“İlham Əliyevin xəbəri olmadan heç kəs belə hökm çıxara bilməzdi”

Milli Şura sədri Cəmil Həsənli qızına verilən cəza ilə bağlı məlumata aydınlıq gətirib

“Dəyərli dostlar! Artıq dünəndən bəri mənim qızım Günel Həsənli ilə bağlı KIV-də və sosial şəbəkələrdə çoxlu məlumatlar gedib. Bu məlumatların çoxunda Günelin artıq həbs edildiyi bildirilir. Bundan narahat olan çoxlu dostlar, tanışlar və qohumlar mənə müraciət edib öz narahatçılıqlarını ifadə edirlər. Bu dəstəyə görə mən onların hamısına dərin təşəkkürümü bildirirəm. Məsələ burasındadır ki, bir sıra qəzetlər, saytlar və hətta bizim əvvəllər hörmət etdiyimiz ANS televiziyası Günel Həsənlini ”həbs etməyə" bir az tələsiblər. Birincisi, Günel həbs olunmayıb və evdədir. Hökmdən Apeliyasıya Məhkəməsinə şikayət veriləcək və yalnız yuxarı instansiya məhkəməsinin qərarından sonra hökm qüvvəyə minəcək. Ikincisi, Yasamal Rayon Məhkəməsi Günelə 1 il 6 ay məntəqə tipli cəza verib. Bu azadlığın və hərəkətin məhdudlaşdırılmasını özündə ehtiva edən məntəqə tipli cəza növüdür. Heç bir hüquqi dəlillərə söykənməyən hökmü fevral ayının 20-də Yasamal rayon məhkəməsinin hakimi Aqşin Əfəndiyev elan edib. Ancaq bu hökm nəinki onluq deyil, heç Günelə ən yüksək cəza tələb edən prokurorluğun simasında Zakir Qaralovluq və Ali Məhkəmənin sədri Ramiz Rzayevlik də deyil. Şəxsən cənab İlham Əliyevin xəbəri olmadan heç kəs mənim qızım haqqında törədilən hadisəyə uyğun olmayan belə ədalətsiz hökm çıxara bilməzdi. Bir qayda olaraq belə siyasi hökmlər məhkəmələrin qərarı ilə deyil, hakimiyyətin ən yuxarı dairələrinin göstərişi ilə çıxarılır. Məsələ burasındadır ki, bu iş üzrə şikayətçi olmayıb və cinayət işi hüquq-mühafizə orqanlarının təşəbbüsü ilə fakt üzrə qaldırılıb.

DİN-in ifşa olunması

Bildiyiniz kimi bu hadisə ötən ilin sentyabrında baş verib. Hələ, 2014-cü ilin oktyabr ayının 2-də Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin mətbuat xidməti baş vermiş hadisə ilə bağlı yalan məlumat yayıb və qəsdən faktları saxtalaşdırıb. Lakin məlumatın yalan olduğu faktlarla (o cümlədən foto materialla) ortaya qoyulduqda, nazirlik bu yalan məlumata görə ictimaiyyətdən üzr belə istəmədi. Burada əsas məqsəd hadisəni polis orqanlarından gizlətmək adı altında Günelə cinayət işi açmaq idi. Lakin məlum oldu ki, Günel nəinki hadisəni polis orqanlarından gizlədib, əksinə 86 yaşılı Ədilə xanımı bilavasitə polis işçisi ilə birlikdə Respublika Mərkəzi klinik xəstəxanasına aparıb. Nazirliyin bu yalanı ifşa olunduqdan sonra təəssüf ki, həmin əməkdaş polis orqanlarından azad edilmb. 86 yaşlı Ədilə xanım Səlimovanı Respublika Klinik xəstəxanasında müayinə edilərkən onda hər hansı sınıq, ağır və az ağır xəsarət izləri olmadığı üçün o, evinə buraxılıb. Eyni zamanda bu barədə xəstəxananın qeydiyyat kitabında müvafiq qeydlər edilib. Texniki ekspertizada isə ekspertlər yalnız sürücünün məsuliyyəti məsələsinə toxunmuş piyadanın məsuliyyəti məsələsini isə məqsədli şəkildə diqqətdən kənarda qoyublar. Işdə vəkil kimi çıxış edən Fəxrəddin Mehdiyev bu ekspertiza rəyləri ilə bağlı vəsatətlə çıxış etsə də, onun qaldırdığı vəsatətlər hakim Aqşin Əfəndiyev tərəfindən təmin edilməyib. Yeri gəlmişkən, məhkəmə prosesi başlayanda Ədilə xanım Səlimova öz təşəbbüsü ilə məhkəmə prosesinə gəlib və onun baş vermiş hadisə ilə bağlı Günel Həsənliyə qarşı heç bir iddiasının olmadığını həm şifahi, həm də yazılı formada bildirib. Məhkəmə prosesində dindirilən bütün şahidlər bu hadisədə Günel Həsənlinin günahının olmadığını qeyd ediblər. Işdə ölüm, sınıq, ağır xəsarət hadisəsi olmadığı halda, zərərçəkən kimi təqdim olunan Ədilə xanım Səlimova hadisə baş verdiyi gündən indiyə qədər aktiv hərəkətdə olduğu halda, hakim belə sərt qərarı nəyin əsasında qəbul edib? Məsələyə, hüquqi don geyindirmək üçün Ədliyyə Nazirliyinin ekspertiza institutu hadisə ilə bağlı tibbi və texniki rəy verib, hər iki rəy qəsdən baş vermiş hadisəni “ağırlaşdırıcı” məcraya yönəldib.

