Heç kim vicdansız doğulmur

Bəşəri təfəkkürün inkişafında yalanın daha böyük rolu olub, nəinki doğrunun. Başqa sözlə, yalan danışmaq zərurəti əqlin və nitqin inkişafında daha önəmli rol oynayıb. Bu, elmi hipotezisdi.
Nitqin inkişafının lap ilkin mərhələsini təsəvvürə gətirsək, doğrunu bildirmək (demək, göstərmək) böyük səy tələb etmirdi. Sual veriləndə “hə” yaxud “yox” deyirsən, yaxud jestlə cavab verirsən, məsələ bitir. Əqli səy o halda tələb olunur ki, doğrunu demək fərd üçün təhlükəli olur: doğrunu desə nəsə itirər, yaxud qazana bilməz. Bu anda yalan işə düşür. “Amma, lakin, çünki və s.” – və bu kəlmələrin ardınca gələn uydurmalar, bəraətlər, tovlamalar və s. Beləcə, əqli proses işə düşür, nəticə etibarı ilə nitq imkanları genəlir. Nağılları, rəvayətləri, mifləri, daha sonralar romanları və s. bura əlavə etmək lazımdı. Onlar da hamısı əsasən uydurmadı. Birisi uşağı yuxuya vermək üçündü, birisi böyükləri yuxuya vermək, yaxud nəyəsə yönəltmək üçün.. 
“İnsan dünyası yalan üzərində qurulub” deyimi doğrudu. Bir balaca düzəliş etmək lazımdı: “əsasən yalan üzərində qurulub”. Yalanın növləri, dozası, keyfiyyəti fərqli zamanlarda/məkanlarda/mühitlərdə fərqli olur. 
 
Təxminən 2-3 ay əvvəl araşdırma nəticələri dərc olundu. Orda göstərilir ki, beyində vicdanlı və vicdanız davranışa cavadeh sahələr var və onların nisbəti əksər insanlar üçün təxminən eynidi. Bu sahələrin hansının üstünlük qazanması insan böyüdüyü mühitdən asıldı. Yəni, mühit doğruçuluğu təşviq edirsə, fərd əsasən doğruçu adam kimi böyüyəcək; yalançılığı təşviq edirsə yalançı kimi. Bəzi patoloji məzmunla doğulan insanları çıxmaqla, əksəriyyətə aiddi bu.
Bizim reallıqda fərd gözünü açıb yalançı dünya görür. Doğruçuluğun əksər hallarda cəzalandırıldığını, cəzadan qaçmaq üçün yalanın işə yaradığını dərk edir. 
Dilimizdə yalvarma, xahiş, minnətlə bağlı söz və ifadələrin çoxluğuna diqqət edin. Tarix boyu əzilə-əzilə gəlmənin qoyduğu izlərdi. Mühit dəyişsə, çox şey dəyişər. Avanqard millətlər Yer üzünə kosmosdan gəlməyib. Fərqli millətlər fərqli mühitlərin məhsuldu. "Dəyişək, inkişaf edək" devizi də doğrudu, dəyişməyi bacara bilsən əgər.
 
Yazı "facebook" fəalı Ruslan Köçərliyə  məxsususdur.