Nuland müxalifətlə niyə görüşmədi?

Bu, real müxalifətin qəbul edilməməsinin yox, dünyanın probleminin hakimiyyətlə olmasının göstəricisidir

 
Azərbaycan hakimiyyətinin xarici və daxili siyasəti bütün parametrlər üzrə qeyri-şəffaf olub. 22 illik YAP hakimiyyətinin missiyası bundan ibarət olub ki, daxildə qorxu mühiti yaratsın, real müxalifəti susdursun, azad sözü boğsun və ölkə sərvətlərini asanlıqla talan edə bilsin. Xarici siyasətdə isə milyonlarla vəsait xərcləyərək  mədhiyyəçi ekspertlər tapıblar, enerji amili ilə dünyanı şantaja cəhd ediblər və hər dəfə müxtəlif manevrlərlə  siyasi islahatlardan yayınıblar. Təbii ki, dünyanın 4 tərəfində xeyriyyəçilik layihələri, kürü diplomatiyası, bahalı hədiyyələr də müəyyən sığorta rolunu oynaya bilib.  
Amma yazmaq istədiyimiz əsas məqam hakimiyyətin müxalifəti gözdən salmaq üçün bütün vasitələrdən istifadə etməsidir.  20 ildir hökumət mətbuatı, televiziya kanalları, vəzifəli şəxslər real müxalifət qüvvələrinə qarşı şər-böhtan kampaniyası aparmaqla məşğuldu. Məhz bunun nəticəsidir ki, ölkə həbsxanalarında 100-lərlə siyasi məhbus var, ölkənin ən güclü müxalifət partiyasının qərargahı, müxalifət liderinin posportu yoxdur. Eyni zamanda müxalif fikirli insanlar doğmaları ilə şantaj edilir, sərbəst toplaşama azadlığı təmin olunmur, müxalifət mətbuatı sıradan çıxarılır və əvəzində “cib müxalifəti” yaradılır. 
Amma bütün bunlara baxmayaraq real müxalifət hələ də meydandadır və heç bir məhrumiyyət bu qüvvələri sıradan çıxara bilmir. Ona görə də hakimiyyətin müxalifət düşərgəsinə hücumları davam edir və müxalifəti gözdən salmaq üçün ən xırda nüansı da gözdən qaçırmırlar.
Belə ki, bir neçə gün öncə ABŞ Dövlət katibinin müavini Viktoriya Nulandın Cənubi Qafqaz səfəri reallaşdı və səfər çərçivəsində Azərbaycanda da oldu. Səfər zamanı Viktoriya Nuland bir qrup vətəndaş cəmiyyəti nümayəndələri ilə 20 dəqiqəlik görüş keçirdi.
Indi hökumət mətbuatı bayram edir ki, Viktoriya Nuland müxalifətlə görüşmədi. Əslində hakimiyyət təmsilçiləri Viktoriya Nulandın müxalifətlə görüşməməsinin səbəbini yaxşı bilirlər. Sadəcə olaraq daxili auditoriyaya yanlış informasiya ötürmək üçün məqam kimi dəyərləndirirlər. Çünki, sadə vətəndaş məsələlərin dərinliyinə nüfuz edə bilmir. Ona görə də hakimiyyət bu səfəri müxalifətə qiymət verilməməsi, müxalifətin nüfuzu olamaması kimi tirajlamağa cəhd edir.
Əvvəla, hansısa mötəbər şəxsin ölkə müxalifəti ilə görüşməməsi hakimiyyətin uğuru sayıla bilməz. Çünki, normal hakimiyyətlər ölkədə müxalifətin olması, fərqli fikrin sərbəstliyi və iqtidar-müxalifət münasibətlərinin normallığı ilə fəxr edirlər. Yəni belə bir məqama sevinmək hakimiyyətin avtoritar mahiyyətini etiraf etməsidir.
