Sən neylədin, Elman?

xaqaniquzeyli@gmail.com
 
Mirzə Ibrahimovun “Böyük dayaq” əsərində kolxozu çapıb-talayaraq aradan çıxmaq istəyən Yastı Salman, Yarməmməd və Lal Hüseyn ilə sədr Rustəm kişinin son görüşünü yəqin ki, çoxlarınız xatırlayırsınız. Filmdə də bu səhnə var. Kolxoz sədrinə yalvararaq onu aldatmağa cəhd edən Yastı Salmanla Yarməmməddən fərqli olaraq, lal Hüseyn dərk edir ki, bu dəfə Rüstəm kişini aldatmaq olmayacaq. 
Vəziyyətin getdikcə mürəkkəbləşdiyini görən lal Hüseyn “düzgün” qərar qəbul edir və arxadan paya ilə Rüstəm kişinin başına zərbə endirərək, onu susdurur. Huşunu itirən Rüstəm kişini çaya atırlar.
Oxşar addımı dörd gün öncə Milli Bankın sədri… Elman Rüstəmov da atdı. Manata elə bir “zərbə” vurdu ki, milli valyutamız, obrazlı desək, reanimasiyaya düşdü…
…Mən burada lal Hüseynlə Milli Bankın Idarə heyətinin sədri Elman Rüstəmov arasında paralel aparmaq istəmirəm, sadəcə o fikirdəyəm ki, birinci daha realist idi. Elman Rüstəmovdan fərqli olaraq, lal Hüseyn Rüstəm kişi məsələsində çox ağıllı davrandı, nə bir dəqiqə gecikdi, nə də tələsdi. Elə Elman müəllim də “gec olsun, güc olsun” dedi, onsuz da bu nə vaxtsa baş verməli idi. Onun yeganə “günahı” odur ki, o, Milli Bankın sədridir. Yastı salmanlar, yarməmmədlər buna qədər hər şeyi etmişdilər… 
Arxasında heç bir əmtəə, iqtisadi qüvvə dayanmayan manatın başına illər boyu oyun açdılar, bu da azmış kimi ABŞ dolları və Avro ilə məzələnməyə başladılar. Bu da azmış kimi ən yüksək səviyyədə Qərbə məsləhət verməyə başladılar ki, nəyiniz var manata çevirin, gətirin biz burada camaata sələmə verək. Qiyməti qaldırmaq üçün gözəl bəhanə də fikirləşmişdilər: “Əşi, təlabat var də…”
Iqtisadçı olmasam da, ölkənin maliyyə sistemində böyük bir boşluğu görmək o qədər də çətin deyil. Adi bank reklamlarını götürək. Yəqin ki, xatırlayacaqsınız, bu reklamların heç birində əmanətçi cəlb etmək haqqında söhbət belə getmirdi. Bütün banklar “güzəştli kredit faizləri”(!) ilə əhaliyə pul təklif edirdi. Əslində bu bankların arasında rəqabət-filan da yox idi. Təkliflər, demək olar, bir-birinin təkrarı idi və fərq qəpik-quruş idi. Əhalidə, demək olar, pul yox idi və milyonlarla insan sürətlə bankların əsarəti altına düşürdü. Bankların isə, iri məmurlara məxsus olması danılmaz həqiqətdir. Rayon prokurorunun “Əmrahbank”ı, nazirin “Bank of Baku”su və s.
Arxasında yalnız sələmçiliyin dayandığı maliyyə sisteminin bir gün çökəcəyi gün kimi aydın idi. Kədərli olan odur ki, təxirəsalınmaz addımlar atmaq əvəzinə, bu təhlükəli zaman kəsiyində əlində böyük pullar olan banklar bundan sui-istifadə etməyə çalışır. Bəlkə də sizə qəribə gələcək, amma təəssüf hissi ilə bunu yazmağa məcburuq. Əslində böhran illər öncə başlamışdı. Sadəcə istehsal və iqtisadi rəqabət mühiti ölmayan bir ölkədə bunu neft pulları ilə ört-basdır etməyə çalışırdılar. Qeyri-neft sektoru xüsusən də kənd təsərrüfatını və turizmin bərbad olduğu ölkənin böhrandan çıxması çox çətin görünür. Bu da azmış kimi, ölkəni bürüyən rüşvət və korrupsiya, qiymətlərin süni şəkildə şişirdilməsi, onu daha da dərinləşməsini qaçılmaz edəcək. 
Tarix sübut edir ki, iqtisadi böhran nəticəsində yaranan siyasi gərginlik, ölkəni uçuruma aparır. Iqtidar üçün bu nə qədər təhlükəli olsa da, deməliyik ki, müxalifət üçün də bu arzuolunmaz bir situasiyadır.   
“Ibtidai məntiq əllərində kifayət qədər resursları olan və pullarını xaricdə yerləşdirmiş siyasi elita üçün arxayınçılıq vəd edir. Bəri başdan deyim ki, bu, illüziyaya qapılmaqdan başqa bir şey deyil. Belə böhranlardan ucuz qurtulmanın yeganə yolu hakimiyyətdən könüllü imtinadır. Bu nə müxalifətin mitinqidir, nə də ki, gənclərin ”fləş-mob"udur ki, dubinkaların gücü ilə “səliqə-sahman” yaradasan.
Bu bir neçə min məmur ilə milyonların var olma savaşıdır. Burada nəinki, dubinka, hətta tank-tüfəng də acizdir…