Mütləq nəsə etmək lazımdır! Yazıq-fəqir duruma düşmüşük vallah… Intiharlar artıb, ətrafdan üzümüzə qara şüalar saçılır. Insanlarımız bədbinləşib. Əksəriyyət insanlıq missiyasını unudub. Dəyərlər gün-gündən Malayziya təyyarəsi kimi itir və tapılmır. Azadlığımız məhdudlaşdırılır. Bir çoxumuz bu qədər monotunluğun içində qismən azad olan internetdə və sosial şəbəkələrdə elə qismən rahatlıq və xoşbəxtlik tapır, sözünü-problemini bölüşə və yaya bilirik. Təəssüf ki, ora da bir çox hallarda öz əks təsirini göstərir iradəcə zəif cəmiyyətimizə.
Ölkə insanı senzurasız və obyektiv informasiya üçün yerli telekanallara yox, internetə və sosial mediaya üstünlük verir. Burda alınan məlumatlardan yeni, azad ictimai fikir, rəy formalaşır.
Ictimai rəy ictimai şüurun elə təzahürüdür ki, burada böyük sosial qrupların, bütövlükdə xalqın aktual hadisələrə münasibəti (yaxud onları qiymətləndirilməsi) əks olunur. Həmin qrup və təbəqələr ictimai rəyin ifadəçiləridir. Ictimai rəy sosial nəzarəti, geniş kütlələrin davranışını və praktik fəaliyyətini nizama salmağın səmərəli vasitəsidir, xalqın özünüidarəetmə sisteminin ayrılmaz ünsürüdür.
Sosial şəbəkələrdə ictimai rəy çərçivəsinin miqyası genişlənir. Ictimai rəyi formalaşdıranlar xalq üzərində müəyyən təsir və nüfuza malik siyasi partiya liderləri, vətəndaş cəmiyyətinin və ictimai sektorun fəalları, ziyalılar və yazıçılardır.
Bu gün Azərbaycan cəmiyyəti mürəkkəb böhran yaşayır. Böyük əksəriyyət durğunlaşıb, süstləşib. Fəal kütlə arasında isə ziddiyyətlər mövcuddur. Insanlar ifrat dünyəviliklə ifrat mühafizəkarlıq arasında seçim edir. Bu ziddiyyətin qaynağı isə plüralizmi (çox fikirlilik) qəbul etməməkdir. Plüralizm cəmiyyətdə demokratik işartıları alovlandırır, ictimai həyatı canlandırır, fərqli fikir və fərqli düşüncələrin meydana gəlməyinə vasitəçi olur. Cəmiyyət özü həm də bir qlobal idealizmin təşnəsindədir.
Insanları bu monoton həyat tərzindən çıxarıb, orijinal və rəngarəng həyat vermək əsas zərurətdir. Bunu isə vətəndaş həmrəyliyi ilə həyata keçirmək lazımdır. Həmrəyliyi təmin etməkdə əsas çarə bizdə yerli-dibli olmayan maarifçilikdir. Məhz maarifçilik sayəsində cəmiyyət immunitetini artıra bilər. Maarifçiliyi tətbiq etməyə yerli televiziya kanallarının “vaxtı” yoxdur. Onlar öz mahiyyətlərini unudublar. Ona görə bu vəzifə düşür sosial medianın üzərindən informatlar üçün, ictimai rəyi formalaşdırmaq qabiliyyəti olanların üzərinə. Süni gündəmlər yaradıb, geriləyən cəmiyyətimizi daha da inkişafdan saxlamayın. Yeni tutarlı ictimai rəy formalaşdırıb hər kəsi bu işə səfərbər etmək gərəkdir.
Ictimai rəy cəmiyyəti idarəetmənin demokratik vasitəsi olub, əhalinin müxtəlif qruplarının mənafelərinin, əhval-ruhiyyəsinin konkret sosial-psixoloji formada ifadəsi kanalıdır. Ona görə də, demokratiyanın inkişaf etdiyi ölkələrdə ən müxtəlif ictimai problemlərin həllində ictimai rəyin müntəzəm surətdə nəzərə alınması vacib prinsiplərdən biri sayılır.
Azərbaycanın soyuq və bulanıq sularında gizlənmiş təhlükəli aysberqləri görən vicdanlı insanlar təcili surətdə hərəkətə keçməlidir. Dünyaya yeni gözlə baxan, müasir təfəkkürlü yeni bir nəsil yetişdirmək missiyası əsas şərtdir. Yoxsa gələcək nəsillər bu cür cəmiyyət qoyub, getdiyimiz üçün bizi lənətləyəcək .
Sabahkı Azərbaycanı yaşamaq zövqünü tərk edib, yaşatmaq eşqinə könül verən, səbirli, əzimli, nümayişkaranəlikdən uzaq və səmimi könüllüləri xilas edəcək. Şəxsi maraqlarımızı, eqolarımızı bir kənara buraxmaq, cəmiyyət üçün xidmətə başlamağın vaxtıdır.
Sual yarana bilər necə? Imkanlı şəxslər hərəkətə keçməlidir. Kommersiya qoyub imkanı olmayanlar üçün pulsuz tələbə yataqxanaları, kompyuter, fənn və dil kursları, ailə institutları, əlillərin cəmiyyətə inteqrasiyası üçün azad, şəffaf psixoloji xidmət evləri açmalıdırlar. Özəl kitab nəşriyyatlarına maddi dəstək olmaq olar ki, kitablar ucuz satılsın, xarici ədəbiyyatı öz dilimizdə oxuyaq. Kitab sektoru inkişaf etsə(hər tərəfli), artıq təbii olaraq qütbləşmə və mədəniyyətsizliyin səviyyəsi aşağı düşəcək.
Bu yazılanlar gəlişi gözəl sözlər, cazibədar fikir və ya utopiya kimi görsənə bilər. Lakin bu məmləkətdə vətəni-milləti sevən minlərlə vicdanlı, dürüst, yaxşı insanlar var. Allah onların səmimiyyətinə və sevgisinə xatir bizə kömək olacaq. Mən inanıram. Hər şey yaxşı olacaq.


