Hakimiyyətin mitinq narahaçılıqı davam edir. Artıq yandaş mediyada aparılan anti-mitinq təbliğatının, "cib müxalifəti" səviyyəsində qaralam kampaniyasının təsirsiz olduğunu hiss edən hakimiyyət, indi də mitinq təşkilatçılarına, mitinqi təbliğ edənlərə təzyiq etməyə başlayıb. Səhər saatlarında mitinqin təşkilatçılarından olan AXCP sədrinin müşaviri Məmməd İbrahim saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə aparılmışdısa, axşam saatlarında isə bir qrup polis AXCP GK-nin üzvü, mitinqin fəal təbliğatçılarından olan Fuad Əhmədlinin yaşadığı ünvana gələrək, onun haqqında məlumat toplayıblar. Gənc fəal isə ozünün "facebook" səhifəsində belə təzyiqlərin onu haqq bildiyi yoldan döndərməyəcəyini,mübarizəni davam etdirəcəyini yazıb:
"Qeyd edim ki, az öncə qeydiyyatda olduğum yaşayış ünvanıma bir qrup polis əməkdaşı gəlmiş, mənim mobil nömrəm, yaşayış ünvanım, və ailə tərkibim haqqında məlumat əldə etmişlər. Daha sonra onların bizə yollanması haqqında məlumat aldım. Bunun siyasi partiya fəaliyyətim, ictimai fəallığımla birbaşa əlaqəli olduğunu düşünürəm və açıq şəkildə bəyan edirəm ki, həbs olunacağım təqdirdə haqqımda çıxarılan qərar və ittiham nə olmasından asılı olmayaraq saxtadır və heç bir hüquqi əsası yoxdur. Bunu yaxınlarım da təsdiq edə bilər ki, təxribati meyilliyim, narkotik istifadəm yaxud da başqa cinayət tərkibli əməlim yoxdur. Nəticənin nə olmasından asılı olmayaraq məqsədim ölkədə hüquqi cəmiyyətin qurulması, konstitusiya ilə idarə olunan vətəndaş cəmiyyətinin yaranması və ölkəmin rifahıdır. Uğurlar hər birinizə, mübarizəyə davam".