Uzun müddətdir Azərbaycan-ABŞ münasibətlərində gərginlik hökm sürür. Daha dəqiq desək Azərbaycan hakimiyyəti bütün resursları ilə anti-Qərb kampaniyası aparır və bu kampaniyanın əsas hədəfi ABŞ-dır. Amma ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın Azərbaycan səfərindən sonra münasibətlərin normallaşacağı təəssüratı yarandı və tərəflər arasında müəyyən razılaşma da imzalandı.
Lakin ABŞ-ın nüfuzlu qəzeti “The Washington Post”un Azərbaycan hökumətini sərt tənqid etməsi Bakının dərhal reaksiyasına səbəb oldu. Belə ki, dövlət qəzeti “Azərbaycan” və hakim Yeni Azərbaycan Partiyasının mətbu orqanı “Yeni Azərbaycan”ın ABŞ-ın və bu ölkənin prezidenti Barak Obamanın ünvanına kəskin ittihamlar yer almış məqalələr dərc etdilər.
“Azərbaycan” qəzetində dərc olunan “ABŞ-da məhkəməsiz həbs olunmaq” başlıqlı yazıda Barak Obama despot adlandırılır, onun dünyaya qan uddurmaq siyasəti yeritdiyi iddia olunur. “ABŞ Prezidenti Barak Obama güclü hegemonluq və despotizm əlamətləri nümayiş etdirir. Öz milli hüquqlarını qorumaq, müstəqilliyini gücləndirmək, Amerikadan fərqli yanaşma nümayiş etdirmək istəyən dövlətlər, xüsusilə də müsəlman ölkələri ciddi təzyiqlərə məruz qalır. Həmin ölkələrdə hakimiyyət çevrilişləri həyata keçirilir, vətəndaş qarşıdurması stimullaşdırılır, bütün bunlar nəticə vermədikdə isə onlara qarşı birbaşa hərbi təcavüz edilir. Bu gün Əfqanıstan, Iraq, Liviya, Suriya, Misir və digər ölkələrin xalqları ”demokratiya" və “rifah” adı altında yürüdülən siyasətin fəlakətli nəticələrinə görə cənab Obamaya “minnətdar” olmalıdırlar",- deyə məqalədə bildirilir.
“Yeni Azərbaycan”da dərc olunan “Məkrli siyasətin girovu – ”Washington Post" başlıqla yazıda da oxşar ittihamlar yer alıb.
Göründüyü kimi Azərbaycan hakimiyyəti münasibətləri korlamaq üçün fürsət gəzirmiş və ilk tənqidi məqalədən sonra yenidən körpüləri yandırmağa start verilib.
Bu həm də onun göstəricisidir ki, hakimiyyət demokratiya sahəsində hər hansı xırda razılaşmanı da könülsüz qəbul edibmiş və bu məsələləri yeni yaradılacaq şura daxilində müzakirəyə çıxarmaqda maraqlı deyilmiş.
Məsələyə obyektiv yanaşsaq “The Washington Post”un məqaləsi tam haqlıdır. Çünki, Nulandın Bakı səfərindən sonra hakimiyyətin siyasətində hansısa müsbət çalarlar hiss olunmadı. Əksinə, Leyla Yunusun, Arif Yunusun həbs müddəti əsassız olaraq uzadıldı, Xədicə Ismayıla qarşı yeni ittiham irəli sürüldü, cərimələndi, AXCP üzvü Qadir Xudabaxşiyev şərlənərək həbs olundu. Yəni, hakimiyyətin repressiv siyasəti davam etdi və razılaşmaya əməl olunmadı. “The Washington Post” qəzeti də son aylar ölkədə həyata keçirilən repressiyaları işıqlandırdı.
Azərbaycan hakimiyyəti bir daha sübut etdi ki, ABŞ-la münasibətləri öz “ssenari”sinə uyğun qurmaq istəyir. Bu da təbii ki, demokratiya və insan haqlarını güzəştə getməklə bağlıdır. ABŞ isə bunu rədd edir.
Deməli, hakimiyyət nə daxildə, nə də xaricdə demokratiya dialoqu qurmaq fikrində deyil və avtoritar idarəçiliyə sadiqdir.
S.Novruz