
Manatın devalvasiyası Bakı sakini Ramizi çətinə salıb. Keçən ilin sonlarında götürdüyü kreditə görə fevrala qədər ayda 200 manat ödəyən Ramiz indi 270 manat ödəmək məcburiyyətindədir. “Maaş yerində durur, krediti bank 70 manat qaldırıb. Ev sahibi də kirayəni 250 manatdan 300-ə artırıb. Üstəgəl, bəzi ərzaqlar da bahalaşıb. Qorxuram krediti ödəməkdə çətinliyə düşəm”, – deyə 35 yaşlı ailə başçısı ANS PRESS-in əməkdaşı ilə söhbətində bildirib.
İndiyə kimi bir neçə dəfə kreditə girərək kompüter, televizor və telefon kimi vacib əşyalar almış gənc ailə başçısının kredit tarixçəsi həmişə əla olub. Son kreditində də elə olacağını düşünürdü, hər halda, yüksək və etibarlı maaşı krediti ödəməyə imkan verməli idi. Amma, maləsəf, bu alınmayacaq. Çünki Ramiz krediti dollarla götürüb və ayda 255 dollar ödəməlidir.
Bu amili nəzərə alan Ramiz krediti dollarla götürdüyünə indi çox peşmandır. “Manat dollara baxanda gündən günə möhkəmlənirdi. Bank operatoru mənə dollarla kredit təklif edəndə dərhal razılaşdım. Mən nə bilim ki, iki aydan sonra Mərkəzi Bank manatı 35 faiz ucuzlaşdıracaq. Yəqin bankın bu məsələdən xəbəri varmış. Ona görə krediti dollarla təklif elədi. Əvvəllər krediti dinməz-söyləməz manatla verirdilər”,- deyə dollarla kredit götürməklə ciddi maliyyə problemi qarşısında qalmış Bakı sakini vurğulayır.
Amma ANS PRESS-in araşdırmasına görə, Azərbaycan hüquqi şəxsi olan həmin bankın Ramizə krediti dollarla təklif etməsi və bu cür müqavilə bağlaması ciddi qanun pozuntusudur. Mülki Məcəllənin 439.1-ci maddəsinə görə, Azərbaycan hüquqi və fiziki şəxsləri borcu və ya krediti yalnız manatla verə bilərlər. Maddədə deyilir: “Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər”. Yəni Azərbaycan vətəndaşının yalnız xarici banklardan götürdüyü kreditlər xarici valyutada ifadə edilə bilər.
Amma Mülki Məcəllə bu məsələni də nəzərdən qaçırmayıb və məzənnə dəyişikliyi zamanı Azərbaycan vətəndaşını belə proseslərdən qorumağı da nəzərdə tutub. Məcəllənin 439.1-ci maddəsində deyilir: “Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir”. Maddədən aydın görünür ki, bank indi də Bakı sakini Ramizdən kredit pulunu müqavilə bağlanmış andakı məzənnə ilə, yəni ayda 200 manat səviyyəsində almalıdır. Bankın fevral üçün aldığı əlavə 70 manat ciddi qanun pozuntusudur və müştəri buna görə məhkəməyə müraciət eləməlidir.
Görünür, elə bu səbəbdəndir ki, Mərkəzi Bank da bu cür müştərilərə məhkəmələrə müraciət etməyi tövsiyyə edir. Ali Məhkəmədən də zərər çəkmiş bank müştərilərini dəstəkləyən səslər gəlir. Əslində, bu məsələdə məhkəmə və Milli Təhlükəsizlik Nazirliyinin (MTN) araşdırma aparması çox vacibdir. Çünki bəzi banklar və onlara bağlı valyuta dəyişmə məntəqələri manatın rəsmi məzənnəsinin 35 faiz ucuzlaşması ərəfəsində ciddi cinayətlərə yol verdilər. Rəsmi məlumata görə, 3-4 gün ərzində məntəqələrdə 2 milyard dollara yaxın valyuta satılıb. Əslində isə həmin gün əksər valyuta dəyişmə məntəqələri işləməyib. Faktiki olaraq həmin pullar əlində iri nağd vəsaitlər olan cinayət qruplaşmalarına transfer edilib. MTN məntəqələrin kamera görüntülərini və kassa qeydlərini araşdırmaqla real satışı müəyyən edə bilər. Həm də istintaq apararaq manatın məzənnəsinin dəyişməsi barədə dövlət sirri olan bir niyyətin cinayət qruplaşmalarına necə sızmasının trayektoriyasını öyrənə bilər.
