Azərbaycandakı repressiyalara görə BMT-yə müraciət

19 beynəlxalq təşkilat 4 bəndlik sənədlə təcili tədbirlər görməyə çağırdı

Bir sıra beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycandakı acınacaqlı vəziyyətlə bağlı BMT-nin Insan Haqları Şurasına müraciət edib. “Article 19", ”Civil Rights Defenders", “Freedom House”, Asiya Insan Hüquqları Forumu, “Front Line Defenders”, “Human Rights Watch” və digər böyük beynəlxalq təşkilatların birgə müraciətində Azərbaycanda insan haqlarının tapdanması, tənqidçi səslərin boğulmasından bəhs olunur. Ümumilikdə 19 təşkilatın hazırladığı birgə sənəddə BMT təmsilçiləri Azərbaycandakı misli görünməmiş repressiyaların qarşısını almaq üçün lazımi addımlar atmağa çağırılır.

Müraciətin tam mətnini təqdim edirik:

“Biz bu müraciətə imza atan beynəlxalq hüquq-müdafiə təşkilatları olaraq, sizləri 28-ci sessiya ərəfəsində Azərbaycanda hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti təşkilatları, eləcə də müstəqil media orqanları üçün sürətlə pisləşən vəziyyətin aradan qaldırılması istiqamətində tədbirlər görməyə çağırırıq.

Ötən ilin əvvəlindən Azərbaycan hökuməti ölkədə fərqli fikirləri məhv etmək istiqamətində misli görünməmiş repressiyalara başlayıb. Insan haqları və əsas azadlıqlara qarşı amansız hücumların nəticəsi olaraq, hazırda onlarla hüquq müdafiəçisi, blogger, jurnalist, dinc siyasi fəal dəmir barmaqlıqlar arxasındadır. Bundan başqa, bu ölkədəki çoxsaylı müstəqil media orqanları və ya vətəndaş cəmiyyəti təşkilatları təzyiqlər üzündən fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Onların bir qismi məhkəmə təqibilə üzləşib, qalanları da hökumətin digər məqsədyönlü təzyiqləri altındadır.

Azərbaycan hökumətinin QHT-lərin, hüquq müdafiəçilərinin, mətbuat orqanlarının fəaliyyətini məhdudlaşdırmaq üçün qəbul etdiyi qanunlar, eləcə də bu istiqamətdə atdığı digər addımlar bu ölkənin insan hüquqlarının müdafiəsilə bağlı götürdüyü beynəlxalq öhdəliklərə tamamilə ziddir. BMT-nin Insan Haqları Şurası məsələni imperativ qaydada qaldıraraq, Azərbaycan hökumətindən vətəndaş cəmiyyətinə qarşı repressiyalara son qoymağı tələb etməlidir. Ona görə də biz israrla sizi bu istiqamətdə səyləri səfərbər edərək, 4 bənddən ibarət sənədi qəbul etməyə çağırırıq.

Hüquq müdafiəçilərinə qarşı təqiblər

Təkcə 2014-cü ildə Azərbaycan hökuməti 34 nəfər hüquq müdafiəçisi, jurnalist, siyasi fəal və ya vətəndaş cəmiyyəti aktivistini həbs edib. Bu adamların bir qismi beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Avropa Şurası, Avropa Məhkəməsilə əməkdaşlığa görə həbsxanaya salınıb. Vətəndaş cəmiyyəti fəallarının bir qismi isə həbsdən qurtulmaq üçün ölkədən qaçmaq və ya gizlənmək məcburiyyətində qalıblar.

Həbs olunanlar arasında kifayət qədər tanınmış jurnalistlər və hüquq müdafiəçiləri var. Ötən ilin iyul ayında Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus, avqustda isə onun həyat yoldaşı Arif Yunus həbs olundu. Onlara qarşı dövlətə xəyanət, dələduzluq, sənədlərin saxtalaşdırılması, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlar irəli sürülüb. Avqust ayında həmçinin “Demokratiya naminə oxu” kampaniyasını həyata keçirən hüquq müdafiəçisi Rəsul Cəfərov, Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti Intiqam Əliyev həbs olundu. Məhz Intiqam Əliyevin köməyilə ən azı, 130 adamın şikayəti Avropa Məhkəməsinə göndərilib. Adları çəkilən hüquq müdafiəçilərinə qarşı da vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifədən sui-istifadə kimi ittihamlar irəli sürülüb.

Son vaxtlar həbs olunanlardan bir neçəsinin, o cümlədən Intiqam Əliyev, Leyla və Arif Yunusların səhhətində çox ciddi problemlər var. Penitensiar Xidmət isə onları lazımi müalicə ilə təmin etmir.

Söz azadlığının məhdudlaşdırılması

Yerli və beynəlxalq qanunvericilik söz azadlığına təminat versə də, Azərbaycan hökuməti müstəqil media və jurnalistləri susdurmaq üçün qanunvericiliyə mürtəce xarakterli dəyişikliklər edib. Nəticədə bu gün ölkədə müstəqil telekanal və ya radio qalmayıb.

