Dollar hansı templə qalxacaq?

Mərkəzi Bankın dollar satışı ilə bağlı verdiyi göstərişlərə məhəl qoyulmur

Ölkədə fəaliyyət göstərən banklar əhalini dollar alışı ilə bağlı təşvişə düşməməyə çağırır. ANS TV- nin məlumatına görə, hətta iri banklardan birinin nümayəndəsi Rəşid Salehov iştirak etdiyi tədbirdə çıxışına “Dollarımız hələ çoxdur” mesajı ilə başlayıb. Bank nümayəndəsi bildirib ki, Mərkəzi Bankın tapşırığına uyğun olaraq müraciət edən insanların əmanətləri dollara çevrilir. Eyni zamanda mübadilə məntəqələrinə də lazımıi qədər dollar göndərilir. Lakin eyni vaxtda çox sayda insanın müraciəti növbələr yaradır. Bank rəsmisi vətəndaşları bu günlərdə ehtiyatlı olmağa çağırıb.
Rəşid Salehov bildirdi ki, hər bir bank öz saytında valyuta dəyişimi haqqında məlumatı yerləşdirməlidir. O məsləhət gördü ki, əgər kimsə mübadilə etmək istəyirsə onda onu güvənilir bankda etsin.
Amma bununla belə rəsmilərin bəyanatlarına baxmayaraq reallıq tam fərqlidir. Valyuta dəyişmə məntəqələrində dollar satışı faktiki olaraq dayandırılıb. 
“Manatla bağlı psixoloji faktor”
Iqtisadçı Oqtay Haqverdiyevin fikrincə, hazırda manatla bağlı yaşananlar ajiotaj deyil, sadəcə psixoloji bir haldır: “Sual yaranır ki, nəyə görə camaat Mərkəzi Bankın sədrinin çıxışını düzgün başa düşməyiblər? Ötən ilin dekabr ayının 30-da Mərkəzi Bankın bəyanatı olub. Bəyatda açıq-aydın qeyd edilir ki, 2015-ci ildə maliyyə-kredit siyasəti stabil qalacaq. Manatın məzənnəsi stabildir və makroiqtisadi sabitliyin pozulması üçün heç bir əsas yoxdur. Belə ki, son 4-5 il ərzində dollar məzənnəsi 0,78 qəpik olub və bu hədd 2015-ci ildə də dəyişməz olaraq qalacaq”.
O.Haqverdiyev hesab edir ki, Azərbaycanda dollarla bağlı baş verən ajiotaj əsasən Rusiyada gedən proseslərin təsiridir. Belə ki, bu ölkədə dolların devalvasiyasını görən insanlarımız təşvişə düşüb. Məhz belə bir vaxtda Mərkəzi Bankın sədri “Financial Times” qəzetinə açıqlama verir.
 
“Manatla kredit ayrılması dayandırılıb”
 
Azərbaycan banklarının bir qismi manatla kredit ayrılmasını dayandırıb. Bu, “fins.az”ın bank sektorunda apardığı araşdırma nəticəsində məlum olub. Söhbət əsasən kütləvi şəkildə istehlak kreditləşməsi ilə məşğul olan banklardan (“Accessbank”, “Amrahbank”, “Azər-Türk Bank”, “Bank of Baku”, “Bank BTB”, “Bank Respublika”, “Bank Standard”, “Dəmirbank”, “Xalq Bank”, “Muğanbank”, “Rabitəbank”, “Bank Technique”, “Unibank”) gedir.
Banklar manatdan imtina etmələrini son günlər onun məzənnəsində yaranmış qeyri-müəyyən vəziyyətlə, daha dəqiq desək, milli valyutanın dəyərdən düşməsi ilə izah edirlər.
Bununla belə, kredit təşkilatlarının bir qismi həm manatla, həm də ABŞ dolları ilə kredit ayırır. Bəzi banklar isə kreditləşmədə yalnız manatdan istifadə edir. Banklar arasında kredit verilməsini hər iki valyuta ilə dayandıranlar da var.
“Nikoil Bank” da müştərilərinə kredit verilməsini dayandırıb. Bu barədə bankdan bildirilib. Məlumata görə, kreditləşməyə fasilə verilməsi illik faiz dərəcələrinin aşağı salınması ilə bağlıdır: “Yaz fəsli ilə bağlı endirim kampaniyamız olacaq. Buna görə də, hələlik kredit vermirik” – deyə bankdan bildirilib.
Əslində kreditləşdirmənin dayandırılması bir daha sübut edir ki, Mərkəzi Bankın göstərişlərinə baxmayaraq banklar gözləmə mövqeyini seçib. Və əllərində olan dollar ehtiyatını hazırkı kurs ilə manata dəyişməyi, vətəndaşlara dollar ilə kredit verməyi istəmir. Bu isə ona işarədir ki, banklar manatın məzənnəsinin bir qədər də enəcəyini gözləyir.
 
