Lənətə gələsən, Avropa! Sənə lazım olmayan Olimpiadanı, niyə mənə sırıdın?! Ax, sən necə də hiyləgərmişsən, həm də xaincəsinə?! Sən bilirdin ki, ölkəmizi neft böhranı “vuracaq”! Hələ bu azmış kimi onu “olimpiya oyunlarınla” da yüklədin ki, böhrandan heç çıxa bilməsin?!
Deməli, “mənim prezidentim” doğru deyirmiş, bizə paxıllıq edirlər: “…dost görür sevinir, düşmən gəlib görəndə kefi pozulur”. Indi dost-düşmən kimdi, bilindi… “Neft strategiyamızın” da, “analoqsuz inkişafımızın” da qarşısını kəsən sənmişsən?!
Yoxsa, bu strategiyanın da, inkişafın da mayasının çürük olduğunu bilib, xalqı hökumətdən incik salıb onu “rəngli inqilablara” sürükləmək istəyirsən?! Ya da neftdən əli üzülən ölkədə Olimpiadanın məsrəfini nazir-oliqarxlara ödətdirib onları da müflisləşdirəcəksən? Bəlkə, prezidentin çoxdan söz elədiyin “Dubay villası”nı da bazara çıxarıb Olimpiya Oyunlarına xərclətdirəcəksən?!
Hə, sonra da xalqımızın yanında yerini yaxşı eləmək üçün deyəcəksən ki, baxın, sizdən oğurlananları sizə qaytardım?! Eh, sən saydığını say, gör bizimkilər nə sayır… Bəs, bilmirdin ki, bu iş sonda elə xalqın başında çatlayacaqdı?!
Sən də rus kimi, erməni kimi nankor imişsən?! Azərbaycanı su yoluna döndərdin; sənə də süfrəmiz gen-bol açıldı, nə qonaqlıqlar verildi… Ancaq axırda ölkəmizə “Kababistan” adını qoşmağın yetmədi, üstəlik, onun özünü də kabablıq ət kimi şişə çəkmək istədin?!
Indi enerji və idman diplomatiyan ucbatından qovrulub-yanan – iş yerini itirən, maaşı ixtisara düşən, borc içində çapalayan vətəndaş hökuməti yox, səni lənətləyir! Çünki, demokratiya, insan haqları gözləyərkən, sən onun başını əvvəl neft, sonra da Olimpiya Oyunlarıyla qatdın… Ancaq boşuna uğraşma; nə hökumətdəkiləri ziyana salacağına, nə də camaatı hökumətlə üz-üzə qoyacağına ümidlənmə…
Axı, sən hardan biləsən ki, bu xalq üçün “elnən gələn bəla toy-bayramdır”! Varmı dünyada ikinci belə xalq? Fikrin başqasına getməsin, bizim ölkə neft və Olimpiya bəlasını da bayram kimi yola verəcək, onu da həzm edəcək… Ancaq ara yerdə sən qalacaqsan. Prezident də əmindir ki, belə olacaq: “Azərbaycan bundan sonra da uğurla inkişaf edəcəkdir”…
Şövkət Məmməd