Bu məsələ istənilən halda bazara təsir edib və sıravi vətəndaşların çoxu hökumətin hansısa addımına ümid edərək kreditləri ödəməyi gecikdirirlər. İqtisadçı ekspert Samir Əliyev məhz bu məsələni nəzərə alaraq cari ildə problemli kreditlərin həcminin daha çox artacağını və bu məsələdə əsas rolu dollarla verilmiş kreditlərin oynayacağını bildirir. “Son bir ildə, yəni 2014-cü ilin yanvar ayından 2015-ci ilin yanvar ayına problemli kreditlər 26 faiz artıb. Halbuki kredit qoyuluşları cəmi 20 faiz artıb. Problemli kredit artımı manatla verilən kreditlərin hesabına baş verib. Söhbət fevralın 1-ə kimi olan vəziyyətdən gedir. Həmin müddətdə dollarla verilmiş problemli kreditlərin həcmi azalıb. Problemli kreditlərin 80 faizi manatla verilmiş kreditlərin payına düşür. Bu, çox yüksək göstəricidir”, – deyə iqtisadçı ekspert ANS PRESS-ə bildirib.
Onun fikrincə, hökuməti oxşar problemi yaşamış Rusiya və Ukraynanın təcrübəsindən yararlanaraq xarici valyuta ilə verilmiş kreditləri milli valutayaya keçirə bilər: “Rusiyada xarici valyuta ilə verilmiş ipoteka kreditləri 1 oktyabr 2014-cü il tarixdə olan məzənnə ilə, yəni 1 dollar 39,4 rubla bərabər götürürlərək rəsmiləşdirildi (indi dollar 62 rubla bərabərdir). Ukraynada isə dekabr ayında Mərkəzi Bankla kommersiya bankları arasında imzalanmış memoranduma görə, istehlak və ipoteka kreditləri üçün 2014-cü il yanvarın 1-ə olan məzənnə əsas götürüldü. O vaxt 1 dollar 70,99 qrivnaya bərabər olub (indi 1 dollar 357 qrivnadır – red.)”.
Lakin Samir Əliyevin sözlərinə görə, məsələnin bu cür kəskin qərarla həll edilməsi bir sıra problemlər yaradacaq: “Əgər vətəndaş kreditləri köhnə məzənnə ilə qaytarırsa, o zaman bank dollarla olan əmanətləri də köhnə məzənnə ilə qaytarmalıdır. Dollarla əmanət qoyan vətəndaş da buna razılaşmaz”.
İqtisadçı ekspert ikinci problem kimi Azərbaycan banklarının xarici banklar qarşısında olan öhdəliklərini göstərir: “Təkcə məzənnə dəyişməsindən bankların xarici borclara görə 1 milyard manat zərəri yaranıb. 1 milyard manata qədər zərər isə dollarla qoyulmuş əmanətlərə görədir”.
Samir Əliyevin fikrincə, dövlət bu məsələyə müdaxilə etməlidir və əsas hədəf sadə vətəndaşları əhatə edən istehlak kreditləri olmalıdır. “Dollar kreditləri ümumi kreditlərin 30 faizini təşkil edir. Bunun da yalnız 35 faizi istehlak kreditləridir. Söhbət 2,3 milyard dollarlıq vəsaitdən gedir. Dövlət məhz bu istehlak kreditlərin qaytarılmasında yaranan fərqi öz üzərinə götürməlidir. Təxmini hesablanma ilə 350 – 400 milyon manat vəsaitdən söhbət gedir. Dövlət müxtəlif mexanizmlərlə bu vəsaiti banklara verə bilər. Vergi güzəşti və ya birbaşa yardım da ola bilər. Banklara yardım ucuz, məsələn 1-2 faizlik kreditlərlə edilə bilər. İstənilən halda, dövlət bu məsələyə görə kompensasiya verməlidir. Əks halda, Azərbaycanın bank sistemi çökə bilər”,- deyə iqtisadçı ekspert vurğulayır.