Hazırda Azərbaycanda ən azı, 12 jurnalist həbsdədir. Bu yaxınlarda – yanvarın 29-da tanınmış jurnalist Seymur Həzi “xuliqanlıq” adı altında qondarma ittihamla 5 il azadlıqdan məhrum edildi. O, bu hökmə qədər də artıq beş ay idi ki, həbsxanada idi. Seymur Həzi müxalifyönlü qəzet olan “Azadlıq”ın əməkdaşıdır. Bu qəzet hakimiyyətin vətəndaş cəmiyyətinə qarşı repressiyalarını tənqid edir.

Seymur Həziyə hökm oxunmamışdan iki gün əvvəl – yanvarın 27-də tanınmış araşdırmaçı jurnalist Xədicə Ismayıl barəsində ilkin istintaq dövrü üçün seçilmiş həbs-qətimkan tədbirinin müddəti daha iki ay uzadıldı. Hakimiyyət X. Ismayılı dekabrın 5-də “intihar həddinə çatdırma” kimi şübhəli ittihamla həbs etdirib. Fevralın 13-də isə ona qarşı vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifədən sui-istifadə kimi əlavə ittihamlar irəli sürülüb.

Azərbaycan hakimiyyəti ölkədə müstəqil medianın kökünü kəsmək üçün xəbər agentliklərinə qarşı da hücumları gücləndirib. Ötən il dekabrın 27-də polis və prokurorluq əməkdaşları “Azadlıq” radiosunun Bakı bürosunun ofisində axtarış aparıb. Radionun onlarla əməkdaşı qısa müddətə saxlanılıb. O vaxtdan bəri radio fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Hazırda da radio ilə bağlı araşdırma aparılır.

Bundan əlavə, fevralın 3-də prezident Ilham Əliyev Kütləvi Informasiya Vasitələri haqqında qanuna bir qədər də uzağa gedən dəyişiklikləri təsdiqlədi. Söhbət xaricdən maliyyə alan və ya bir il ərzində iki dəfə məhkəmə qaydasında cəzalandırılan mətbuat orqanının Ədliyyə Nazirliyi tərəfindən qapadılmasından gedir.

Birləşmək azadlığının məhdudlaşdırılması

Tənqidçi hüquq müdafiəçilərini təqib etmək məqsədilə vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən qanunlara edilən son dəyişikliklər bu ölkədə bir çox müstəqil fəalların fəaliyyətinə son qoydu. Ötən ilin mayından hökumət ən azı 50 müstəqil təşkilatın bank hesablarını dondurub. Bir çox hallarda həmin təşkilatların əməkdaşları istintaqa cəlb olunaraq dindirilib və digər formada təzyiqlərlə üzləşib. Nəticədə onlar fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalıblar. Həmçinin Azərbaycanda çalışan, bu ölkədəki vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlıq edən bir neçə beynəlxalq QHT də oradan getməyə məcbur olub.

Qrant haqqında, Qeyri-Hökumət Təşkilatları haqqında, Hüquqi şəxslərin qeydiyyatı və dövlət reysteri haqqında qanunlara, Inzibati Xətalar Məcəlləsinə bir sıra dəyişikliklər edilib. Bu dəyişikliklər ölkə daxilindən və ya xaricdən maliyyələşmənin qarşısını alır, bütün beynəlxalq donor təşkilatların bu dövlətdən lisenziya almasını tələb edir, bütün qrant layihələrinin dövlət qeydiyyatından keçirilməsini tələb edir. Dəyişikliklər eyni zamanda, hökumətə əhəmiyyətsiz pozuntulara görə də QHT-lərin hesablarını dondurmaq, onlara maliyyə sanksiyaları tətbiq etmək imkanı yaradır. Əsas narahatlıq doğuran dəyişiklik isə budur ki, QHT-nin həyata keçirdiyi layihədə “dövlət maraqlarına zidd fəaliyyət” aşkarlandığı təqdirdi hökumət onun xarici təşkilatdan maliyyələşməsini qadağan edə, hesabına həbs qoya bilər.

Azərbaycanda insan haqlarının bu ağır vəziyyətinin həlli üçün yerli səviyyədə mexanizmlər sərt şəkildə məhdudlaşdırılıb. Hökumət qanunvericilik səviyyəsində məhdudlaşdırma praktikasını, hüquq müdafiəçilərinə qarşı təqibləri davam etdirir. Beynəlxalq təşkilatlar, o cümlədən Avropa Məhkəməsi, Avropa Şurası, BMT-nin xüsusi məruzəçiləri dəfələrlə Azərbaycan hökumətini vətəndaş cəmiyyəti üçün təhlükəsiz, normal şərait yaratmağa çağırıb. Biz sizləri narahatlıq doğuran bu məsələni ciddi şəkildə qaldırmağa və hazırladığımız sənədi BMT Baş Assambleyasının 28-ci sessiyasında dəstəkləməyə çağırırıq".

İnformasiya şöbəsi