
Koordinasiya Mərkəzinin iclasında Rusiya müxalifətinin aparıcı simalarından olan Boris Nemtsovun qətlə yetirilməsi kəskin pislənilib. Bu münasibətlə müvafiq nekroloqun hazırlanması və baş sağlığının verilməsi qərara alınıb.
Toplantıda eyni zamanda tanınmış jurnalist, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Şahvələd Çobanoğlunun istintaqa çağrılması və onun son 7 illik fəaliyyəti ilə bağlı vergi yoxlamasının aparılmasına dair məhkəmə qərarının çıxarılması hakimiyyətin siyasi sifarişi kimi qiymətləndirilmiş və bununla bağlı Milli Şuranın etiraz bəyanatının hazırlanması qərara alınıb.
İclasda tanınmış hüquq müdafiəçisi Leyla Yunusun və onun həyat yoldaşı, politoloq Arif Yunusun həbs müddətinin uzadılması, araşdırmaçı jurnalist Xədicə İsmayılla bağlı həbsxanada qapalı məhkəmə prosesinin keçirilməsi və onun qanunsuz cərimələnməsi haqında məhkəmə hökmünün çıxarılması, Göyçayda fəaliyyət göstərən hüquq müdafiəçisi, keçmiş siyasi məhbus Taleh Xasməmmədovun şərlənərək yenidən həbs olunması pislənilmiş, onun və həbsdə olan digər siyasi məhbusların qeyd- şərtsiz azadlığa buraxılması tələb olunub.