Hökumətin Ermənistan səxavəti

Yaxud, «sendviç» yenidən süfrəyə gəlir

 
Azərbaycan hakimiyyətinin xarici siyasəti tragikomediya janrının ən gözəl nümunəsi sayıla bilər. Daha dəqiq ifadə etsək hakimiyyətimiz dünya siyasətinə “yenilik”lər gətirib və “siyasi qeybət” janrını inkişaf etdirib. 
Bugünlərdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun “Tribune-Review” nəşrinə müsahibəsi də bu mənada “şedevr” sayıla bilər. Səfirimiz əvvəlcə Səməd Seyidovun “sendviç” ənənəsini davam etdirmək qərarına gəlib və Azərbaycanın Iranla Rusiya arasında sıxışıb qaldığını, Yaxın Şərqdəki qeyri-stabillikdən əziyyət çəkdiyini bildirib.  Görünür, hökumətimiz “siyasi alkoqolizm”dən əziyyət çəkir və mühüm danışıqları “dəm” vəziyyətdə həyata keçirir. Çünki, ayıq başlı adamlar bu qədər ziqzaqlar etməz. ABŞ-ı terrorizmdə, korrupsiyada, insan haqlarının pozulmasında ittiham edib, ABŞ əleyhinə dinləmələr keçirib, ABŞ-ı erməni lobbisinin təsiri altında olmaqda günahlandırıb, sonra bunu Yaxın Şərqdəki qeyri-stabilliklə əlaqələndirmək fantaziyanın 3-cü kosmik sürət almasıdır. Niyə, bugünə qədər Azərbaycan hakimiyyəti Rusiya, Iran, Yaxın Şərqdəki vəziyyətlə bağlı da dinləmə keçirməyib? Elin Süleymanov ABŞ-dakılara başa salmaq istəyib ki, Rusiyaya, Irana hirsli olduğumuza görə sizi söymüşük. Yəqin, bu taktika balans siyasətinin milli fəlsəfəsidir.
Daha sonra Elin Süleymanov bildirib ki, çox optimistdir və Azərbaycan müstəqilliyə can atan insanların ölkəsidir. “Azərbaycan pullarını ağılla xərcləyir. Biz çiçəklənən ölkəyik. Öz qonşularımıza investisiya yatırırıq, biz Ermənistana da investisiya yatıra və onunla regionda tərəfdaş ola bilərik. Bunu etməkdənsə Ermənistan təcrid olunmağı seçib, bizim insanlarımızın malik olduqları qədər müstəqilliyə malik deyil. Inanın mənə, bizim Ermənistana yatırmaq üçün kifayət qədər pulumuz var” – deyə Elin Süleymanov bildirib.
Əvvəla qeyd edək ki, bu ölkənin müstəqilliyə can atan insanları, hakimiyyətin sayəsində canlarına qəsd etmək həddinə çatıblar. Hakimiyyət vətəndaşı o qədər cana yığıb ki, insanlar intihar yolunu seçərək, ölümə can atırlar.  Görünür, Elin müəllim üçün vətəndaşın ölümə doğru addımlaması optimzim yaradır. Amma səfirimizin optimzimi  bununla yekunlaşmır. Məlum olur ki, möhtərəm hökumətimiz  Ermənistan məsələsində də optimistdir.  
Maraqlı burasıdır ki, hakimiyyət bütün rəqiblərinə  “ermənipərəst” damğası vurub, müxalifətə qarşı “erməni lobbisi” şüarı ilə silahlanıb və ictimai-siyasi fəalları  ermənini sevindirməkdə günahlandırıb. 
Amma Elin Süleymanov israrla sübut etməyə çalışır ki, Azərbaycan Ermənistana istənilən qədər investisiya yatıra bilər. Sanki, hökumətimiz Ermənistana pul yatırmaq üçün əldən-ayaqdan gedir, səbrsizlənir, intizardadır. Bəli, diplomatımız erməniləri sevindirir ki, Azərbaycanın milyardlarından faydalana bilərlər.
Məsələnin ikinci tərəfi daha acınacaqlıdır. Əgər düşmən ölkəyə yatırmağa pulumuz varsa, bu pulu öz vətəndaşımıza niyə vermirik?  Öz vətəndaşın kredit bataqlığında boğulursa, milyonlarla vətəndaşın dolanışıq üçün ölkə xaricinə üz tutubsa, sosial yardım alanlar gündən-günə artırsa, iş yerləri bağlanırsa, qeyri-neft sektoru  şikəst vəziyyətə düşübsə, Erəmnistanın dərdini niyə çəkirsiniz?  Hələ də Azərbaycanın müxtəlif yerlərində kanalizasiya sistemi, içməli su, qaz yoxdur. Hətta paytaxtın qəsəbələrində belə  kommunal sistem yarımçıq vəziyyətdədir. Əgər pulumuz belə çoxdursa, özümüzə niyə xərcləmirik? Erməni ilə döyüşdə şəhid olmuş 13500 şəhid ailəsinin sosial sığorta pulunu vermirlər, amma Ermənistana yatırmağa pulumuzun olduğunu anons edirlər.
Ən gülməlisi isə odur ki, Elin Süleymanov pullarımızın ağıllı xərcləndiyini söyləyib. Bəli, yol qovşağını, körpünü, məktəb binasını 10 qat bahasına tikmək, dünyanın müxtəlif yerlərində milyonluq layihələr həyata keçirmək, məmurların milyonluq villalara, holdinqlərə sahiblənməsi, Avropa oyunlarına 5 milyarddan artıq pul xərclənməsi, ağıllı siyasətin göstəricisidir. Ölkənin sərvətini talamaq, şəxsi ciblərə yönəltmək, ölkəmizi çiçəkləndirib.
Amma səfirimizin sözündə həqiqət də var. Həqiqətən də  Azərbaycan hakimiyyəti bu ölkədən, bu vətəndaşdan başqa, hər yerə investisiya yatırmağa, minimal faizlərlər kredit verməyə, milyardlar bağışlamağa hazırdı. Hətta, hökumətimiz  Ermənistana pul xərcləməyə də hazırdır və “səxavət”inə məhdudiyyət qoymur. 
Bir sözlə, “sendviç” yenidən süfrəyə gəlib və bu “süfrə” arxasında Ermənistanın sağlığına “tost” deyilir. Keflənmiş adamlar pul xərcləməkdə pərgar olurlar. 
İlham