
Fevralın 23-də AXCP Ali Məclisinin Rəyasət Heyəti növbəti iclasını keçirib. İclasda ölkədəki ictimai-siyasi vəziyyət və Xocalı soyqırımını anım mərasimində iştirak müzakirə olunub.
Rəyasət Heyəti hazırkı ictimai-siyasi vəziyyət kimi Mərkəzi Bankın qərarı ilə manatın kəskin ucuzlaşdırılması və bundan sonra ölkədə yaranan bahalaşma tendensiyasına diqqət yönəldib. Bildirilib ki, hökumətin milli valyutanı qəfildən bu qədər ucuzlaşdırması mahiyyət etibarilə dövlət səviyyəsində soyğunçuluqdur və xalqın bütün təbəqələrinin mənafəeyinə ciddi zərbə vurub. Əhalinin aztəminatlı hissəsi bu qərardan xüsusilə əziyyət çəkəcək. Bu xüsusda manatın ucuzlaşdırılmasından dərhal sonra ölkədə bütün mal və məhsulların qiymətində 40 faizə qədər bahalaşmanın baş verməsi ayrıca vurğulanıb.
Rəyasət Heyəti manatın inzibati yolla devalvasiyasına görə yaranan sosial böhran vəziyyəti ilə bağlı mitinq keçirmək istiqamətində partiyanın yerli təşkilatlarında müzakirələr aparılmasını məqsədə uyğun bilib. Rəyasət Heyəti həmçinin partiya sədrinə həvalə edib ki, Milli Şurada da eyni müzakirənin aparılmasına təşəbbüs göstərsin.
Bundan başqa AXCP Rəyasət Heyəti Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənli barəsində Yasmal rayon məhkəməsinin çıxardığı qərarı da müzakirə edib və onu sərt şəkildə pisləyib. Qərara alınıb ki, bilavasitə Cəmil Həsənliyə siyasi məvqeyinə görə təzyiq olan bu qərarla bağlı AXCP ayrıca bəyanatla çıxış etsin.
İclasda Xocalı soyqırımı ilə bağlı fevralın 26-da anım mərasimində iştirak məsələsi də nəzərdən keçirilib və müfaviq qərar verilib.
İclasda bəzi başqa cari məsələlər də müzakirə olunub.


