“Sizə zarafat gəlməsin, hazırda Milli Məclisdə YAP-dan sonra ən böyük və yeganə qrup məhz keçmiş cəbhəçilərdir. Orada müxbirlik edən(!) həmkarlarımızın müşahidələrinə görə onların bir-birilə münasibətləri çox yüksək səviyyədədir, parlament binasında qrup halında gəzir, naharda və fasilələrdə bir otururlar. Yapçılarla isə, yalnız dar koridorda üz-üzə gələndə könülsüz salamlaşırlar, eyni mövqedə olsalar da, aralarında şəxsi zəmində büruzə veriləcək dozada rəqabət hiss olunur. Bu da səbəbsiz deyil.
Sıravi yapçı deputat üçün “keçmiş cəbhəçi” sözün əsl mənasında bir kabusdur, ən azı ona görə ki, onlar çoxaldıqca bu partiyanın mandatı azalır. YAP-ın bir-iki “bərkgedən” deputatı istisna olmaqla, qalanları daima bu təhlükə ilə yatıb-durur. Hər şeyə rəğmən, Milli Məclisin qapıları həmişə cəbhəçilərin üzünə açıqdır. Yetər ki, AXCP-ni tərk et, sədrinə böhtan at, keçmiş əqidədaşlarını sadəlövh və axmaq adlandır, bir sözlə, şok açıqlamalarınla cəmiyyəti qandır, gəl mandatını götür…
Hər beş ildən bir iqtidar AXCP-nin qarşısında “palatka”ya bənzər bir şey quraşdırır və ilk baxışda könüllü görünən “volontyor”lara partiya və onun sədrinin üzərinə gedir.
Cəmiyyətdə AXCP-yə qarşı cihadın cənnətini də müəyyənləşdiriblər. Düz tapdınız, bu, Milli Məclisdir. Kampaniyasını(!) uğurlu aparan oraya düşəcək. Hazırda bu mücadilədə hər gün yeni adlar peyda olur. Rauf Arifoğlu, Eynulla Fətullayev, başda Qüdrət Həsənquliyev olmaqla Milli Məclisdə özünü “narahat” hiss edənlərin bir neçəsi. Hamısının seçkiqabağı “platforması” eynidir – AXCP və onun sədri Əli Kərimli…
Yuxarıda adlarını çəkdiyim şəxslər məndən inciməsin, amma onların şansı o qədər də yüksək deyil. Hazırda həmişə olduğu kimi ən şanslı namizəd yenə “bizimkidir”. Hamını “şoka salmaqda” davam edən bu “fərasət nümunəsi”, rəqibi olan baş redaktorun qəzetini, demək olar, öz blindajına çevirib. Keçmiş təşkilatına qarşı “diversiya”ları məhz bu “səngər”dən həyata keçirir.
Yəqin bir çoxlarınız belə düşünür ki, iqtidar bəzi müxalifətçilərə şirin vədlər verərək, yaxud da təhdid və şantaj edərək, onları öz keçmiş silahdaşlarına qarşı çevirir. Xeyr, bu qətiyyən belə deyil, rejim ehtiyat etdiyi siyasətçilərlə bildiyiniz formada davranır. Yuxarıda bəhs etdiyim kateqoriyadan olanların, demək olar, hamısı özünü könüllü şəkildə hakimiyyətin qucağına atanlardır. Ümid edirəm, dəyərli oxucular, 25 ildir müxalifətdə olan və bundan zərrə qədər də peşman olmayan birisi kimi mənə inanacaqlar…
Yəqin siz də mənimlə razılaşacaqsınız, savadlı bir şəxsin YAP-ın sıralarına daxil olub, istədiyi karyeranı qurması üçün bir ömür belə yetməz. Mandatların və kresloların əksəriyyətinin ömrü onu gəzdirən və oturanların ömrünə indeksləşdirilib. Bu yaxınlarda dalbadal… beş dəfə deputat olan Madər Musayev (bu adamın deputat olduğunu bilirdinizmi? – X.Ə.) mətbuata açıqlama verdi ki, Allahın köməkliyi ilə altıncı dəfə (!) seçilmək istəyirəm. Niyə məhz Allahın? Ona görə ki, yerdə heç bir maneə-filan, etiraz-zad yoxdur, müdaxilə yalnız ilahi qüvvələr tərəfindən ola bilər.
…Belə bir şəraitdə ən qısa və loru dildə desək, kəsə yol müxalifət sıralarından, dəqiq desək, AXCP-dən keçir. Sınanmış variantdır. Prosesi xırdalamıram, onsuz da bunun necə keçdiyini məndən də yaxşı bilirsiniz. Yalnız onu deyə bilərəm ki, səninlə adi yapçının yuxusuna girmədiyi vəzifəlilər təmasa keçir və deyir ki, adə döşə, səni dəstəkləyirik və haqqında yaxşı fikirdəyik. Sonda ənənəvi olaraq, belə bir “quş” da buraxırlar ki, “səni Milli Məclisdə görməkdən məmnun olardıq”. Yəni, bildiyiniz, cihadın cənnət mükafatı…
Maraqlı bir tamaşaya yenidən start verilib. Sonda kimlərsə “razı”, yaxud da “narazı” qalacaq. Bu işin qaydası belədir, bacardığını etməlisən və oturub gözləməlisən.
Fikir vermisinizsə, AXCP-dən gedənlərdən hamısı rejimə qarşı müxalifətdə qalacaqlarına az qala and içirlər. Və ən maraqlısı odur ki, təxminən 40 gündən sonra vədlərini unudurlar…