“Bu qərar xalqın aldadılmasıdır”
AXCP Mərkəzi Bankın manatı kəskin ucuzlaşdırması ilə bağlı bəyanat verib. Bəyanada deyilir:
“Azərbaycan Respublikasının Mərkəzi Bankı inzibati qaydada dollara və avroya münasibətdə manatın məzənnəsində ciddi dəyişiklik aparıb. 21.02.2015-ci il tarixində valyuta məzənnələri üzrə “1 ABŞ dolları =1,05 manat” və “1 avro=1,1950 manat” nisbətini tətbiq etməklə Mərkəzi Bank manata nisbətdə dolları 33,6%, avronu 33,3% bahalaşdırıb. Bununla da, insanların cibində, evində, banklarda manatla saxladıqları əmanətlər kəskin şəkildə dəyərini itirib. Banklarda 4,4 milyard manat saxlayan əmanətçilər bir gecədə 1,4 milyard dollardan artıq ziyana düşüblər. Maaşların alıcılıq qabiliyyəti dəyərini kəskin şəkildə itirib. Ökə üzrə orta aylıq əməkhaqqı səviyyəsi 566 dollar olduğu halda, indi bu göstərici 423 dollara düşərək 143 dollar azalıb. Beləliklə, maaşların, pensiyaların, təqaüdlərin, müavinətlərin və digər manat şəklində əldə edilən gəlirlərin dollarla alıcılıq qabiliyyəti başlanğıc halında 25%-dən çox azalıb. Mərkəzi Bankın bu qərarı iri, orta, kiçik sahibkarların, müəssisə və təşkilatların banklarda, kassalarda manat şəklində saxladıqları maliyyə vəsaitlərini kəskin şəkildə dəyərdən salıb. Banklar milli valyuta ilə yerləşdirdikləri kreditlərə görə 4,3 milyard dollar itki veriblər. Dövlət başçısının çağırışına inanıb öz maliyyə vəsaitlərini manata çevirmiş yerli, xarici vətəndaşlar, sərmayədarlar, idxal-ixrac əməliyyatlarının iştirakçıları xeyli ziyana düşüblər.
AXCP bildirir ki, heç bir normal ölkədə belə hadisələr baş vermir. Hətta, milli valyutanı ucuzlaşdırmaq gərəkirdisə də, bu, tədricən, həm də birjalarda, valyutadəyişmə məntəqərində aramala baş verməli idi. İnsanların imkanları olmalı idi ki, əllərində, hesablarında olan milli valyutanı sərbəst şəkildə istədikləri valyutaya dəyişə bilsinlər. Bu qərar məhz ona görə belə xəlvəti şəkildə həyata keçirilib ki, insanlar belə imkanlardan məhrum olsunlar.
AXCP bəyan edir ki, ölkə sürətlə bahalaşma mərhələsinə qədəm qoyacaq. Hər şeyin qiymətləri yüksələcək. Bank kreditlərinə görə faiz dərəcələrinin yüksələcəyi şübhə doğurmur. Ticarət sistemində sabitliyin pozulması ehtimalı böyükdür. Qeyri-neft sektorunun maliyyə ehtiyaclarını qarşılamaq sahəsində çətinliklərin miqyası daha da artacaq. Əhalinin alıcılıq qabiliyyəti sürətlə pisləşəcək. O zaman, bu gecə atılmış anti-xalq addımının bütün ağırlıqlarını hamı öz üzərində daşımaq məcburiyyətində qalacaq.
Azərbaycan Xalq Cəbhəsi bildirir ki, Mərkəzi Bank bu qərarı ilə etibar və inamdan sui-istifadə etməklə, xalqa külli miqdarda ziyan vurub, dövlət-vətəndaş inamını, etimadını ciddi şəkildə zədələyib.
AXCP hesab edir ki, bu qərar xalqın dövlət səviyyəsində rəsmən aldadılmasıdır. Hökumət öz məsuliyyət hissini bir kənara ataraq, bu cür anti-xalq hərəkətə həm də ona görə yol verə bilir ki, özünü ictimai sorumluluqdan azad hiss edir. Ölkədə azad media və vətəndaş cəmiyyəti institutları sıradan çıxarılıb, söz azadlığı və fərqli fikirlər boğulur, siyasi müxalifət repressiya olunmaqla zəiflədilib və s. Avtoritarizmdən diktaturaya keçid alan hakimiyyət belə şəraitdə istədiyi hər cür pisliyi etməyə qadirdir.
Buna görə də Azərbaycan vətəndaşları avtoritar rejimə qarşı mübarizəyə təkcə siyasi iş kimi baxmamalı, gündəlik həyatlarının məhz bu mübarizənin nəticəsindən asılı olduğunu bilməlidirlər".