Xalq yenə də DÖVLƏT səviyyəsində aldadıldı. Ölkənin başlıca sərvətini – nefti xalqdan oğurlamaq bir yana, onun ucuzlaşmasından itirdiklərini də zavallı vətəndaşların hesabına kompensasiya etmək yolunu tutan hakim elita pensiya və sosial müavinətlərin indeksasiyasını “yaddan çıxarıb”.
“Qonşu Rusiya anındaca pensiyaların, əmək haqlarının ortalıq 15 faiz artırılmasını təmin etdi və güzəştli kateqoriyanın (pensiyaçılar, tələbələr, şagirdlər və s.) gediş, xidmət və başqa sosial güzəştlərini əvvəlki kimi saxladı. Təkcə onu demək yetər ki, məsələn, Krasnodar diyarında tramvay, trolleybus və avtobusda aylıq gediş talonunun qiyməti 2014-ün sentyabrın 1-dən 580 rubl (bizim pulla 8 manat), ayrıca avtobusda 250 rubl (bizim pulla 4 manat) təşkil edir. Bu tarixə qədər isə talonun qiyməti bundan ortalıq 2 dəfə az olub və şəhərətrafı avtobus və qatarlarda əvvəlki ucuz qiymət dəyişilməyib. Özü də bu güzəştlər aylıq pul ödənişinə əlavə olaraq tətbiq edilir və əhalinin sosial müdafiəsi mərkəzləri, pensiya fondunun ciddi nəzarətində saxlanılır. Bircə onu vurğulayaq ki, bizdəki aldatmadan, gizlətmədən fərqli olaraq, əhaliyə öz evlərində pulsuz verilən yerli mətbuat orqanlarında şəhər, rayon administarasiyası, sosial müdafiə qurumlarının rəhbərləri baş verən dəyişikliklər və s. barədə vətəndaşları bilgiləndirir (Elə biz də bu bilgiləri şəhər administrasiyasının pulsuz payladığı ”SOÇI" qəzetindən götürmüşük). Indi baxın, bu Putin Rusiyası, bu da Əliyev(lər) Azərbaycanı! Bir gecədə manatı 35 faiz ucuzlaşdıran kimi təyyarə biletləri kəlləçarxa qalxdı, marketlər, bazarlar boşaldı. Rusiya-Soçi qatarına kupe biletinin (2700 rubl), marketlərdəki ərzağın qiyməti isə hələ də dəyişməyib. Bu isə o deməkdir ki, qonşu ölkənin vətəndaşı sosial müdafiə olunduğundan rublun ucuzlaşmasından elə də ziyan çəkmir, ziyan çəkən başlıcası sahibkarlardır. Amma bizdən fərqli olaraq rus kanalları əhalinin milli valyutanın dəyərdən düşməsindən razı qalmasını yaymır! Hələ onu demirik ki, Qarabağ, 20 Yanvar əlillərinə və b. verilən kommunal, nəqliyyat və s. xidmətlərin pul kompensasiyaları ilə əvəzlənməsinə dair prezidentin 26 dekabr 2001-ci il tarixli 613 saylı fərmanında nəzərdə tutulan 26 manatlıq aylıq ödənişi də sosial müdafiə qurumları 3 ildir verməkdən imtina edir. Rusiyada isə ayrılan məbləğ hər il indeksasiya olunur, müharibə əlillərinə seçim imkanı verilir, bizdə isə güzəştləri ləğv edib zorla pul kompensasiyası almağa məcbur edilən müharibə əlillərinə nəinki indeksasiya tətbiq olunur, heç həmin cüzi məbləği də vermirlər. Son 14 ildə işığın, qazın, benzinin… qiyməti 3 dəfədən çox artsa da, 26 manatlıq 3 ildir verilməyən güzəşt məbləği dəyişilməz qalıb.
Qarabağ əlilləri və şəhid ailələrinə verilməli olan qanpulunu da Dövlət Sığorta Kommersiya Şirkəti(DSKŞ) mənimsəyir. Təbii ki, Maliyyə Nazirliyinin, digər dövlət qurumlarının ortaqlığı ilə. Fikir verin, 2006-cı ildən sığorta məbləği 11 min manat müəyyən edilsə də, qanunvericilikdə gecikməyə görə indeksasiya nəzərdə tutulsa da, DSKŞ(sədr Məmməd Məmmədov) və Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti xidməti (rəis Namiq Xəlilov) hətta məhkəməyə məbləğin 10 dəfə az olmasını bildirir. Belə çıxır, qanpulu məbləği indeksasiya əvəzinə dezindeksasiya olunur? Özü də məhkəmə(lər) də bu dezindeksasiyanı qanuni qüvvəyə mindirir!(???) Manatın bir gecədə 35 faiz ucuzlaşmasının bir nədəni də qanpulu məbləğini yarıbayarı ucuzlaşdırıb yeməkdir. Ən azı hələ ki hökumətin bu sahədə hansısa addım atması görünmür.
Şəhid qanının belə ucuz tutulduğu ölkədə hansı sosial siyasətdən,hərbi qüdrətdən,dövlət qayğısından danışmaq olar? Amma gecə-gündüz danışırlar…
“Nələr etmədik bu VƏTƏN üçün! Kimimiz öldük, kimimiz danışdıq”.
M.Ağsu