməti qarşısında məsələ qaldırmağa çağırırıq.
Sənədi nə qədər çox deputat imzalasa, Azərbaycandakı avtoritar hakimiyyətə bir o qədər güclü mesaj olacaq. Bu həm də Böyük Britaniya deputatlarına siqnal olmalıdır ki, onlar Azərbaycanda insan hüquqlarının vəziyyətinə münasibətdə sükutu posunlar və Əliyev rejimilə əlaqələri kəssinlər.
Xatırladaq ki, Azərbaycanda tanınmış jurnalist olan Xədicə Ismayıl ötən il dekabrın 5-də həbs olunub. Xədicə elə məsələləri araşdırıb üzə çıxarırdı ki, hökumət onları gizli saxlamağa çalışırdı – məsələn, Azərbaycanın hakim ailəsinin biznesi.
Xədicə eyni zamanda, insan haqlarının fəal müdafiəçilərindən idi. O, xüsusən son vaxtlar siyasi məhbusların müdafiəsilə bağlı məsələyə diqqət yetirirdi. Xədicə Ismayıl Azərbaycan hökumətində təmsil olunan və kobud qanun pozuntularına görə birbaşa məsuliyyət daşıyan vəzifəli şəxslərə qarşı sanksiyaların tətbiqinin tərəfdarı idi. Xədicənin həbsi Azərbaycanda tənqidçi mediaya və vətəndaş cəmiyyətinə qarşı misli görünməmiş hücumların tərkib hissəsidir.
Son yeddi ay ərzində Azərbaycanda tanınmış hüquq müdafiəçiləri, jurnalistlər, o cümlədən Leyla Yunus, Intiqam Əliyev, Rəsul Cəfərov, Anar Məmmədli, Seymur Həzi və digərləri uydurma ittihamlarla həbs olunub.
Biz Xədicə, Leyla, Intiqam, Rəsul, Seymur, eləcə də digər siyasi məhbusların dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırırıq".
P.S. Qeyd edək ki, deputatların imzalaması üçün nəzərdə tutulan “EDM 718" sənədi təşkilatın saytında da yerləşdirilib. Sənəd imza üçün açıq elan olunub.
İnformasiya şöbəsi