Əli Kərimli yenə də “çörək ağacı” rolunda

“Hüseynova bacıları”  təkrar ifaya başlayıblar
 

Heç kimə sirr deyil ki,  atılmışların, satılmışların,  bütün şüurlu həyatını rejimə qurban vernələrin  sevimli bir mövzusu var və bu mövzu Əli Kərimli ilə bağlıdır.  Qeyd edək ki, Əli Kərimliyə qarşı irəli sürülmüş ittihamlar sübuta yetirilsəydi, onu  1500 il həbs cəzası gözləyərdi.  Belə ki, Əli Kərimli cibində qumbara gəzdirməkdən tutmuş, mərhum prezident Əbülfəz Elçibəyin zəhərlənməsinə qədər  çeşidli cinayətlərdə ittiham edilib. Amma hər dəfə bu “ittiham”lar hakimiyyətin başında çartlayıb və gülünc hədəfinə çevrilib.  Həm də hakimiyyət  şər-böhtan ssenarisini  reallaşdıra bilmədiyi üçün sözünün dəyəri də olmayıb.   Hətta siyasətlə məşğul olmayan adamlar da  televiziya ekranlarından, rejim mətbuatından sallanan  “xəbər”ləri ikrahla qarşılayıb. Onu da etiraf etmək lazımdır ki, hakimiyyətin bu iyrənc planları Əli Kərimlinin həqiqi kimliyini, real müxalifət lideri olmasını legitimləşdirib. Yəni, hakimiyyət bütün vasitələrlə “ müxalifət budur” mesajını verib.
Amma bu qədər ifşaya baxmayaraq, Əli Kərimli hələ də orjinal mövzudur  və  çoxları üçün “çörək ağacı”dır.
Bütün bunları ona görə xatırlatdıq ki, son günlər Əli Kərimli yenə də  aktual mövzuya çevrilib.  Hakimiyyətin nəzarətində olan saytlar,  cib müxalifəti,  “qəhrəman” jurnalistlər  Əli Kərimlidən yazmağa başlayıblar.
Bəs, Əli Kərimli mövzusu niyə yenədən aktuallaşıb  və eyni vaxtda hamının yadına düşüb? Bu suala bir qədər sonra cavab verəcəyik. İndi isə ittiham edənlərin bir neçəsinin  “fotorobot”unun cızaq.  Yox, kiminsə adını çəkmək fikrimiz yoxdur.  Biz  “cizgi”ni çəkəndə, siz hər şeyi başa düşəcəksiz.
Dünənə qədər rus qoşunlarını ölkəyə gətirmək təşəbüsü ilə çıxış edən adam, bugün Əli Kərimlini Rusiyaya işləməkdə ittiham edir.  Dünənə qədər  “İlham Əliyevi heç vaxt bağışlamayacam” deyən  şəxs, indi bütün həyatını İlham Əliyevə bağışladığını sübut etmək üçün, Əli Kərimli mövzusuna girişib. Yaxud, öz düşərgəsinə xəyanət edən, əqidəsini rejimin “nəmər”inə satan adam, Əli Kərimlini  AXC-yə xəyanətdə suçlayır.  
Göründüyü kimi  vəziyyət o qədər qəlizləşib ki, öz  ləkələnmiş adlarını Əli Kərimliyə “transfer” etməkdən də  çəkinməyiblər.  Yəni, xərclik almaq üçün, özlərini xərcləməyə də qərar veriblər. Fantaziya tükənib, ağlabatan ittiham yox,  “imtahan” çətinləşib.  “Hüseynova bacıları”  təkrar-təkrar oxumağa başlayıblar.  “Münsiflər heyəti”ndən müsbət rəy almaq lazımdır.
Sanki, Əli Kərimli devalvasiya yaradıb,  süni qiymət artımına səbəb olub, manatın qiymətini öldürüb, ixtisarlara start verib,  əmanətçilərin bank hesabına ciddi zərbə vurub. və.s  
Bəli,  “rejim cəngavərləri” indi  daha çətin tapşırıqla yola çıxıblar və öz aləmlərində bütün  diqqətləri hakimiyyətin üzərindən yayındırmağa  girişiblər.  Daha ağır məğlubiyyət qaçılmaz olacaq. Çünki, heç bir ittiham  hakimiyyətin xalqı aldatması gerçəyini pərdələyə bilməz. Amma bizim  “pul axtaran” komandanın başqa çıxış yolu yoxdur. “Qazıntı”nı davam etməək lazımdır.
Yuxarıdakı sualın cavabına gəlincə, məsələ belədir.  Neftin qiymətdən düşməsi xeyli sayda layihələrin ləğv edilməsinə səbəb oldu. Son günlər isə yaranmış böhran  hakimiyyətin sözçülərini də təhdid etməyə başlayıb.  Artıq  7 hakimiyyətyönlü sayt qapadılıb. Təbii ki, hökumət bunu xoş günündən etməyib, səbəb maddi sıxıntıların artmasıdır.  Deməli, növbə  hakimiyyətdən “şabaş”, “paket” lanalara da çatacaq. Yəni, rejimin “ehtiyat oyunçuları” da  ixtisara düşə bilər. Nəticədə  satılmışlar, atılmışlar  ənamsız qalacaq və lazımsız əşyaya çevriləcək. Belə bir vaxtda “bazar”da qalmaq  mühüm məsələdi və  gündəmi zəbt etmək üçün ən yaxşı “repertuar”  Əli Kərimlini hədəf seçməkdi.   Yoxsa, evə “çörək pulu” aparmaq mümkünsüz olacaq.
Gəlin, sona qədər tamaşa edək və görək “final”a kim çıxacaq. Qızğın mübarizə gedir və ən təsirli böhtançı qalib gələcək. Əminəm ki, Əli Kərimli çox sevinclidir.  Çünki,  ən qatı düşmənləri də onun hesabına dolanırlar.
Akif