9 deputat Pərviz Həşimli ilə bağlı İlham Əliyevə müraciət etdi

Bir qrup millət vəkili tanınmış jurnalist Pərviz Həşimlini əfv etməsi üçün prezident İlham Əliyevə müraciət ediblər. Xəbəri Bizimyol.info-ya məhbus jurnalistin atası Kamran Həşimov verib.
Deputatlar məhkəmədə qeyri-adekvat münasibətlə üzləşən insanların məsələsi ilə bağlı İnsan Hüquqları üzrə İşçi Qrupunun yaradılmasından məmnunluq ifadə ediblər və belə şəxslərdən birinin də Pərviz Həşimli olduğunu xatırladaraq vurğulayıblar ki, onu uzun illərdən bəri tanıyırlar. Deputatlar P. Həşimlini peşəkar bir jurnalist kimi xarakterizə ediblər. P. Həşimlinin 2 ilə yaxın həbsdə olmasını qeyd edən deputatlar onun himayəsində azyaşlı övladının, yaşlı valideynlərinin olmasını nəzərə alıb onu azadlığa buraxmasını xahiş ediblər.
Müraciəti Fazil Mustafa, Qüdrət Həsənquliyev, Sabir Rüstəmxanlı, Vahid Əhmədov, Əli Məsimli, Çingiz Qənizadə, Zahid Oruc, Fərəc Quliyev və İlyas İsmayılov imzalayıblar.