Bakı Apelyasiya Məhkəməsi tanınmış hüquqşünas Aslan Ismayılovun “Hyatt Regency” otelinə qarşı iddiasını qismən təmin edib. Bu barədə “Azadlıq”a Aslan Ismayılovun özü məlumat verib:
“Martın 5-də hakim Saqi Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ”Hyatt Regency" oteli tərəfindən istehlakçı hüquqlarımın pozulması nəticəsində mənəvi zərərin əvəzi olaraq 1 000 manat pulun cavabdehdən tutularaq mənə ödənilməsi təmin edilib. Həmçinin iddia tələbi üzrə istehlakçı hüquqlarımın gələcəkdə pozulması hallarının qarşısının alınması məqsədilə “Hyatt Regency” otelinin “Oazis” idman zalının SPA otağında, saunanın qarşısında istirahət üçün nəzərdə tutulmuş yerlərdə telefonla danışmağın qadağan edilməsi, su hovuzunun kənarında çay məclislərinin təşkil edilməsinin qadağan edilməsi, idman zallarının istirahət yerlərində həzin musiqinin davamlı olaraq səsləndirilməsinin təmin edilməsi, su hovuzuna daxil olmazdan öncə müştərilərin duş qəbul etməsinin (təmiz halda hovuza daxil olmasının) təmin edilməsi, saunada geyim əşyalarının (alt paltarları və s.) qurudulmasının qadağan edilməsi, xarici klassik musiqiçilərin ifasından daha çox yerli klassiklərimizin (Üzeyir Hacıbəyov, Qara Qarayev, Vasif Adıgözəlov, Emin Sabitoğlu, Cövdət Hacıyev və s.) musiqilərinin səsləndirilməsinə üstünlük verilməsi, idman zalında müştərilərin ucadan danışmağının qadağan edilməsi, istehlakçılar (müştərilər) arasında ayrı-seçkiliyin qarşısının alınması və bərabərlik hüququnun təmin edilməsi məqsədilə idman kompleksində fəaliyyət göstərən “VIP” otaqlarının bütün istehlakçıların ( müştərilərin) istifadəsinə verilməsi təmin edildi".