Parodiya vurğunları

elnurastanbeyli@gmail.com
 
Rejim dəyərli həmkarımız Xədicə Ismayıla özünə məxsus “8 mart hədiyyəsi” verməyi sevir. Üç il əvvəl Beynəlxalq Qadınlar günündə o, məlum videoşantaja məruz qalmışdı. Dünənsə Xədicə xanımın həbs müddəti iki ay artırıldı. Səbəb aydındır: ortada onun həbsini əsaslandıracaq sübut yoxdur. Odur ki, həbs müddətini uzatmaqla vəziyyətdən müvəqqəti də olsa, çıxmağa çalışırlar. Əlbəttə, rejim üçün ən absurd bir ittihamnamə hazırlayıb onu məhkəməyə göndərmək üçün heç bir hüquqi və əxlaqi baryer yoxdur, amma hər halda sabah, birigün diqqət mərkəzində olacaq bir məhkəmə-məzhəkədə mümkün olduğu qədər inandırıcı görünmək istəyirlər, oradan maksimum az itki ilə çıxmağa çalışırlar, ona görə də həbs müddətini saqqız kimi dartıb uzatmaqla dişə dəyən “ittiham” tapacaqlarına ümid edirlər.
Yeri gəlmişkən, mən 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə xanımları təbrik edərkən bu gün Xədicə Ismayıl və Leyla Yunusun qondarma ittihamlarla həbsdə olduğunu unutmamağa çalışıram. 21-ci əsrdə insanların siyasi intiqam duyğusu ilə, şərlənərək, sifarişli şəkildə həbs edilməsi böyük ayıbdır, qadınların həbs edilməsi isə ikiqat utancvericidir. Tarix bunu, əlbəttə, unutmayacaq və layiq olduğu qiyməti verəcək. 
Ölkədə hüququn üstünlüyü, qanunların aliliyi adına heç nədən danışmaq mümkün olmadığı halda dünən Ombudsman Elmira Süleymanovanın Milli Məclisdə hesabatla çıxış etməsi isə çox ironik görünür. Mən Elmira nənənin hesabatında nələr yazıb-qaraladığını bilmirəm, amma təsəvvür edirəm. Şübhə yoxdur ki, o, qorumalı olduğu dəyərlərin, insan haqq və azadlıqlarının deyil, rejimin mövqeyindən hesabat verib, Azərbaycanın “hüquqi-demokratik inkişafını” o ki var tərifləyib. 
Başqa cür də ola bilməz.  
Axı mübahisə etmək mənasızdır ki, Allah qoymasa, guya insan haqları üzrə müvəkkillik etməli olan Ombudsman institutunun Azərbaycanda nə qədər qeyri-funksional, əhəmiyyətsiz bir işə çevrildiyini demək artıqdır. Bu instiitutun yaradılması Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər sırasına daxil idi, amma digər öhdəliklər necə yerinə yetirildisə, bu da elə. ITV nə qədər Ictimai Televiziyadırsa, Ombudsman da o qədər Ombudsmandır. 
Ümumiyyətlə, mənim üçün “Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər” söhbəti get-gedə bütün ciddiliyini itirir. Artıq biz “Avropa Şurasının Azərbaycan qarşısında götürdüyü öhdəliklər”dən – saxta seçkilərə “demokratik don” geyindirmək vəzifəsindən, qanunsuz, siyasi həbslərlə bağlı sadəcə “narahat” olmaqla kifayətlənmək missiyasından və s. və i. bəhs edə bilərik. Başqa cür ola da bilməz. Kürü kimdədirsə, haqlı və güclü olan da odur. Vəssalam. Yoxsa demokratiya, hüquq, azadlıq. Boş söz yığınları. Şair demişkən, “kimi aldadırsan, a zalım oğlu”.
Mənim “Avropa Şurası qarşısında götürülən öhdəliklər” arasında bəyəndiyim, saydığım sadəcə Bakıda mer seçkisinin keçirilməsi ilə bağlıdır. Səbəb – belə bir seçkinin indiyədək keçirilməməsi! Saxta seçki keçirib, ITV, ya da Ombudsman Aparatı kimi gülməli, mənasız Böyük Şəhər Bələdiyyəsi yaratmaqdansa, onun yerli-dibli yaradılmaması daha səmimi görünür. 
Düzü, ara-sıra Avropa Şurasının üzvü olan ölkələrin paytaxtları arasında Bakının hələ də mer institutunun yaradılmadığı yeganə şəhər olmasından giley-güzar edənləri başa düşmürəm. Bu nədir – sadəlöhvlük, yoxsa adamları ələ salmaq? Hüququn işləmədiyi və azad seçkinin olmadığı ölkədə nə merbazlıqdır axı? Guya Hacıbalanın adının qarşısına “icra başçısı”, yoxsa “mer” yazılmasının fərqi var?!
Unutmayın: Avropa Şurası qarşısında götürdüyümüz ən yaxşı, ən hörmətli öhdəlik – məhz yerinə yetirilməyən öhdəlikdir.
Parodiyalara vurğunluqdan, imitasiyalara aşiqlikdən əl çəkmək lazımdır. Qoy hər şey əslində necədirsə, elə də görünsün.