DİN vətəndaşın müraciətinə reaksiya verdi

DİN "Azadlıq" qəzetinin dünənki sayında dərc edilən Bakı sakini Oruc Orucovun ölkə başçısı İlham Əliyevə müraciətinə reaksiya verib. Xatırladaq ki, Oruc Orucov müraciətində qonşusunun evini əxlaqsızlıq yuvasına çevirdiyini, polis və prokurorluğun isə onun şikayətlərinə biganə yanaşdığını qeyd edib. DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə "Azadlıq"a deyib ki, Oruc Orucovun ittihamları əsassızdır: "Oruc Orucovun qonşuları barədə polis orqanlarına etdiyi şikayətlərin tam və hərtərəfli araşdırılmaması, əksinə həmin qonşuların müraciətləri əsasında əsassız olaraq  cinayət məsuliyyətinə cəlb  edilməsi barədə müraciəti əsasında Daxili İşlər Nazirliyində xidməti təhqiqat aparılıb. 
Müəyyən edilib ki,  Səbail rayonunda yerləşən kommunal tipli  evdə yaşayan Oruc Orucov ilə qonşuları arasında məişət  zəminində mübahisə yaranıb, onların 2009-cu ildən başlayaraq bir-birləri barəsində çoxsaylı qarşılıqlı ərizələri əsasında nəinki Səbail Rayon Polis İdarəsində və prokurorluğunda, həmçinin DİN və Baş Prokurorluqda da müxtəlif araşdırmalar aparılıb.
Nəzərinizə çatdırıram ki, Oruc Orucovun müraciətləri hüquq-mühafizə orqanları tərəfindən dəfələrlə araşdırılıb. Bununla bağlı təkcə bir faktı xatırladım ki, araşdırmalar nəticəsində hüquqazidd hərəkətlərin müəyyən edilməməsi barədə ona yalnız son 3 ildə 36 dəfə ətraflı cavablar verilib".
Orxan Mansurzadə həmçinin qeyd edib ki, DİN rəhbərliyinin göstərişinə əsasən Oruc Orucov müxtəlif vaxtlarda aidiyyatı üzrə polis bölməsinin, idarənin, sonra isə baş idarə rəisləri və digər rəhbər şəxslər tərəfindən qəbul olunub: "Ona müraciətlərinə baxılmasının nəticəsi bir daha izah edilib, profilaktik tədbirlərin gücləndirilməsi barədə aidiyyəti əməkdaşlara göstəriş verilib. 
Yeri gəlmişkən, araşdırmalarla həmçinin o da müəyyən olunub ki, qonşusunu E. Rudellini döyüb xəsarət yetirdiyinə görə 13.09.2010-cu il tarixdə Səbail rayon prokurorluğunda Oruc Orucov barəsində Cinayət Məcəlləsinin  132-ci maddəsi ilə cinayət işi başlanıb. Həmin cinayət işi Baş  Prokurorluqda öyrənildikdən sonra Oruc Orucov göstərilən maddə ilə  təqsirləndirilən şəxs qismində cəlb edilib, 11.05.2011-ci il tarixdə cinayət işi baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən Oruc Orucov cərimə cəzasına məhkum edilib".