Dünən Qarabağ şəhidinin qardaşı Cəbrayıl Həsənov bank kreditlərinin ağırlığına dözməyib intihar edib. Sabirabad rayonundan olan Cəbrayıl Həsənov Kür çayının üstündən keçən körpünün altında özünü asıb. Cəbrayıl Həsənovun oğlu da hazırda əsgərdir, vətənin keşiyindədir. Mərhum ailə üzvlərinə yazdığı məktubda qeyd edib ki, banklara olan borcunu ödəyə bilmədiyindən, çarəsizlikdən intihar etmək qərarına gəlib.
Nəzərinizə çatdırım ki, mövcud qanunvericiliyə görə, hər bir şəhid ailəsinə 11 min manat sosial sığorta haqqı ödənilməlidir. 13500 şəhid ailəsi 1994-cü ildən bu yana onlara verilməli olan sığorta pulunu ala bilmirlər. Sonuncu dəfə şəhid ailələri və Qarabağ qaziləri bu ilin 13 fevralında Milli Məclisin qarşısında etiraz aksiyası keçirib, həmin pulu tələb etmişdilər.
Bəlkə də Cəbrayıl Həsənov ailələrinə çatası bu pulu vaxtında alsaydı, heç bankların kredit əsarətinə də düşməzdi. Amma indi rejim rəhbərləri belə məsələləri fikirləşmirlər. Onların hazırda öz aləmlərində daha vacib qayğıları var. Ermənistandan Bakıya Avropa Yay Oyunlarına gələcək idmançıların və yardımçı heyətin xərclərini ödəmək üçün pul toplayırlar.
13500 nəfər şəhid ailəsinin sosial sığortasına nəfsini salıb, erməni idmançılara hesab verənlər üstəlik utanmadan hər yerdə ermənipərəst axtarırlar. Eybi yox, qoy bu da olsun əsrin həyasızlığı.


