Abdulla Abdullayev 4 il əvvəl baş verənlərlə bağlı Zakir Qaralova nə yazmışdı?
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırmada təqsirləndirilən AMAY ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayev barəsindəki cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib.
Lent.az-ın məlumatına görə, ittiham aktında Abdulla Abdullayevin ümumilikdə 144 milyon 211 min 254 manat pul vəsaitinin leqallaşdırılması göstərilib. Qeyd edilib ki, Abdulla Abdullayev 2006-2012-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləyərkən, habelə “AMAY” və “Xudafərin” MMC-lərin fəaliyyətinə faktiki rəhbərlik etdiyi müddətdə müxtəlif talama cinayətləri törədib. O, əldə edilən pul vəsaitlərinin həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, yerləşdirilməsinin, onların kimə məxsus olmasının ört-basdır edilməsi və gizlədilməsi məqsədilə AMAY MMC-nin Xətai rayonu, Nobel prospekti 23 ünvanında yerləşən binasıın təmit-tikinti işlərinə, eləcə də Iranda olan istintaq məlum olmayan sahibkarlıq fəaliyyətinə sərf etməkdə təsirli bilinir. Beləliklə aktda qeyd edilir ki, Abdulla Abdullayev cinayət yolu ilə əldə edildiyini bilə-bilə külli miqdarda – 144 milyon manatdan artıq pulu leqallaşdırıb.
Ittiham aktında qeyd edilir: “2006-2008-ci illərdə ”Birlikbank" ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaitin özü tərəfindən müəyyən edilməklə ayrı-ayrı hüquqi şəxslərin müvəkkil edilmiş kredit təşkilatı olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməsinə nail olaraq həmin vəsaiti faktiki rəhbəri olduğu AMAY MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf edib. Eləcə də Abdulla Abdullayev “Texnikabank” ASC-də bank tərəfindən ayrı-ayrı müəssisələrə kredit vəsaitlərinin ayrılmasını rəsmləşdirilməsinə nail olmaqla ümümilikdə 40 milyon 150 min manat pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib. Abdulla Abdullayev 2003-2012-ci illərdə “Xudafərin” MMC-nin Bakı şəhəri, Atatürk prospekti 3078 “a” ünvanında inşa etdirdiyi binadan ümumilikdə 262 mənzil və 3146 kv metr qeyri yaşayış sahəsinin satışından 11 milyon 218 min 675 manat məbləğində pul vəsaiti alsa da, binanın tikinti-quraşdırma işlərinə 7 milyon 712 min 913 manat sərf edib və ümumilikdə 3 milyon 505 min 762 manat mənimsəyərək dələduzluq edib".
Qeyd edək ki, bu məsələ 2011-ci ildə gündəmə gəlib. Hələ o zaman Abdulla Abdullayev baş prokuror Zakir Qaralova müraciətində “Texnikabank”ın iddialarının əsassız olduğunu vurğulamışdı. “Əgər kredit verməni ”Texnikabank" ASC-nin özü təklif edirsə və istənilən məbləği, bir firmaya deyil, bir neçə firmaya verilməsi şərtini irəli sürürsə və bunu necə etməyin yolunu göstərirsə, burada hansı aldatmadan söhbət gedə bilər. Əksinə “Texnikabank” ASC-nin verdiyi təkliflər, bankın hələ 2007-ci ildən düşünülmüş və planlı şəkildə himayədarlarının köməkliyi ilə həyata keçirməyə başladıqları “piramida” tipli dələduzluq cinayətindən xəbər verir. Keçən müddət ərzində baş verənlərə nəzər yetirdikdə, istintaqın necə canfəşanlıqla onlara ayrılmış rolu ustalıqla oynadıqlarını görmək olur. Bunun üçün, hətta hüquq elmində xüsusi biliyə ehtiyac yoxdur. Hətta bir gün əvvəl yaradılmış firmalara külli miqdarda kredit vermişlər. Bəlkə də belə hal bir dəfə baş vermiş olsaydı, bunu təsadüf və ya bank əmakdaşlarının aldanaraq, dələduzların qurbanı olmalarını demək olardı, ancaq belə halın, ardıcıllıqla 35 dəfə təkrarlanması “Texnikabank”ın aldadılmasını deyil, əksinə bilərəkdən aldatmasını sübut edir", – deyə Abdulla Abdullayevin baş prokurora yazdığı müraciətdə bildirilirdi.
Hələ o zaman məlumat yayılmışdı ki, baş verənlərin kökündə Abdulla Abdullayevin hakimiyyət tərəfindən çökdürülməsi dayanır. Bunun səbəbi isə Abdulla Abdullayevin dövlət başçısı Ilham Əliyevin əmisi Cəlal Əliyevə yaxın şəxs olması ilə bağlıdır. 2005-ci ildən başlayaraq Cəlal Əliyev bütün proseslərdən təcrid olunub. Bundan sonra onun adamları da hədəfə gəlib. Sonradan isə məlumat yayıldı ki, hakim ailə Abdulla Abdullayevdən AMAY-ı tələb edir. Iş adamının bununla razılaşmaması onun həbsinə səbəb oldu.
Xatırladaq ki, Abdulla Abdullayev Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 179.3.1,179.3.2, 193-1.3.2 və 308.2 maddələri ittiham olunur.