“Banklar şənbə və bazarda işləyəcək”
 
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə fəaliyyət göstərən bütün kommersiya banklarının qarşıdakı şənbə-bazar günlərində (fevralın 21-22-də) işləməsi ilə bağlı tapşırıq verib.
Bank dairələrindən Report-a verilən məlumata görə, bununla bağlı AMB tərəfindən bütün banklara müvafiq məktub göndərilib.
Mərkəzi Bank tərəfindən banklara ünvanlanan məktubdak tapşırıq həm paytaxt, həm də regional mərkəzlərə aiddir.ÿÿ Kommersiya banklarından “Report”a bildirilib ki, bu, əsasən xəzinadarlıq və əməliyytaçılara aiddir. Qeyd edək ki, Azərbaycanda bir sıra banklar şənbə günü bir neçə filialla fəaliyət göstərsə də, bazar günü onlar üçün qeyri-iş günüdür.
Azərbaycan Beynəlxalq Bankından da məlumatı təsdiqləyiblər və bildiriblər ki, müştərilərin bank xidmətlərinə artan tələbatın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə fevralın 21-22-də ABB-nin bütün filialları adi iş rejimində müştərilərə xidmət göstərəcək.
Bank mütəxəssislərinin fikrincə, AMB-nin bu göstərişi son günlər nəğd valyuta bazarında ABŞ dollarına artan tələbatın dolğun təmin olunmasının təşkil edilməsi və valyuta mübadiləsi məntəqələrində alış-satış məzənnəsinin artımının qarşısının alınması məqsədi ilə verilib.
 
Məhəmməd Talıblı: “Dollar kütləsi azaldıqca manatla əməliyyatlar məhdudlaşıb”
 
Iqtitsadçı Məhəmməd Talıblı isə hesab edir ki, dollar qıtlığını Mərkəzi Bank yaratmır kommersiya banklarının dollara tələbi artığına görə belə vəziyyət yarnıb: “Dollar qıtlığının əsas yaranma səbəbi vətəndaşların və biznesin yığımlarını dollarla aparmasındadır. Manat tələbi azalıb, dollar qıtlığı isə artıb. Neft qiymətlərinin isə aşağı olması dollar kanalını daha da daradıb. Dollar kütləsi azaldıqca həm tələb artır, həm də bunun fonunda manatla əməliyyatlar məhdudlaşıb. Eyni zamanda dollarla daşınmaz əmlakın və avtomobillərin alqı-satqısı artıb”.
M.Talıblının sözlərinə görə, manatın dəyərinin qorunub saxlanması üçün əvvələr MB il ərzində bu prosesi nəzarətdə saxlayardısa, hazırda bu zaman kəsiyi həftələri və günləri əhatə edir. “Bu onu göstərir ki, milli valyutanın sabit və dönərli valyuta olaraq saxlanması xeyli çətinləşib. Bu isə Mərkəzi Bankdan daha effektiv monetar alətlərdən çevik istifadə etməyi zəruri edir”, deyə M.Talıblı vurğuladı.
Xəyal