Heç düşünmüsünüzmü ki, dükan-bazarda qarşılaşdığınız yüksək qiymətlər necə müəyyənləşir?

Xırda ticarətçini nə qədər sıxsan da, bahalaşmanın qarşısı alınmaz

Bakının Avropanın ən bahalı şəhərlərindən biri olduğunu əksəriyyət bilir. Heç o barədə düşünmüsünüzmü ki, bazarda, dükanda qarşılaşdığınız bu yüksək qiymətlər necə müəyyənləşir? Axı vaxtaşırı eşidirsiz ki, filan malı İranda, digər malı Türkiyədə, başqa birini Gürcüstanda, Rusiyada, Dubayda, Çində, hətta Avropa dövlətlərində nə qədər (bir çox hallarda dəfələrlə) ucuz almaq olar. Nə baş verir? Niyə bütün dünyada ucuz olan mallar bizdə daha bahadır?

Birinci səbəb odur ki, ölkədə satılan əksər məhsulların üzərində monopoliya var. Ticarətçilərdən soruşun, onlar sizə desin ki, hansı məhsulların ölkəyə gətirilməsində monopoliya hansı vəzifəli şəxsə məxsusdur. Beləliklə, dünya bazarında kifayət qədər ucuz qiymətə satılan malı bizdə ölkəyə başqa şəxslər gətirə bilmədiyi üçün monopolist ona ölkə daxilində istədiyi qiyməti qoyur.

Yeri gəlmişkən, eyni qayda Azərbaycanın özündə də istehsal olunan mallara aiddir. Axı istehsalda da monopoliya var. Bir oliqarxın istehsal etdiyi maldan sizin biriniz, sadə insanlar fabrik tikib istehsal edə bilərmi? Təbii ki , yox.

Amma məsələ yalnız monopoliya ilə bitmir. Malın monopolist tərəfindən onsuz da şişirdilmiş qiymətinin də üstünə rəsmi və qeyri-rəsmi gömrük rüsumlarını gəlin. Onun da üstünə rəsmi və qeyri-rəsmi vergiləri gəliin. Yenə bitmədi. Üstünə gəlin ticarətçinin güc strukturlarına və digər dövlət idarələrinin vəzifəli şəxslərinə verdiyi rüşvəti. Bu axırda yazdığım digər strukturlar söhbəti sizə qəribə gəlməsin. Bir neçə il bundan əvvəl tam təsadüfən bir məclisdə həmsöhbət olduğum bir iş adamı bu rüşvət mexanizmini mənə detallı şəkildə danışdı. Yazı daha da uzun alınmasın deyə, təfərrüatları yazmıram. Amma həmin şəxs deyirdi ki, o öz restoranını işlədə bilmək üçün (hələ burada xaricdən mal gətirmək söhbəti yoxdur ha) 14 dövlət orqanına rüşvət verirmiş.

Bütün bunları indi niyə xatırladım? Hökumətin guya süni bahalaşmaya qarşı mübarizə apardığı, qiymətlərin aşağı salınması üçün səylər göstərdiyi haqda hakimiyyət mediasında gedən reportajlar var ha, onlara aydınlıq gətirmək istədim. Bizim ticarət obyektlərində rast gəldiyimiz qiymətdə pərakəndə ticarətlə məşğul olanların payı olsa-olsa 10-15 faizdir. Hökumətin də gücü ancaq onlara çatır. Həmin xırda ticarətçini nə qədər sıxsan da, bahalaşmanın qarşısı alınmaz. Uzaqbaşı, ticarətçiyə malın üzərinə ona aid olan 10-15 faizi də qoymağa imkan verməyəcəklər, o da daha ticarətlə məşğul olmayacaq. Bu dəfə də bahalıq öz yerində, üstəlik mal qıtlığı yaranacaq.

Beləliklə, monopoliyanın qarşısı alınmasa, gömrüyə, vergiyə qanunsuz ödənişlərin toplanması, digər dövlət orqanlarının vəzifəli şəxslərinin rüşvət alması dayandırılmasa, qiymətlər qalxa-qalxa gedəcək. Bəs bunu hökumət edərmi? Durdurarmı monopolistləri, vəzifəli şəxsləri? Öz xoşları ilə etməzlər. Çünki bu ölkədə hakimiyyət həmin monopolistlərə, rüşvət toplayanlara məxsusdur. Amma xalqdan qorxsalar, edərlər. Etməyə məcbur olarlar. Bu da o zaman ola bilər ki, kütləvi şəkildə hamımız hökumətə bu gəlirlə bu qiymətlərə dözə bilmədiyimizin mesajını verək. Dinc etiraz hüququmuzdan istifadə edək. İstəyirsizmi, hökumətə bu mesajı verəsiniz? Buyurun, Milli Şuranın 15 martda, saat 15-də, Məhsul stadionunda (İnşaatçılar metrostansiyası yaxınlığında) təyin etdiyi razılaşdırılmış ‪#‎talanason‬ mitinqinə gəlin və hökumətə öz mesajınızı çatdırın.