
«Rusiya və İran arasında yerləşən Azərbaycan ümid edir ki, Birləşmiş Ştatlar müttəfiqlərinə daha çox dəstək göstərəcək. Ərazimizin böyük bir hissəsini separatçılar tutub… Bir daha qeyri-sabitlik yaşamaq istəmirik», – Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Elin Süleymanov «Tribune-Review» qəzetinə müsahibəsində belə deyib.
Səfirin sözlərincə, diplomatiya şəxsi münasibət kimidir və uzun müddət Vaşinqtonun dostu olmuş Azərbaycan regionda sabitliyin bərpası üçün Amerikanın dəstəyinə bel bağlayır.
«Dostlarınızı aşağı qiymətləndirə bilməzsiniz. Bizə deyə bilməzsiniz ki, «biz lazım olanı edirik və siz də biz nəyi istəyirik edirsiniz», – cənab Süleymanov bildirib.
Konqresdə Azərbaycan qrupunun həmsədri respublikaçı Bill Shuster-in dediyinə görə, Azərbaycan «Ukrayna kimi müttəfiqlərin enerji təhlükəsizliyinin təminatında mühüm rol oynaya, onların enerji baxımından Rusiyadan asılılığını azalda bilər».
«Azərbaycan pulunu müdrikcəsinə xərcləyir və çiçəklənir», – Süleymanov bildirib. «Biz qonşulara sərmayə qoyuruq, Ermənistana da sərmayə yatıra, regionda tərəfdaş ola bilərdik. Oturub hərtərəfli qərar vermək lazımdır. Gələcəyi belə görürük. İki ölkə ancaq bu yolla inkişaf edə, vahid region yarada bilərdi».
«Alınsaydı, yaxşı olardı. İnanın, Allah qoysa, Ermənistan iqtisadiyyatına yatırmağa kifayət qədər pulumuz var», – deyən Elin Süleymanov müsəlmanların, xristianlar və yəhudilərin Azərbaycanda sülh, təhlükəsizlik içində yaşadığını sözlərinə əlavə edib.
Elin Süleymanovun müsahibəsini «facebook» səhifəsində ABŞ-ın Azərbaycanda keçmiş səfiri Riçard Kozlariç paylaşıb.
«Nəyə görə belə bir qənaətə gəlməliyik ki, Azərbaycan hökuməti Qərblə münasibətlərinə dair bir səslə danışır – axı xeyli digər səslər də var. Mehdiyevin polemikası (Prezident Administrasiyası rəhbərinin ABŞ qurumlarının Azərbaycanda inqilab hazırlaması haqda yazısı nəzərdə tutulur– red.) ABŞ-da reaksiya doğurdu və təsəvvür edirəm xarici işlər nazirliyində çoxları özlərini necə rahatsız hiss etdilər. Bu müsahibənin bir məqsədi də ziyanı ört-basdır etməkdir», – ABŞ-da yaşayan analitik Karl Rahder yazır.
«Əliyev rejimi daxilində «Qərbyönümlü» və «Rusiyapərəst» qanadlar, şər qüvvə Ramiz Mehdiyevlə xoşməramlı Elin Süleymanovun mübarizəsi, Prezident Əliyevin də iki cəbhə arasında balans yaratması fikirləri mifdən başqa bir şey deyil. Faktiki olaraq, cənab Mehdiyev Əliyevin baş ideoloqu, Süleymanov isə ABŞ-dakı baş lobbiçidir. Balaca bir diktatorluğun dünyanın ən güclü demokratiyasına qarşı «yaxşı-pis oğlan» oyunu oynaması ironikdir». Bunu isə Azərbaycanlı Amerikalılar Demokratiya Uğrunda (AZAD) təşkilatının sədri Elmar Şahtaxtinski yazır (azadliq.org).