Hakimin “qan təzyiqi” və hökmün yubanması

Ola bilər hakim cənab Əfəndiyev 2002-ci ildə Dağıstan Dövlət Universitetininin hüquq fakültəsini bitirdiyindən Azərbaycan qanunvericiliyinin humanist prinsiplərinin görməməzliyə vurub və bu hökmü çıxararkən zərərçəkənin heç bir şikayətinin olmadığını, Günel Həsənlinin himayəsində 10-12 yaşlarında iki azyaşlı uşağın olmasını, onun birinci dəfə məhkəmə qarşısına çıxarılmasını nəzərə almayıb. Mən deyə bilmərəm 2013-cü ildə, 33 yaşında hakim təyin edilmiş cənab Əfəndiyev Dağıstan universitetində necə oxuyub. Amma bir şey məlumdur ki, bir qayda olaraq test yolu ilə yüksək bal tələb olunan Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil ola bilməyənlər, ötən əsrin 90-cı illərinin sonunda qonşu Dağıstan Muxtar Respublikasının çeşidli universitetlərinə daxil olmağa meylli olurdular. Yeri gəlmişkən, hakim fevral ayının 19-da səhər saat 10-45-də hökmü elan etmək üçün müşavirəyə getsə də, vəd etdiyi vaxtda məhkəmə zalına qayıtmayıb və məhkəmə prosesini həmin gün saat 16-ya keçirib. Lakin saat 16-da da möhtərəm hakim qan təzyiqi yüksək olduğu üçün hökmü elan etməyə hazır olmayıb, prosesin vaxtını fevralın 20-si saat 12-yə keçirib. Fevralın 20-də oxunan hökmdə o, Günel Həsənliyə 1 il 6 ay müddətinə məntəqə tipli cəza elan etməklə onu sürücülük hüququndan da məhrum edib.
Əlbəttə, bu gecikmə gənc hakimin qan təzyiqinin yüksəlməsi ilə deyil, bilavasitə yuxarıdan gələn siyasi qərarın yubanması ilə bağlı idi.
Şübhəsiz ki, belə bir sərt qərar baş verən hadisə ilə adekvat olmayıb bilavasitə mənim müxalif mövqeyimlə bağlıdır. Artıq birinci dəfə deyil ki, Azərbaycan məhkəmələri valideynlərin siyasi mövqeyinə görə onların övladlarını cəzalandırırlar. Bu qərəzli hökm də bilavasitə Milli Şura sədri kimi mənim müxalif mövqeyimlə bağlıdır və sırf siyasi xarakter daşıyır. Hər gün onlarla, yüzlərlə belə hadisə baş verir. Bir qayda olaraq bu tipli hadisələr müvafiq cərimə və ya sürücülük hüququndan məhrum etmə cəzası ilə yekunlaşır. Mənim siyasi mövqeyimdən başqa Günel Həsənliyə qarşı belə sərt hökm çıxarılması üçün heç bir əsas yox idi".