Cəmil Həsənlinin qızına sərt cəza verildi; “Qərar mənim mövqeyimlə bağlıdır”

Әli Kərimli: "Cəmil Həsənli ötənilki 6 dəqiqəlik çıxışları ilə bu oğru hakimiyyəti necə ifşa edibsə, hələ də tüstüsü təpəsindən çıxır"

Fevralın 20-də hakim Aqşin Əfəndiyevin sədrliyi ilə Yasamal rayon məhkəməsi ötən ilin sentyabr ayında baş vermiş avtomobil qəzası hadisəsi ilə bağlı Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənliyə hökm oxuyub. Heç bir tutarlı hüquqi əsas göstərmədən məhkəmə Günel Həsənlini 1 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılması ilə bağlı qərar verilib. G.Həsənli məntəqə tipli həbsxanada cəza çəkməyə məhkum edib. Məsələ burasındadır ki, bu iş üzrə şikayətçi yoxdur və cinayət işi hüquq-mühafizə orqanlarının təşəbbüsü ilə fakt üzrə qaldırılıb.

Cəmil Həsənli məhkəmənin qərarını özünün siyasi fəaliyyətinə görə qızının cəzalandırılması kimi şərh edir.
“Hələ 2014-cü ilin oktyabr ayının 2-də Daxili İşlər Nazirliyinin mətbuat xidməti baş vermiş hadisə ilə bağlı yalan məlumat yaymış və qəsdən faktları saxtalaşdırmışdı. Lakin məlumatın yalan olduğu faktlarla (o cümlədən foto materialla) ortaya qoyulduqda, nazirlik bu yalan məlumata görə ictimaiyyətdən üzr belə istəmədi. Məsələyə, hüquqi don geyindirmək üçün Ədliyyə Nazirliyinin ekspertiza institutu hadisə ilə bağlı tibbi və texniki rəy vermiş, hər iki rəy qəsdən baş vermiş hadisəni “ağırlaşdırıcı” məcraya yönəltmişdir. Hadisə zamanı heç bir ağır, az ağır zərər yetirmə halları olmadığı halda ekspertizanın tibbi rəyində bu az ağır zərər yetirmə kimi təfsir edilmişdir. Halbuki Günel Həsənli hadisə baş verən kimi zərərçəkmiş 86 yaşlı Ədilə xanım Səlimovanı Respublika Klinik xəstəxanasına aparmış və klinikada müayinədən sonra onda hər hansı sınıq, ağır və az ağır xəsarət izləri olmadığı üçün Ədilə xanım evinə buraxılmışdı. Eyni zamanda bu barədə xəstəxananın qeydiyyat kitabında müvafiq qeydlər edilmişdi. Texniki ekspertizada isə ekspertlər yalnız sürücünün məsuliyyəti məsələsinə toxunmuş piyadanın məsuliyyəti məsələsini isə məqsədli şəkildə diqqətdən kənarda qoymuşlar. İşdə vəkil kimi çıxış edən Fəxrəddin Mehdiyev bu ekspertiza rəyləri ilə bağlı vəsatətlə çıxış etsə də, lakin onun qaldırdığı heç bir vəsatət hakim Aqşin Əfəndiyev tərəfindən təmin edilməmişdir. Yeri gəlmişkən məhkəmə prosesi başlayanda Ədilə xanım Səlimova öz təşəbbüsü ilə məhkəmə prosesinə gəlmiş və onun baş vermiş hadisə ilə bağlı Günel Həsənliyə qarşı heç bir iddiasının olmadığın həm şifahi, həm də yazılı formada bildirmişdi. Məhkəmə prosesində dindirilən bütün şahidlər bu hadisədə Günel Həsənlinin günahının olmadığını qeyd etmişdilər. Hökm oxunarkən işdə ölüm, sınıq, ağır xəsarət hadisəsinin olmadığı, zərərçəkən kimi təqdim olunan Ədilə Səlimovanın hadisə baş verdiyi gündən indiyə qədər aktiv hərəkətdə olduğu, Günel Həsənlinin himayəsində iki azyaşlı uşağın olması, onun birinci dəfə məhkəmə qarşısına çıxarılması nəzərə alınmamışdır”, – deyə Cəmil Həsənli bildirir.

Milli Şura sədri hakimin qərar çıxarmaq üçün xeyli tərəddüd içində olduğunu da xatırladıb: “Hakim fevralın 19-da səhər saat 10:45-də hökmü elan etmək üçün müşavirəyə getsə də, saat 12-də məhkəmə zalına qayıtmamış və məhkəmə prosesini həmin gün saat 16-ya keçirmişdir. Lakin saat 16-da da hakim hökmü elan etməyə hazır olmamış, prosesin vaxtını fevralın  20-si saat 12-yə təyin etmişdir. Fevralın 20-də oxunan hökmdə Günel Həsənli 1 il 6 ay müddətinə məntəqə tipli müəssisədə cəza çəkməyə məhkum edilməklə yanaşı, sürücülük hüququndan da məhrum edilmişdir. Belə bir sərt qərar baş verən hadisə ilə adekvat olmayıb, mənim müxalif mövqeyimlə bağlıdır. Birinci dəfə deyil ki, Azərbaycan məhkəmələri valideynlərin siyasi mövqeyinə görə onların uşaqlarını cəzalandırırlar”.

***

Məhkəmənin bu qərarına AXCP sədri Әli Kərimli də münasibət bildirib. AXCP lideri facebook səhifəsində yazır:
 
 
"Heç bir şübhə yoxdur ki, bu sifarişli, qərəzli hökmlə rejim ilk növbədə özünün əsas opponentlərindən biri olan professor Cəmil Həsənlini cəzalandırmaq istəyib. 
 
Cəmil Həsənli ötənilki prezident seçkiləri kampaniyası zamanı televiziyadakı 6 dəqiqəlik çıxışları ilə bu oğru hakimiyyəti necə ifşa edibsə, rejimin hələ də tüstüsü təpəsindən çıxır. Cəmil müəllimi susdurmaq üçün hər yola baş vurdular. Alınmadı. Cəmil müəllim seçki kampaniyasında xalqa verdiyi sözü tutdu. Hər zaman haqsızlığa məruz qalanların yanındadır. Ona görə də indi Cəmil müəllimdən qisas alırlar.
 
Rejim atalara görə övladları cəzalandırmaq kimi öz iyrənc siyasətini davam etdirir. Əlbəttə, normal adamlarda ikrah hissi yaradan bu siyasət bu hakimiyyətdən çox da gözlənilməz deyil. 
 
Dövlət vəzifələrini, hətta millət vəkili mandatını pul ilə satan,48 milyard pulu ölkədən çıxaran, cəzaçəkmə müəssisəsində işgəncə ilə öldürülmüş məhkumun qanını batıran, bir gecədə ölkə əhalisinin milyardlarla manat pulunu qarət edib, onları 33 faiz kasıblaşdıran hakimiyyət hər cür mənəviyyatsızlığa qadirdir.
 
Hörmətli Cəmil müəllim, xalqımız hazırda üzləşdiyiniz məhrumiyyətləri millət naminə yaşadığınızın fərqindədir. Təəssüf ki, bugünkü repressiya mühitində hamının imkanı yoxdur sizinlə həmrəyliyini açıq ifadə etsin. Amma inanın ki, 2013-cü il prezident seçkilərində sizə səs vermiş 100 minlərlə vətəndaşımız indi də sizin mübarizənizi rəğbətlə izləyir və hər bir şəraitdə nümayiş etdirdiyiniz ləyaqətli mövqeyə görə sizə minnətdardır!".