Qadir İbrahimli
Azərbaycan hökuməti getdikcə Rusiya dövlətinə oxşamağa başlayır. Rus siyasətini ağılla qiymətləndirmək mümkün olmadığı kimi, Azərbaycan hökumətinin siyasətini də ağılla dəyərləndirmək mümkün deyil. Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilməsi də bu baxımdan ən bariz nümunədir.
Manatın rəsmən öldürülməsi ilə bağlı Azərbaycan Mərkəzi Bankının yaydığı rəsmi məlumatda deyilir: “Bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib. Manatın məzənnəsinin korreksiyası həmçinin xarici ticarət tərəfdaşımız olan əksər ölkələrin milli valyutalarının son dövrlərdə əhəmiyyətli ucuzlaşmasının milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmağa yönəlib. Mərkəzi Bank müəyyən edilmiş dəhliz çərçivəsində valyuta bazarında iştirakını davam etdirəcək.
Bu arqumentlərin sabun köpöyü olmasını sübut etmək üçün nə iqtisadçı, nə də ağıllı olmağa ehtiyac var. Adamdan soruşarlar: sənin ixracın var ki, onu da stumullaşdırmaq üçün manatın bir anın içində 35 faiz ucuzlaşdırısan. 95 faiz neft ixrac edirsən ki, onun da manata dəxli yoxdur. 5 faiz meyvə-tərəvəz ixrac edirsən ki, onun da manata dəxli yoxdur. 70 faiz idxaldan asılı bir ölkənin ixracı stimullaşdırmaq üçün bir gecəyə yerli valyutanı 35 faiz ucuzlaşdırmaq barədə qərarı yalnız psixasında ciddi problemləri olan adamlar qəbul edə bilər.
Ancaq göründüyü qədər də axmaq adam deyillər. Öz ciblərini doldurmaq üçün 9,5 milyonluq əhalini rəzil duruma salan qərarlar verməyə cəsarəti catacaq qədər hiyləgərdirlər. Bir həftə öncə xəbər yaydılar ki, devalvasiyaya gedilir. Dərhal dollar satışı dayandılıdı. Fevralın 20-də Mərkəzi Bankın dollar alverçiləri şənbə-bazar günlərində də banklara işləmək tapşırığı verildi. Demə, dollar alverçiləri qara şənbəyə hazırlıq görürlərmiş. Yəni bu qərar bu gün ən azı 10 gün qabaq verilibmiş. Budur qara şənbə başladı – dollar qara bazarda artıq 1 manat 48 qəpiyə satılır. Bankirlər valuyuta etiyatlarını satışa çıxartmaqla bir günə ən azı 1 milyard dollar qazanacaq. Əhali manat ehtiyatlarını kütləvi şəkildə dollara dəyişmək qərarı verib. Ölkə üzrə bu ehyiyatların həci ən azı 10 milyard manatdır. Bu deməkdir ki, əhalinin cibindən ən azı 3-4 milyardı çıxarıb, ciblərinə ötürürlər.
Bu təkcə, Mərkəzi Bankın yox, həm də hökumətin siyasətidir. Hökumət hətta böyük neft pulları ölkəyə axmağa başlayandan, el dili ilə desək, əli pulla oynayanda da həvəslə mütəmadi olaraq əhalinin cibinə əl gəzdirirdi. Məhz ölkəyə böyük neft pulları axmağa başlayandan əhaliyə satılan təbii qaz 17 fəfə, işıq 3 dəfə, benzin 3 dəfə, nəqliyyatda gediş haqqı 2 dəfə, metroda gediş haqqı 4 dəfə bahalaşıb. Böyük pullarla oynayan vaxt hökumət bu vərdişini təgitmədisə, təbii pullar azalandan sonra da tərgitməyəcək. Ancaq belə fantastik gedişi heç kim gözləmirdi.
Heç Rusiyada da rublun belə fantastik sıçrayışı olmamışdı. Qıtlıq, müharibə və Qərbin sarsıdıcı sanksiyaları fonunda rubl səkkiz aya cəmi 60 faiz ucuzlaşıb. Ancaq Azərbaycanda cəmi 1 günə rəsmi 35, faktiki isə 70 faiz manat ucuzlaşdı, Azərbaycan iqtisadiyyat de-fakto dollarlaşdı.
Bir iqtisadçı olaraq yaxşı anlayıram ki, ölkənin neft və valyuta ehtiyatları azalır. Mərkəzi Bank 16 milyard dollarlıq valyuta ehtiyatı ilə uzun müddət manatın dollara məzənnəsini 78 qəpik səviyyəsində saxlaya bilməzdi. Bu həddə saxlamaq üçün Mərkəzi Bank hər ay ən azı 1,2 milyard dollar xərcləməliydi. Burada 2 optimal yol var idi. Birincisi MB manatın tədricən ucuzlaşmasına gedib, hər ay məzənnəni 1 və ya 2 qəpik bahalaşdırdı. İkincisi, manatı sərbəst buraxırdı. Hökumət optimal variantları yox, heç kimin ağlına gəlməyən ən pis variantı seçdi – inzibati yolla manatın ucuzlaşdırdı. Bundan sonra hökumətin ən fantastik variantlarına hazır olmaq lazım gəlir – çünki bu hökumət ağılla idarə olunmur.
Hökumətin diktə etdiyi reallıq budur: gəlir mənim, ziyan isə bütün Azərbaycan xalqınındır. Neft gəlirləri azalır, vergi müfəttişləri dərha marketlərə cumur və iş adamlarını soyurlar, neft gəlirləri azalır, dərhal manatı inzibati yolla öldürürlər, neft gəlirləri azalır, dərhal gömrükdə qeyri-rəsmi ödənişlər artır.
Hökumətin bütün gəlirlərinə ali məmur korpusu, ziyanına isə 9,5 milyonluq xalq şərikdir.