AXCP fəalına vəkili ilə görüş vermirlər

AXCP-nin Mingəçevir şöbəsinin fəalı Qadir Xudabaxşiyevin vəkili Bəhruz Bayramov müdafiə etdiyi şəxslə görüşə bilmir. Bu barədə azadliq.info-ya vəkil özü məlumat verib. Bəhruz Bayramov bildirib ki, fevralın 23-də Qadir Xudabaxşiyevin yaxınları ilə müqavilə bağlayıb. Bir gün sonra isə AXCP fəalının saxlanıldığı Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə gedib. Bəlli olub ki, Qadir Xudabaxşiyevlə bağlı cinayət işinin istintaqını müstəntiq Murad Quliyev aparır. Lakin vəkilə bildirilib ki, Murad Quliyev hazırda məşğul olduğuna görə onunla və Qadir Xudabaxşiyevlə görüşə bilməz: ”Mənə dedilər ki, orderi qəbul şöbəsinə təqdim edim. Bundan sonra gün ərzində dəfələrlə Murad Quliyevə zəng vurdum. Lakin o zənglərə cavab vermədi. Bu gün yenidən Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə getdim. Dedilər ki, Murad Quliyev yoxdur. İstitaq şöbəsinin rəisi və ya müavini ilə görüşmək cəhdlərim baş tutmadı. Heç biri məni qəbul eləmədi. Qadir Xudabaxşiyevin vəkili olaraq onunla görüşmək hüququm var”.

Vəkil bildirir ki, bundan sonra  DİN-in “102 xidməti”nə  müraciət edib: ”Bundan sonra Murad Quliyev mənimlə əlaqə saxlayaraq bildirdi ki, Qadir Xudabaxşiyev artıq Kürdəxanı Təcridxanasına köçürülüb. Və artıq onunla görüş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin səlahiyyətində deyil”.

Qeyd edək ki, Qadir Xudabaxşiyev qanunsuz silah saxlamaqda ittiham olunur.