Orda dollar devalvasiya edilib

O`Kamil

Bu yaxınlarda Amerika alimləri böyük bir kəşfə imza atıblar. «Yerin əkizi» deyilən yeni planet tapılıb. Bu planet Yerdən nə az, nə çox – düz 4 yüz trilyon kilometr uzaqlıqdadır.

Neçə il əvvəl bir sıra alimlər çox əminlklə müəyyən hipotezlər irəli sürmüşdülər. Quran terminologiyası ilə desək, kainatda bir zövciyyət, müasir terminologiya ilə desək, bir korrelyatlıq olduğunu deyirdilər. «Maddənin antimaddəsi, Yerin antiYeri var» deyib arayırdılar. Axır ki, tapıldı. Orda hər şeyin burdakının tərsinə və ya fərqli olduğunu söyləyirlər. Məsələn, guya orada su iki oksigen, bir hidrogen atomludur. Orada elektronlar müsbət yüklü, protonlar mənfi yüklüdür və sair və ilaxır.

Etiraf edək ki, maddələr və kimyəvi elementlər haqda olan bu hipotezlər o planet haqqında elə də bitkin təsəvvür yaratmır. Hər şey daha aydın olsun deyə başqa xüsuslarda da bir sıra ehtimallarımızı əlavə edirik. Beləliklə:

Orda Günəş Qərbdən doğur – Şərqdə batmaq üçün.

Orda Şərq öz tülusunu, Qərb öz qürubunu yaşayır.
Orda ad günü zad günüdü – matəm. Çünki həmin gün ruh bədənə –qəfəsə düşüb, bu günah dolu dünyaya gəlib. Ölüm günü isə bayramdı. Birisi öləndə ailə üzvləri toy-bayram eləyir: yemək-içmək, musiqi. Tamada sağlıq, pardon, ölümlük deyir: «Bunu da içirəm filankəs müəllimin ölümünə, arzı eliyirəm, tezliklə onu da gümləyək. Bugünkü ölünün sağ əli onun başına. Bir tuş!».

Orda ən sürətli heyvan tısbağa, ən astagəl heyvan bəbirdir.

Orda ən yüksək təbii artım Avropadadır. Bu qitədə on ikidən az uşağı olana sonsuz deyirlər.

Orda bir aysberq öyünürmüş ki, məni Allah da batıra bilməz. Axırda  «Titanik»lə toqquşub və 4722171 (başqa bir rəyə görə, 994557354390) hissəyə bölünüb və batıb. Bu günlərdə məzkur aysberqi suyun altından çıxararaq yenidən yığıblar. «Titanik»in sərnişini olmuş qoca bir qadın onu görən kimi tanıyıb: «Özüdü. Qırımından tanıdım. Dedim: «Ay Sberq, etmə, eləmə, çəkil yoldan. Qulaq asmadı. Təmiz ağıznan Allah rəhmət eləsin, şturmanda bir qırtım da günah yoxuydu, günah bundaydı».

Orda ən bic millət çukçalar, ən avam millət isə yəhudilərdir. Orda belə bir lətifə var: «Bir yəhudi ilə bir çukça televizorda kinoya baxırmış. Kinoda bir qadın uçurumun kənarına gəlib özünü atmaq istəyir. Çukça deyir, o qadın özünü uçurumdan atacaq, yəhudi deyir, yox, atmayacaq. O deyir, bu deyir, o deyir, bu deyir. Mərcləşirlər. Qadın özünü atır. Çukça mərci udur və deyir: «Açığı, mən bu kinoya baxmışdım, ona görə bilirdim ki, qadın özünü atacaq». Yəhudi deyir, mən də baxmışam ee, özü də düz səkkiz dəfə. Bilirdim ki, qadın özünü atır. Sadəcə,  düşünürdüm ki, bu ləçər, bəlkə, bu dəfə ağlını başına yığar və belə axmaq iş tutmaz».

Son məlumata görə, fevralın 21-də orda dolların məzənnəsi manata nisbətdə devalvasiya edilib. Ordakı ABŞ-da əhali TV-yə çıxıb devalvasiyaya görə hökumətə dua edir…

 Burdakı devalvasiya bankirinin adı, ordakı devalvasiya bankirinin familiyası “-man”la bitir.

Ordakı baş nazir xiyar turşusuna xüsusi simpatiyası ilə seçilir.

Orda da Hindistan var və o Hindistanın da sati (əri ölən qadının özünü yandırması) adəti var. Sadəcə, tərsinədir. Bu adətə görə, ər öləndə arvad yox, arvad öləndə ər özünü yandırır: «Sənsiz bu fani dünyada mənə ay da qara, gün də qara, öyüm-eşiyim, ay Gita!».  

Orda da nəzakət-filan var. Amma avtobusda, metroda ana olmağa hazırlaşan qadınlara yox, ata olmağa hazırlaşan kişilərə yer verirlər.

Orda da 8 Mart bayramdır. Amma kişilərin bayramı.

Orda da Kamil adlı bir yazar var. Bu Kamil (yəni O`Kamil) Don Kixotdu. Ordakı isə Şeytana papış tikir.