Qərarın səbəbini partiya funksionerləri izah etdi: “AXCP-də hökumət ssenariləri keçməyib və keçməyəcək”
AXCP sədri Əli Kərimili sərəncamla müavini Razi Nurullayevi tutduğu vəzifədən azad edib. Bu barədə məlumat AXCP-dən daxil olub. Məlumatda Razi Nurullayevin partiyadakı vəzifəsindən uzaqlaşdırılmasının səbəbi göstərilməyib.
Razi Nurullayev isə AXCP-dəki vəzifəsindən çıxarılandan bir qədər sonra facebook səhifəsində açıqlama yayaraq, partiyaya qarşı müəyyən ittihamlar səsləndirib və onun üzvlüyündən istefa verdiyini qeyd edib.
AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov isə Razi Nurullayevin sədr müavinliyindən nəyə görə çıxarıldığına aydınlıq gətirib. O, özünün facebook səhifəsində yazıb:
“AXCP-nin başqalarından əsas fərqlərindən biri də budur: burada ola-ola hökumətə yarınmaq, ona xidmət etmək olmaz. Olmaz deyərkən onu nəzərdə tuturam ki, bir müddət ola bilsə də, əməlin faş olan kimi sənə qapını göstərəcəklər. Başqalarında təəssüf ki, biz belə prinspiallığı görmürük. Özünü ən böyük müxalifət adlandırıb, hökumətlə birlikdə qəzet buraxanı da var, ətrafının hökumətə xidmətindən maddi cəhətdən bəhrələnəni də. Amma AXCP-də belə şeylər keçməz.
Partiyadan qovulan hökumət emissarları ifşa edildikdən sonra cəbhədə diktatura hökm sürməsindən danışırlar. Paradoks deyilmi? AXCP sədrinin adamlara təzyiq üçün hansı imkanı var? Cəbhənin heç ofisi də yoxdur, pulu da yoxdur. Əli Kərimlinin yanında olanlar da hər zaman özlərini həbs olunmağa namizəd sayırlar. Üstəlik, bu ölkədə cəbhəçilər qədər cəsarətli insanlar çox azdır. Bu adamlar heç topu-topxanası olan hökumətdən qorxmurlar. Əli Kərimli istəsə belə, bu adamları necə qorxuda bilər? Deməli, ziddiyyət, əslində yalan göz qabağındadır.
Məsələ sadədir. Hakimiyyət Əli Kərimlini sarsıtmaq üçün vaxtaşırı AXCP-dən kimisə ələ alır, onları maliyyələşdirir və onlara tapşırır ki, içəridə təşkilatlanın. Öz aləmində ümid edir ki, bu yolla cəbhəni içindən sarsıdacaq. O da ki, alınmır.
Birincisi ona görə ki, cəbhə məktəbi keçmiş insanlar (sıravisi də) çox ayıq olur. Onlar “xaric oxuyanı” o saat tanıyırlar. Razi bəy sədr müavinliyindən bu gün xaric olunub, amma yüzlərlə cəbhəçi Razi bəyin mübarizəsində səmimi olmadığını, könlünün başqa yerdə olduğunu çoxdan hiss etmişdi. Sadəcə, Əli bəyə çox güvəndiklərindən səbr edirdilər. Fikirləşirdilər ki, yetərli fakt olsa, onsuz da sədr tədbirini görəcək.
İkincisi, Əli Kərimli lazımı qərarları vaxtında verə biləcək qətiyyətə sahib, tədbirli, ayıq-sayıq liderdir. Əks təqdirdə hökumətin düşmən münasibətinə bu qədər illər ərzində necə dözmək olardı? Beləliklə, ruhunu şeytana satmış kimsə AXCP-də kök ata bilmir, təşkilatlana bilmir. Onlar da bu uğusuzluqlarını musiqini sifariş edənlərin qarşısında ört-basdır etməlidirlər axı. Bu yerdə də diktatura söhbəti atılır ortaya. Adamlar tez ifşa olunmalarının, partiyadaxili gücə çevrilə, parçalanma şousu yarada bilməmələrinin izahını rəislərinə bu yolla vermiş olurlar. Mübarizəsində səmimi və ardıcıl olanlara isə rejimin hər fəndini vaxtında ifşa edə bilən tədbirli və cəsarətli lider lazımdır. Belə bir lider var və onun qədrini bilmək lazımdır”.
***
AXCP sədrinin müavini Gözəl Bayramlı da özünün facebook qeydində Razi Nurullayevin partiyadakı vəzifəsindən çıxarılmasını hakimiyyətin planlarını pozmaq kimi şərh edib.

