Ölkədə manatın dəyərdən düşməsiylə bağlı atılan addımlar bütün sektorlara zərərlə ötüşüb. Əhalinin daha çox çətinliklə üzləşdiyi məqam gündəlik ərzaq məhsullarının qiymətinin süni şəkildə qaldırılmasıdır. Rəsmi tərəf manatla bağlı atdığı addımı sığortalamaq üçün qiymət artımının olmadığını deyərək buna cürət etmiş ticarət obyektlərini cərimələməkdə, cəzalandırmaqda davam edir.
Artıq bir neçə iri marketdə yoxlamalar aparılıb və müvafiq addımlar atılıb. Lakin işin maraqlı tərəfi tam başqadır. Hökumət ölkədəki monopoliyanı aradan qaldırmaq, gömrükdə liberallaşma məsələsinə baxmaq əvəzinə, inzibati yolla qiymətləri saxlamağa çalışır. Bu xüsusda da yuxarıda qeyd edilən addımlar atılır. Maraqlıdır, dövlət qurumlarının mağazalara qiymət diqtə etmək səlahiyyəti varmı?
Hüquqşünas Müzəffər Baxışov fikrini qədim yunan qanunvericisi Solonun bir deyimiylə başlayır. “Qanunlar hörümçək toru kimi bir şeydir – güclülər onu yırtıb keçir, zəiflər isə onda ilişib qalır”. M.Baxışov ölkədə qiymətləri qaldıranların hamıya məlum olduğunu deyərək inhisarçılığın baş alıb getdiyini söyləyir:
“Əslində, antiinhisar haqqında qanunun tələblərinə görə bazarın 33 faizi əlində olan şəxs artıq inhisarçı sayılır. Ölkədə bütün bazar məhsullarının hamısı inhisarçıların əlindədir. Onlara qarşı kimsə də mübarizə apara bilmir. Ticarət obyektində qiymətdə alıcını aldatmağa görə inzibati məsuliyyət nəzərdə tutulur. Həmin maddəyə görə şəxsi inzibati məsuliyyətə cəlb edirlər. Ən böyük inhisarçıları isə məsuliyyətə cəlb edə bilmirlər. Bu baxımdan Solonun dediyi kəlamın bütün dövrlər üçün əhəmiyyəti var. Mən inanmıram ki, bu hakimiyyətin dövründə inhisarçılara qarşı mübarizə aparılsın. Çünki inhisarçıların özü hakimiyyətdə təmsil olunduğundan onlara qarşı mübarizə aparmaq qeyri-mümkündür”.
Nigar