Əslində isə Viktoriya Nulandın səfər planı yalnız Azərbaycanla bağlı deyildi. Bu, Cənubi Qafqaz səfəri idi və birbaşa hakimiyyətlə bəzi məqamları aydınlaşdırmaq məqsədi güdürdü. Yəni Viktoriya Nuland Azərbaycan hakimiyyəti ilə mühüm məqamları müzakirə etməyə və ABŞ-ın mövqeyini bir daha səsləndirməyə gəlmişdi. Hakimiyyətə heç bir bəhanə verməmək üçün də müxalifətlə görüş nəzərdə tutmamışdı. Onu da qeyd edək ki, Viktoriya Nuland yalnız Bakıda deyil, Gürcüstanda da Azərbaycana mesaj göndərib. Belə ki, o, Azərbaycandakı  demokratik vəziyyəti Gürcüstandan və Ermənistandan da aşağı qiymətləndirib və müxalifətlə birgə işləməyin vacibliyini çatdırıb.
Gəlin hökumətimizi sevindirən bu məqama bir az da işıq salaq. Artıq faktdır ki, Azərbaycanın “cib müxalifəti”ni  dünyaya sıramaq dövrü keçib. Yəni xaricdən gələn mötəbər şəxslər, bugün iqtidarla “dilaoq”a gedən müxalifəti qəbul etmir. Məhz bunun göstəricisidir ki, Fransa prezidenti Fransua Olland, Isveçrə prezidenti Didye Burkhalterÿbütün maneələrə baxmayaraq, Bakı səfəri zamanı real müxalifət qüvvələri ilə görüşdülər. Yəni hakimiyyətin “islaholunmuş heyəti”ni qəbul etmədilər. Digər bir məqam bugünlərdə  Avropa Parlamentində Azərbaycnla bağlı geniş arayışın hazırlanmasıdır. Həmin arayışda göstərilir ki, Azərbaycan hakimiyyəti avtoritarizmə yuvarlanıb, ölkə müxalifəti isə demokratiya, insan haqlarının tərəfdarıdır və Qərblə əməkdaşlığa önəm verir. Yəni bu arayışdan da görünür ki, Qərbdə kimin kim olduğunu yaxşı bilirlər. 
Amma məsələ bununla da yekunlaşmır. Bu gün Azərbaycan hakimiyyətinin Qərblə münasibətlərini gərginləşdirən əsas səbəb siyasi məhbus məsələsidir. Hakimiyyətin qondarma ittihamlarla həbs etdiyi insanları bütün dünyada “vicdan məhbusu” kimi qəbul edirlər və ən nüfuzlu mükafatlara layiq görürlər. Və bu adamlar Azərbaycan müxalifətini təmsil edir.  Deməli, Azərbaycandakı real müxalifət qüvvələrinin  fəaliyyəti də, bəşəri dəyərlərin dəstəkçisi olduğu da,  hakimiyyətin repressiyasına məruz qalması da dünyaya məlumdur.  
Azərbaycan müxalifətinin dünyada qəbul olunmasına daha bir sübut 2013-cü ilin prezident seçkiləridir. Belə ki, bu seçkidə birləşmiş müxalifətin vahid namizədi birmənalı qələbə qazandı və bu qələbə xeyli vasitələrlə sübuta yetirildi. Amma hakimiyyət “ənənə”sinə sadiq qalaraq seçkiləri saxtalaşdırdı. Ancaq əvəzində beynəlxalq müşahidə missiyası seçkini “58 faiz pis və ya çox pis” kimi qiymətləndirdi. Məhz 9 oktyabr seçkilərindən sonra Əliyev hakimiyyəti legitimlik problemi yaşadı. Bundan sonra dünya mətbuatı hakimiyyətə real alternativ kimi Milli Şuranı  göstərməyə başladı və bugün də müxalifət düşərgəsi Milli Şurada qurulub. Məhz bunun göstəricisidir ki, hakimiyyətin 17 partiya ilə “dialoq” qurması da legitimləşə bilmir. Çünki, bu tərkibdə dünyanın və cəmiyyətin qəbul etdiyi müxalifət yoxdur.
Ona görə də Viktoriya Nulandın müxalifətlə görüşməməsini bayram edənlər ABŞ-ın, Avropa Parlamentinin, dünyanın nüfuzlu mətbuat orqanlarının, beynəlxalq ekspertlərin Azərbaycan hakimiyyətinə mənfi münasibətini matəm kimi qeyd etsələr, yaxşı olar.
İlham