"Əli Kərimli hökumət üçün qorxulu yuxuya çevrilib. Nə qorxuda, nə də ələ ala bilirlər. Belə bir alternativin ayaqda qalması hökuməti ciddi narahat edir. Əli bəydən həm də ona görə qorxurlar ki, öz qətiyyətli və gözlənilməz qərarları ilə hökumətin planlarını zaman-zaman ifşa edib. İndi də elə oldu. Razi bəyi sədr müavinliyindən çıxarmaq çox düzgün, bəlkə bir az da gecikmiş qərardır. Bunları açıq yazmazdım. Amma Razi bəyin AXCP-dəki vəzifəsindən çıxarılmasından sonra Əli bəyin ünvanına yazdığı yapsayağı böhtanları oxuyandan sonra qərara gəldim ki, yazmaq lazımdır.
Cəbhəçilər uzun illərdir ki, avtoritarizmin qarşısında sipərdirlər. Həbsə də düşdük, işsiz də qaldıq, amma ideallarımızdan imtina etmədik. Azərbaycanı xilas etmək arzumuz o qədər güclüdür ki, bütün maneələri aşacağımıza inanırıq. Ancaq etiraf edirəm ki, son illərdə Razi bəyin hökumətin könlünü yerində etmək üçün verdiyi açıqlamalara, azay quliyevlərlə, azər həsrətlərlə keçirdiyi birgə tədbirlərə görə dostlar tərəfindən qınanıldığımız vaxtlar da az olmayıb. Canımızı dişimizə tutub dözmüşük. Qapalı toplantılarda sözümüzü desək də, sıralarımızın seyrəlməməsi üçün, bəlkə düzəldi ümüdilə dözmüşük. Amma ötən ilin sonlarında vəziyyət daha da gərginləşdi. Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiyaların şiddətli vaxtında AXCP sədrinin müavini bir hesabat yayıb, hökumətin QHT siyasətini müdafiə etdi. Özünüz hesabatla tanış ola bilərsiniz.
Hesabat yayılan kimi Xədicə İsmayıl sosial şəbəkədə, mən isə partiyanın Rəyasət Heyətində Razi bəyin hökumətyönümlü siyasətini müzakirəyə çıxardıq. Etiraf edim ki, o zaman xeyli sayda prinspial vətəndaş cəmiyyəti fəallarından Razi bəyin bu fəaliyyətinə görə iradlar eşitdik. Mən məsələni Rəyasət Heyətinin müzakirəsinə çıxaranda AXCP sədri söz verdi ki, Razi bəyin fəaliyyətini özü araşdıracaq. Həmin araşdırmalar bizim narahatlığımızın haqlı olduğunu ortaya çıxardı. AXCP sədri də cismi müxalifətdə, ruhu hökumətdə olan müavininə ona məxsus qətiyyətlə qapını göstərdi.
Razi bəy bilməlidir ki, hökumətin ona xüsusi marağı onun öz personası ilə bağlı deyildi. Hökumət həmişə maraqlıdır ki, əsas rəqibini sarsıtmaq üçün onun ətrafını ələ alsın. Etiraf edirəm ki, hökumət bəzən buna nail ola bilir. Çünki bir çoxlarının dəbdəbəli həyat sevgisi əqidəsini üstələyir. Hökumət də bizləri diqqətlə öyrəndiyi üçün kimlərin hansı zəifi olduğunu bilir. Kimi qorxutmaq olursa, qorxudur. Kimin şantajlıq problemi varsa, şantaj edir. Kimi də ələ almaq olursa, ələ alırlar. Bizlər isə minlərlə əqidəli cəbhəçilər ordusu olaraq, bütün məhrumiyyətlərə sinə gərib qətiyyətli liderimizlə birlikdə “yola davam” deyirik.
Millətimizin qurtuluş savaşında əlbəttə, itkilərimiz olacaq, amma sonda qələbə də olacaq. Bu qələbədə həmmüəllif olmaq şansını itirənlərə yazıq”, – deyə G.Bayramlı yazıb.
***
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da Facebook səhifəsində Razi Nurullayevin partiyadan çıxarılma səbəblərindən yazıb və onun partiyaya qarşı ittihamlarına cavab verib:
"Əli bəy siyasi dözümlülük və birgə fəaliyyət dönəminə hörmət göstərərək Razi bəyin sədr müavinliyindən niyə azad olunmasının səbəbini göstərməyib.


