Milli Şura şəhid ailələrini mitinqə çağırır

Ölkədəki ağır vəziyyət hər gün daha qabarıq şəkildə özünü göstərir. İnsanlar kredit borclarını ödəyə, haqları olan müavinətləri ala bilmədikləri üçün intihar edirlər, etiraz aksiyası keçirirlər. Çox qəribədir ki, tez-tez müxalifət düşərgəsini “ermənipərəst” adlandıran hakimiyyət, erməniylə döyüşdə həlak olanların ailələrini də, qaziləri də acınacaqlı vəziyyətə salıb və onların şikayətlərini eşitmək istəmir.

Belə ki, 13500 şəhid ailəsi 1994-cü ildən bu yana onlara verilməli olan sığorta pulunu ala bilmir. Buna görə şəhid ailələri və Qarabağ qaziləri bu ilin 13 fevralında Milli Məclisin qarşısında etiraz aksiyası keçirdilər və pullarını tələb etdilər. Amma hakimiyyət “ənənə”yə sadiq qalaraq aksiyanın qarşısını almağa, özünə bəraət donu geyindirməyə çalışdı.

2 gün öncə isə 39 yaşlı Sabirabad şəhər sakini Cəbrayıl Həsənov Kür çayının üstündəki körpüdə özünü asdı. Mərhumun üzərindən tapılan məktubdan məlum olur ki, intiharın səbəbi kredit borclarını ödəyə bilməməsidir. Dəhşətlisi budur ki, Cəbrayıl Həsənov Qarabağ qazisidir və hal-hazırda oğlu da hərbi xidmətdədir.

Göründüyü kimi miylardları havaya sovuran, ermənilərin xərcini ödəməyə razılıq verən, Avropanın müxtəlif yerlərində xeyriyyə layihələri həyata keçirən hakimiyyət, öz vətəndaşına, xüsusən də şəhid ailələrinə, Qarabağ qazilərinə qarşı amansızlıq edir. Şəhid ailələrinin qanuni haqqı verilmirsə, Qarabağ qaziləri ağır sosial vəziyyətin qurbanına çevrilirsə, bunun birbaşa günahkarı hakimiyyətdir. Hakimiyyət açıq şəkildə vətəndaşa pul xərcləməkdən, onun haqqını verməkdən imtina edir.
Son baş verənlərə AXCP sədri Əli Kərimli və Milli Şuranın digər üzvləri də sərt münasibət bidlirdilər və hakimiyyətin mahiyyətini ortaya qoydular.

Milli Şuradan verilən məlumata görə, 15 mart mitinqinə şəhid ailələri və Qarabağ qaziləri də dəvətlidir.  Hətta onların üzləşdiyi problemlər, hakimiyyət qarşısında tələbləri mitinqin qətnaməsinə də salınacaq. Milli Şura hesab edir ki, şəhid ailələri və Qarabağ qazilərinə qayğı göstərmək, onların taleyinə biganə qalmamaq vicdan borcudur.  Çünki, bu insanlar ölkənin ərazi bütövlüyü uğrunda vuruşublar, öz sağlamlıqlarını, həyatlarını vətən naminə qurban veriblər.

Akif