Kəndli torpaqdan ziyan görəcəksə, onu niyə əkməlidir?

Vahid Məhərrəmov: «Torpaq sahiblərinə təzyiqləri artırmaq, onları əlavə vergiyə cəlb etmək əslində heç bir nəticə verməyəcək»

 
Istifadəsiz torpaqların monitorinqinin başlanmasına dair dövlət başçısının sərəncam imzalaması barədə xəbər vermişdik. Hazırda istifadəsiz torpaqların sahəsi müəyyənləşdirilir. Müəyyənləşdirmə başa çatdıqdan sonra torpaqların istifadə olunmama səbəbləri aydınlaşdırıldıqdan sonra aidiyyəti təkliflər təqdim olunacaq. Kənd təsərrüfatı naziri Heydər Əsədovun sözlərinə görə, istifadəsiz torpaqlara əlavə vergilər tətbiq olunacaq.
Amma nədənsə bir məqam unudulur. Ölkədə kənd təsərrüfatının zəif olması heç də torpaqların tam potensialından istifadə olunmamasından irəli gəlmir. Qonşu Gürcüstan və Iranda kənd təsərrüfatını stimullaşdıran əsas amil dizel yanacağının qiyməti Azərbaycandan 4-5 dəfə ucuzdur. Kənd təsərrüfatında da hökm sürən inhisarçılıq, fermerlərin öz məhsullarını bazara çıxarmasına qoyulan qadağa son nəticədə ölkənin aqrar sektorunu acınacaqlı duruma salıb. Eyni zamanda həyata keçirilən aqrolizinq siyasətinin reallıqdan uzaq olması, bu istiqamətə ayrılan dövlət vəsaitlərinin azlığı problemləri daha da dərinləşdirir. Ən əsas faktor isə inhisarçının bazarda qiyməti diqqtə etməsi və kəndlinin məhsulunun yalnız onun ala biləcəyidir.
Ona görə də vəsait çatışmamazlığı üzündən istifadəsiz qalan torpaqlara görə verginin və ya cərimənin tətbiqi nə dəcədə düzgündür? 
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirdi ki, fermerlər, kənd təsərrüfatı ilə məşğul olan sahibkar ən çox torpaq sahəsi çatışmazlığından əziyyət çəkirlər. Hər bir kəndlinin il ərzində gəlir əldə etməyə çalışdığını deyən V.Məhərrəmov vurğuladı ki, kəndlinin yeganə gəlir mənbəyi ona verilmiş pay torpağından istifadə etməkdir: “Torpaqlardan niyə istifadə olunmadığı çox ciddi sual yaradır. Istifadə edilməməyə səbəb odur ki, pay edilən torpaqların və ya dövlət, bələdiyyə torpaqlarının məhsuldarlığı aşağıdır. Birincisi, bu torpaqlarda məhsuldarlıq aşağı olduğu üçün fermerə sərf edən məhsuldarlıq götürülmür. Ikinci mühüm məqam isə odur ki, əldə olunan məhsulun da keyfiyyəti aşağı olur. Nəticədə daha çox kapital qoyuluşuna ehtiyac yaranır. Yaranan problemləri isə fermerlər özləri təkbaşına həll edə bilmirlər. Ona görə də torpaqların boş qalma səbəbləri var. Indi baş verənə görə torpaq sahiblərinə təzyiqləri artırmaq, onları əlavə vergiyə cəlb etmək əslində heç bir nəticə verməyəcək. Çünki az məhsuldar olan torpağı əkib-becərmək fermerə zərər gətirir”.
V.Məhərrəmovun sözlərinə görə, Avropa və digər inkişaf etmiş  ölkələridə əkin sahələri boş qalmır. Azərbaycanda bu məsələyə sovet dövründən qalma təfəkkürlə yanaşıldığını deyən V.Məhərrəmov bildirdi ki, o zaman torpaq sahəsi beş ildən  bir dincə qoyulardı. Amma indi yeni texnologiyanın köməyi ilə bu aradan qaldırılıb. Torpağı dincə qoymaq torpağın məhsuldarlığını  bir qədər də azalda bilər: “Yağış yağan zaman torpaqda olan mineral maddələr  yuyularaq torpağın alt hissəsində yığılır, belə olan halda bitki üçün əlçatan olmur. Amma yeni texnologiyaya uyğun olaraq, uzun köklü bitkilərdən istifadə edərək torpağın alt hissəsinə toplanmış mineral maddələri üst hissəsinə qaytarmaq mümkün olur. Bu texnologiya torpaqdan davamlı olaraq hər il istifadə olunmasına imkan yaradır. Nəticədə daha səmərəli növbəli əkin sistemi yaradılır. Bu çox mürəkkəb məsələdir. Təəssüflər olsun ki, bu sahədən bixəbər olanlar hazırda bu sahəni idarə edirlər. Özü də bu sahəyə bələd olmayan adamlar bütün strukturlarda təmsil olunublar. Onlar həm Prezident Admnistrasiyasında, həm Nazirlər Kabinetində, həm də Kənd Təsərrüfatı Nazirliyində çalışırlar”.
V.Məhərrəmov hesab edir ki, torpaqla bağlı problem öz həllini başqa formada tapmalıdır. V.Məhərəmmovun fikrincə, bu istiqamətə dövlət proqramı hazırlanmalı və maliyyə vəsaiti ayrılmalı, torpaqların deqradasiyasının qarşısı alınmalıdır. "Torpaqların deqradasiyasının aradan qaldırılması istiqamətində addımlar atılmalıdır. Torpaqların münbitliyi bərpa olunsa, Azərbaycanda çoxlu sayda kəndlilər, fermerlər, sahibkarlar tapılacaq ki, onlar həmin torpaqlardan istifadə edərək gəlir əldə etsinlər. Inzibati qayda ilə bu məsələyə yanaşma səmərə verməyəcək”, deyə V.Məhərrəmov vurğuladı

 
Xəyal