Manat öldü, yaşasın Manat!

Milli manatımız haqqında ağır proqnozlar rəhmətlik qonşumuz Manat xalanı yadıma saldı: Manat xalanın çox fərsiz əri,  beş oğlu vardı. Ailənin bütün yükü Manat xalanın çiyinlərində idi. Tənbəl, biqeyrət ailə üzvlərinin siqaretini də zavallı qadın alırdı. 
Bir gün Manat xalanın ölüm xəbəri yayıldı: bədbəxt qadın elə yolda, belində yüklə keçinmişdi. Manat xalanın qəfil vəfatından sonra ailə üzvləri hərəsi bir əyriliklə başını dolandırırdı. Adamlar Manat xaladan yadigar qalan, qara qəpiyə də dəyməyən ailə üzvlərini məhəllədə görəndə deyirdilər ki, “kül təpənizə, Manat hesabına kişi idiniz, o, öləndən sonra biqeyrətliyiniz üzə çıxdı”. 
Indi milli valyutamız Manat devalvasiya xəstəliyinə mübtəla olub, can üstədir, heç şübhəsiz, öləcək. Pul hesabına kişi olanların isə “Manat xala”nın ölüm ayağında olması veclərinə də deyil: oğurluqla, şər atmaqla, fırıldaqla, satqınlıqla… özlərinə xaniman quranlar, Manatın “cənazəsi” üstündən keçib, Dolların, Avronun qoynunda eyş-işrətlərini davam etdirirlər…
Manatın dəyərdən düşməsinin səbəbləri çoxdur, onlardan ən başlıcası sahibkarlara qarşı olan qəddar münasibətdir. Misal üçün, bir-iki gün öncə, üst-başından alışqan, fənər, burğaç, kəlbətin.., xülasə “1001 xırdavat” dükanında nə satılırsa, həmin əşyaların hamısından papağından, çiyinlərindən, sinəsindən, ciblərindən asan “canlı dükan”la rastlaşdım. “Canlı dükan”da çörəkdən başqa hər şey var idi. Zavallı “dükan” sahibi neyləsin, bədəni boyda ərazini almaq üçün ən azı iki bankdan kredit götürməlidir, sonra həmin ərazidə tikilən dükana təşrif buyuran vergi müfəttişini, polisi, sanitarı, yanğınsöndürəni… aktsız-cəriməsiz yola salmaq üçün qazandığı on manatın doqquzunu onlara verməlidir. Dəxli yoxdur, istəyirsən bədəninin güclə sığışdığı bir yeri dükan et, qazancın heç bir manat da olmasın, min yerdən çaqqal-tülkü sürüsü kimi tökülüb gələcəklər, beşmərtəbəli univermağın bac-xəracını tələb edəcəklər. 
Bədənindən obyekt kimi istifadə etməyə məcbur olan, qazandığını banklara faiz, məmurlara rüşvət verən sahibkarın ölkəsində əlbəttə ki, heç vaxt ruzi-bərəkət olmaz, milli valyutasını gecəyarısı “infarkt” vurar. Yeri gəlmişkən, camaatın hətta quru çörəyinə də göz dikənlər qonşumuzun acgöz itini son günlər tez-tez yadıma salır: tamahkar itin heç vaxt ağzı boş qalmasa da bizə hürməmək üçün ona mütləq “rüşvət” verirdik. O isə ona atılan “it payı”nı tez ağzına alıb uzağa qaçır, bir az keçdikdən sonra, yenidən gəlib həyasızcasına bizə hürürdü. Acgöz it öləndən sonra bağdan, həyətdən bir maşın quru çörək, kolbasa, balıq… çıxdı. Hakimiyyətdə olanlar da ölkənin sərvətləri ilə o acgöz, başdanxarab it kimi rəftar etdilər: yediklərini yedilər, yemədiklərini də aparıb bağ-bostanlarında, uzaq adalarda basdırdılar. 
Inşallah, Manat öləndən sonra bütün acgözləri, tamahkarları, kütbeyinləri xiyar, qarpız kimi bağ-bostanda, adsız adalarda basdıracaqlar. Yəqin ki, o zaman camaat rahatlıqla “Manat öldü, yaşasın manat!” deyə bilər…