İntiqam Əliyev zorla xəstəxanaya aparılıb

«Məni kameradan adi paltarda, üst geyimsiz apardılar; müayinə formal xarakter daşıyırdı, məqsəd kiməsə hesabat verməkdir…»

Hazırda Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında saxlanılan hüquq müdafiəçisi Intiqam Əliyev məcburi şəkildə xəstəxanaya aparılıb. Vicdan məhbusu fevralın 19-da başına gələnlərlə bağlı dünən yaydığı açıqlamada bu barədə məlumat verib.
Intiqam Əliyevin bu açıqlamasından əvvəl Ədliyyə Nazirliyiÿonun səhhətilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, Intiqam Əliyevin səhhəti daim nəzarətdə saxlanılır: “Ədliyyə Nazirliyinin Tibb baş idarəsi tərəfindən Intiqam Əliyev Səhiyyə Nazirliyinin qabaqcıl klinikalarında müayinə olunur, o, növbəti dəfə əlavə müayinədən fevralın 19-da Neyrocərrahiyyə Xəstəxanasında respublikanın aparıcı mütəxəssislərinin iştirakı ilə keçirilib. Onun daxili və digər orqanlarının ultrasəs müayinəsi, başın və döş qəfəsinin kompüter tomoqrafiyası, qanın müvafiq laborator analizləri keçirilib. Eyni zamanda, IntiqamÿƏliyevin onkoloji xəstəlikdən əziyyət çəkdiyi barədə şayiələrin yayılması ilə əlaqədar onun qan analizi götürülərkən qanında bir sıra onkomarkerlərin göstəriciləri Milli Onkologiya Mərkəzinin laboratoriyasına yoxlanılması üçün göndərilib. Aparılan əlavə müayinələr nəticəsində IntiqamÿƏliyevdə hər hansı ciddi xəstəliyin, o cümlədən onkoloci prosesin mövcudluğu bir daha inkar edilib, ona cari ambulator müalicə təyin edilib”.
Intiqam Əliyev isə nazirliyinin məlumatında göstərilənlərin həqiqətə uyğun olmadığını bəyan edib. Vicdan məhbusunun açıqlamasından belə məlum olur ki, ona heç bir müalicə tətbiq olunmur: “Fevralın 19-da həkim kamerama gəlib mənə dedi ki, səni müayinəyə aparırıq. Mən isə imtina etdim. Dedim ki, mən öz həkimimin müşayiətilə müayinə olunmaq, vəkillərimə, yaxınlarıma xəbər vermək istəyirəm. Niyə bu qərarı 1 gün əvvəl deyil, 1 saat qabaq xəbər verirsiniz? Bundan əlavə, əvvəlki müayinələrimin nəticəsi mənə təqdim olunmursa, mən niyə yenidən müayinə olunmalıyam?! Mənə dedilər ki, getməsən, səni zorla aparacayıq. Mən isə təkidlə getməyəcəyimi bildirdim.
Bir neçə dəqiqədən sonra kameraya hardasa 10 nəfər daxil oldu. Bildirdilər ki, getməyəcəyim təqdirdə qərarı güc yolu ilə tətbiq edəcəklər və gəlib qoluma girdilər. Gördüm ki, artıq dirənmək mənasızdır. Bundan sonra razılaşdım. Məni kameradan adi paltarda, üst geyimsiz vəziyyətdə apardılar.
Neyrocərrahiyyə Xəstəxanasında məni Iftixar Qurbanov qarşıladı. Soruşdum ki, müayinə nə ilə bağlıdır, müayinə qərarını kim verib, göstəriş kimdən gəlib? Dedi ki, ictimaiyyət sizin sağlıq durumunuza görə narahatdır, ona görə sizi müayinə etməliyik. Iki dəqiqə ərzində konsilium keçirtdilər, baş və döş qəfəsimi rentgenə saldılar. Müayinə formal xarakter daşıyırdı.
Sonra həkimdən müayinələrin nəticəsini istədim. Dedi ki, nəticələr verilməyəcək. Başa düşdüm ki, məqsəd kiməsə hesabat verməkdir.
Müalicə üçün isə yolda xəstələndiyimə görə 2 ədəd upsa verdilər. Ədliyyə Nazirliyinin bəyanatında göstəriləndən fərqli olaraq, heç bir müalicə tətbiq olunmur".
Aytən