Bir az da siz fədakar olun!

Insanın öz gücü daxilində edə biləcəyi fədakarlıqlar var. Bəzən böyük xəyallar, arzular, inanc və ideyalar naminə varlığını belə əsirgəməz insan. Qarşılıq gözləmədən, əvəz istəmədən, sevgi və həyəcanla fəda edər özünü o şeylərin  uğruna. Imkansız yollara yürüməkdən, əngəlləri aşmaqdan, yoxu var etməkdən kimsə saxlaya bilməz bu hədəfləri olan insanı. Amma çox zaman böyük xəyalların gerçəkliyə çevrilməsi təkcə insanın öz gücünə bağlı deyil. Min cür zəhmətlə edilən bu fədakarlıqlar gəlib bir nöqtədə səndən asılı olmayan əngəllərə dirənir. Ondan sonrası artıq bir çevrənin, mühitin və ya başqa insanların iradəsinə keçən məsələyə çevrilir. “Azadlıq” qəzetinin fədakarları da illərdir belə bir gediş əsasında işləyir. Müəyyən dövr üçün olub-qalan imkanlarını səfərbər edib nəfəs dərmədən çalışır. Gəlib ayağı bəhs etdiyimiz maneələrə ilişəndə, dayanmaqdan başqa çarəsi qalmır…
Ünlü türk şairi Necip Fazil bir konfransda ad çəkmədən hansısa qəzeti tənqid edirmiş. O qədər açıq danışırmış ki, işin içində olmayan kənar biri də hansı qəzetdən söhbət  getdiyini anlaya bilərmiş. Amma dinləyicilərdən biri qalxıb onun sözünü kəsərək soruşur: “Siz hansı qəzetdən bəhs edirsiniz?” Şair də ona sual verir: “Siz nə işin sahibisiniz?” “Odunçuyam”- deyir adam. “Aydındır, otur!”-  cavab verir Necip Fazil. Düşünürəm, bizim də durub hər dəfə bu qəzetin əhəmiyyəti haqqında uzun-uzadı danışmağımızın bir anlamı yox. Hamı hər şeyi gözəl bilir. Ən azı “Azadlıq” hakim rejimin hədəfindəki tək qəzet olduğuna görə, nədən bu qədər məhrumiyyət içində çırpındığını da hər kəs anlasın gərək. 
Əslində, hökumətin düşünülmüş basqıları olmasaydı, bu qəzet satışdan özünü tam maliyyələşdirə bilərdi. Ancaq bilirsiniz ki, şəhərdə qəzet satışı nöqtələri, demək olar, ləğv olunmuş durumdadır. Üstəlik, “Qasid” firması da satışdan olan böyük məbləğdə borcunu ödəməməkdə israrlı görünür. Heç təəccüblənəcək bir şey də yox. Bu da hökumətin qəzetə qarşı planladığı çeşidli təzyiq vasitələrindən biridir, şübhəsiz. Hələ mən sifarişli məhkəmə işlərini, qanunsuz cərimələri bir yana qoyuram…
Uzun illərdir bu ağır şərtlər altında dayanmadan yola davam edən “Azadlıq” yenidən oxucularına müraciət edib. Onları abunə kampaniyasına daha yaxından dəstək verməyə çağırıb. Çünki hazırkı durumda, həqiqətən, oxuculardan başqa ümid yeri yoxdur. Çünki bu təzyiq, şantaj, hədə-qorxu mühitində nə qəzetə maliyyə dəstəyi verəcək qədər ürəkli iş adamı tapmaq mümkündür, nə də xarici ölkələrdəki kimi rəqabətli reklam bazarına girib oradan qazanc götürmək. O üzdən, on illərdir bu qəzetlə bərabər yol gələn sadiq və vəfalı oxuculara bir daha səslənmək istəyirik. Siz çox zaman elə qəzetin özü qədər fədakarlıqlar etmisiniz. Çox zaman qəzet üçün ayırdığınız o pulun ailə büdcənizdən kəsilib verildiyini də bilirik. Lakin bu dəfə sizdən bir az da artıq fədakarlıq etməyinizi istəyirik. Çevrənizdə, yaxınınızda, doğmalarınız arasında “Azadlıq”ın abunə kampaniyası üçün də vasitəçi olun. Hər gün internet üzərindən on minlərlə oxucunun ziyarət etdiyi bir qəzet üçün 4-5 min abunəçi böyük problem olmasın axı gərək. Məclisə düşəndə, çay masası arxasına yığışanda hər kəs ölkənin ağır durumundan gileylənir, dəyişiklik arzularından, qanunçuluqdan danışır. Axı bütün bunların baş verməsi üçün daha artıq fədakarlıq lazımdır hər şeydən öncə. Ölkənin haqq deyən yeganə qəzetini ortalıqda təkbaşına buraxmaqla olmaz ki, bu iş. Eşitmisiniz bəlkə, belə bir deyim var: “Fədakarlıq qarşılıqlı olana deyilir, biri ”fəda" edərkən o biri “kar” edirsə, artıq onun adına ticarət deyilir".