Ölkədə sahibkar üsyanı baş verə bilər

Hakimiyyət kütləvi vergi cərimələri ilə böhrandan çıxmaq istəyir

Böhran Azərbaycan hakimiyyətini hərəkətə gətirib. Lakin bu hərəkətlənmə özündə vəziyyətdən real çıxış yolları tapmaq, yaxud tədbirlər görməyi ehtiva etmir. Hakimiyyət yenə də çıxış yolunu vətəndaşları, xüsusilə sahibkarları soymaqda görür. Redaksiyamıza sızan məlumatlara görə, Vergilər Nazirliyinə xüsusi tapşırıq verilib ki, ölkədə fəaliyyət göstərən ən iri müəssisədən tutmuş, ən xırda köşkə qədər bütün obyektlərdən büdcə üçün vəsait toplanmalıdır.
Vəsaitlərin toplanması əsasən cərimələrlə həyata keçirilir. Vergi işçiləri ən xırda nöqsana görə belə obyektləri böyük məbləğdə cərimələyir. Artıq bir neçə gündür ki, prosesə start verilib. Məlumatlarda deyilir ki, vergilər naziri Fazil Məmmədova bu məsələdə heç kimə güzəşt etməmək tapşırılıb. Hətta fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nəqliyyat naziri Ziya Məmmədov, neft şirkətinin prezidenti Rövnəq Abdullayev kimi iri oliqarxların nəzarətində olan müəssisələr, ticarət obyektləri, şadlıq sarayları da cərimədən sığortalanmayıb. Iddialara görə, kiçik köşklər 400 manat məbləğində cərimələnir. Təkcə dünən 10-a yaxın xırda köşk sahibi redaksiyamızla əlaqə saxlayaraq vergi əməkdaşları tərəfindən cərimələndiyini bildirib. Onların sözlərinə görə, cərimə üçün elə də ciddi əsaslar olmayıb. “Bir texniki səhv tuturlar və dərhal cərimə edirlər”,- deyə sahibkarlar bildirir.
Bu cür davam edəcəyi təqdirdə ölkədə sahibkar üsyanı baş verə bilər. Hər halda böhranlı vəziyyətdə sahibkarlara qarşı “cərimə yürüşü”nün heç də sükutla müşahidə olunacağı inandırıcı görünmür. Bundan başqa Fazil Məmmədovun iri oliqarxlarla da üz-üzə gələcəyi şübhəsizdir.