Ölkə başçısı ondan reaksiya gözləyənləri pərt etdi; bahalaşmaya rəvac verən prosesin arxasında onun özü dayanıbmış
Azərbaycanda cəmiyyəti şoka salan “manat əməliyyatı”na nəhayət ki, dövlət başçısı Ilham Əliyev də münasibət bildirdi. Əliyevin Mərkəzi Bankın qərarına münasibəti milyonlarla sadə vətəndaşın ondan gözləntilərinə son qoydu. Ölkədə ciddi bahalaşmaya rəvac verən prosesi – manatın dollara nisbətdə 34 faiz dəyər itirməsini bəzi məmurların özfəaliyyəti kimi qələmə verənlərin də bəhanəsi əllərindən alındı. Əliyev etiraf etdi ki, xalqı acınacaqlı duruma salan prosesin başında onun özü dayanır.
Bundan başqa, cəmi bir ay əvvəl xarici şirkətlərə və vətəndaşlara müraciət edərək, banklarda əmanətlərini manatla saxlamağı məsləhət görən Əliyevin dünənki çıxışından belə məlum olur ki, hökumət manatın ucuzlaşmasına çoxdan qərar veribmiş. Sadəcə, xalqı arxayın salmaqla məşğul olublar. Hərçənd, Ilham Əliyev iddia edir ki, xalqa bununla bağlı xəbərdarlıq etmişdilər.
Ilham Əliyevin manatın ucuzlaşmasıyla bağlı dünən Mingəçevirdəki çıxışını təqdim edirik:
“Iqtisadiyyatın öz qanunları var. Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır. Azərbaycanda gedən işlər təqdirəlayiqdir və mötəbər beynəlxalq maliyyə qurumları bizim uğurlarımızı müsbət qiymətləndirir. Lakin regionda gedən proseslər istər-istəməz bizə də təsir göstərir. Son bir ildə MDB məkanında yaşanan gərginlik müəyyən dərəcədə Azərbaycan iqtisadiyyatına da təsir göstərir. Əsas odur ki, biz Azərbaycan xalqını mümkün risklərdən qoruyaq, sabitliyi möhkəmləndirək, xalqımızın seçimini müdafiə edək. Həm Yaxın Şərqdə, həm Avropada, həm də MDB məkanında baş verən xoşagəlməz hadisələr Azərbaycanda gedən işlərə mənfi təsir göstərməyib. Çünki biz özümüzü, öz seçimimizi müdafiə etməyə qadirik. Amma iqtisadi sahədə bölgədəki xoşagəlməz hadisələr bizə də təsir göstərib. Bir neçə gün əvvəl manatın mənəzənnəsində dəyişiklik edilib. Biz 2006-cı ildə pul islahatları keçirtdik. 2006-cı ilin əvvəlində bizim pul islahatlarımız başa çatdı. O vaxt bir dollar 5000 manata bərabər idi. Biz manatı dollarla eyniləşdirdik. On il ərzində getdikcə manat dollara nisbətən gücləndi. Bu, bizim iqtisadi islahatlarımızın uğurlu olduğunu göstərir. Eyni zamanda, qonşuluqda baş verən hadisələr, qonşu dövlətlərdə milli valyutaların kəskin ucuzlaşması bizə də mənfi təsir göstərib. Üstəlik, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi gəlirlərimizə mənfi təsir göstərib. Manatın getdikcə məzənnəsinin artması iqtisadi inkişafımıza mənfi təsir göstərir. Ona görə də qərar qəbul edilib ki, manat bir az ucuzlaşsın. Bu barədə yanvarda regionların iqtisadi inkişafının yekunlarına həsr olunmuş konfransda mən açıq şəkildə fikrimi bildirdim ki, insanlar bunu bilsinlər, buna hazır olsunlar, heç kəs üçün sürpriz olmasın. Onda da dedim ki, manat həddən artıq bahzlaşıb, iqtisadiyyatımıza mənfi təsir göstərib, regionda baş verən hadisələr, neftin qiymətinin aşağı düşməsi müəyyən çətinliklərə gətirib çıxarır. Bu, birinci siqnal idi. Ondan sonra Mərkəzi Bank açıqlama verdi ki, ilin sonuna qədər tədricən manatın məzənnəsi düşəcək. Bu da bir siqnal idi ki, insanlar hazır olsunlar. Amma ondan sonra müəyyən ajiotaj yarandı. Məzənnədə bir qədər dəyişiklik olan kimi əhali dərhal valyuta dəyişmə məntəqələrinə üz tutdu, kütləvi şəkildə dollar almağa başladı. Bu vəziyyətdən də bəzi spekulyantlar, möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün istifadə etdilər. Belə olan halda, Mərkəzi Bankın valyuta ehtiyatları azalmağa başladı. Bir neçə gün ərzində hər gün minimum 500 milyon dollar bazardan alınırdı. Belə getsəydi, ilin sonuna qədər Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə azala bilərdi. Ona görə də qərar qəbul edildi ki, manat bir qədər ucuzlaşsın. Əslində, manat əvvəlki səviyyəyə endi. Islahat başlananda bir manat bir dollar idisə, bu gün də təxminən elədir. Bütün müvafiq qurumlara göstəriş verilib ki, süni qiymət artımına yol verilməsin. Monitorinqlər keçirilir, süni qiymət artıranlara qarşı ciddi cəza tədbirləri görüləcək. Son illərdə istehlak olunan əsas arzaq məhsulları Azərbaycanda istehsal olunur. Bu halda, həmin məhsullarda heç bir bahalaşmadan söhbət gedə bilməz”.
İnformasiya şöbəsi



