Xəbər verildiyi kimi, Qarabağ müharibəsində şəhid olmuş, əlil olmuş və itkin düşmüş şəxslərin ailə üzvləri gələn həftə Milli Məclisin qarşısında yenidən etiraz aksiyası keçirəcək. Aksiyaçılar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanuna uyğun olaraq onlara 11 min manat dövlət icbari sığorta pulu ödənilməsini tələb edirlər. Şikayətçilərin sözlərinə görə, 2010-cu ildən bu günə kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin varislərinə və aldıqları xəsarətlərdən əlil olmuş şəxslərə ödənilməli olan dövlət icbari sığorta ödənişləri verilmir.
Müvafiq qurumlardan onlara bildirilib ki, 1 sentyabr 2000-ci il tarixinədək qüvvədə olan Mülki Məcəllənin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il müəyyən edilib. Qeyd edilən hal mülki qanunvericiliyin tələblərinə görə sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün əsasdır. Iddia müddəti üçün nəzərdə tutulan üç il keçdiyinə görə sığorta ödənişinin verilməsi qeyri-mümkündür. Şəhid ailələri buna etiraz olaraq məhkəməyə müraciət ediblər. Azərbaycan məhkəmələri bu kateqoriyadan olan vətəndaşların iddialarını haqlı sayaraq, qanunla ödənilməli olan məbləği dövlət, icbari sığorta ödənişinin verilməsi vəzifəsinə cavabdeh Dövlət Sığorta Şirkəti “Azərsığorta”nın üzərinə qoyub. 2012-ci ildən bəri 42 məhkəmə qərarı “Azərsığorta” tərəfindən icra olunub. Bu işlə bağlı hazırda 70-dən artıq məhkəmə işi icra olunmamış qalıb, 100-dən artıq iş isə məhkəmədədir.
“Azərsığorta”dan şəhid ailələrinə bildirilib ki, sığorta ödənişinin həyata keçirilməsi Milli Məclisdən asılıdır. Atəşkəs dövründə şəhid olanların ailələrinə dövlət icbari sığorta pulu verilsə də, Qarabağ müharibəsi dövründə şəhid olanların ailələri bu prosesdən kənarda qalıb. ÿÿ
Bu arada martın 6-da Sabirabadda baş vermiş dəhşətli intihar hadisəsini yada salmaq ağrıdıcıdır. Çünki 39 yaşlı Sabirabad şəhər sakini, özünü asan Cəbrayıl Həsənov Qarabağ qazisidir. O, maddi imkansızlıqdan atasına layiqli övlad ola bilmədiyi üçün əzab çəkdiyini, banklara olan borcunu ödəyə bilmədiyindən çıxış yolunu intihar etməkdə gördüyünü məktubunda yazıb. Qazi yaxınlarına vəsiyyət edib ki, xərc çəkib ona yas məclisi qurmasınlar.
Sosial şöbə


