Haqqın yeni ünvanı – Əli Həsənovun hüzuru

xaqaniquzeyli@gmail.com
 
Müxalifət və psevdomüxalifət anlayışının tarixi bir neçə yüz il əvvələ gedir. Hər bir rejim həmişə yanında psevdomüxalifətin olması üçün müxtəlif siyasi texnologiyalardan istifadə edib. Güclü xalq və siyasi etirazı idarə etmək, daha sonra parçalamaq üçün rejimlər hərəkata öz adamlarını yerləşdirir, daha sonra isə onların piarı ilə məşğul olurdular. Bu “lider”lər kütləni asanlıqla idarə edə, sakitləşdirə bilirdilər. Hətta tarixdə psevdomüxalifətin qısa müddətə hakimiyyətə gəlməsi kimi ilginc hallar da olub. Lakin bütün bunlar artıq keçmişdə qalıb. Hazırda psevdomüxalifət texnologiyasından yalnız avtoritar rejimlər yararlanır. 
Psevdo (Apallodor) qədim yunan nağılbazıdır, onun yazdığı “Mifik kitabxana” üçcildliyində qədim yunan əsatir və qəhrəmanların ağlasığmaz şücaətləri vəsf edilir. Mənası mifik, uydurma olan “psevdo” sözü buradan götürülüb. Daha sonra bəzi yazıçı və şairlər psevdonim, yəni uydurma ad altında yazıb-yaratmağa başlayırlar. Bir az mövzudan kənara çıxaraq yadınıza salmaq istəyirəm ki, sovet dövründə başqa imza ilə Kremlə anonim şikayət məktubu yazanlar da bu “psevdo”dan (!) gen-bol bəhrələniblər. Sizə zarafat gəlməsin, mən sovet dövründə “ac inək” imzası ilə yuxarıya yazılan məktubun ferma müdirinin karyerasını necə yarımçıq qoymasının şahidi olmuşam. Odur ki, “psevdo” anlayışı bizə o qədər də yad deyil. Nə isə, gələk əsas məsələyə…
Azərbaycanda bir qrup kiçik partiya var ki, onlar yüz il də bundan sonra da psevdomüxalifət damğasından xilas ola bilməyəcəklər. Əli Həsənovun sözü olmasın, bura Avropa, yaxud da ərəb ölkələri deyil, bura Azərbaycandır. Xasiyyətimiz belədir. Belə şeylərdə Azərbaycan cəmiyyətini aldatmaq mümkün deyil. Avropanı olar, Amerikanı olar, amma bizi olmaz. Elə bu yaxınlardakı QHT skandallarını götürək. Qərb qəflət yuxusundan ayıldı və gördü ki, layihələrini səxavətlə mailiyyələşdirdiyi qurumların başında duranların, demək olar, hamısı rejimin sınanmış əsgərləridir. Təkcə ABŞ-dan milyonlarla qrant almağa nail olmuş Milli Məclisin hüquq siyasəti komissiyasının sədri Əli Hüseynovla (!) olan vaqeəni xatırlayın, kifayətdir. Detalları dəqiq bilməsəm də, orasını dəqiq bilirəm ki, amerikanlar elə yuxarıda bəhs etdiyim “psevdo” məsələsində ilişdilər… 
Psevdomüxalifətə bu adı nə “Azadlıq” qəzeti qoyub, nə AXCP, nə də Milli Şura. And olsun o bir Tanrıya ki, bu belədir. Iş elə gətirib ki, kimin müxalifət, kimin psevdomüxalifət olduğunu iqtidar və… cəmiyyət, loru dildə desək, xalq bəlirləyir. Psevdomüxalifətin bugünkü durumu, keçdiyi yol və hazırkı mövqeyi haqqında heç nə yazmayacam. Buna ehtiyac da görmürəm, sadəcə 3 atalar sözünü sıraya düzərək, fikrimi sizə çatdırmağa çalışacam. Beləliklə, 1.Elin gözü tərəzidir. 2.Görünən dağa nə bələdçi. 3.Utanmasan, oynamağa nə var…
Nəzərinizə çatdırım ki, üçüncü atalar sözü yenidir. Əvvəl yox idi. Bu “zərurət” Əli Həsənovla görüşdən sonra yarandı…
Allah xatirinə özünüz deyin, 100-ə qədər siyasi məhbusu olan bir müxalifət dura-dura gedib Əli Həsənovla müxalifət sifətində görüşməyə nə ad verək? 
Və bütün bunlar azmış kimi, görüşdən sonra Milli Şura və AXCP-ni ittiham etmək. Bu, ilk növbədə həbsxanada günahsız yerə saxlanılan 100-dən çox siyasi məhbusa həqarətdir. 
“Yeni Müsavat” qəzetinin (başqa hansı qəzet ola bilər ki – X.Ə.) manşetini iki gündür “Milli Şura rəhbərliyi ”xəstə" elan olundu" məqaləsi bəzəyir. Yazıya qaz vermək üçün bir də sonuna mötərizədə “şok” kəlməsi əlavə edilib. Özü də yazı xəstə ifadəsini işlətməyən Mirmahmud Mirəlioğlunun şəkli ilə açılır (ifadə Iqbal Ağazadəyə məxsusdur – X.Ə.). Yəni, ay camaat, bizi gündəyməzinə almırsınız, başa düşürük, bəs bu ağır seyidə nə deyirsiniz?
Hörmətli Mirmahmud ağa, fikrimcə, Milli Şura rəhbərliyinə “xəstə” deyəcək qədər nadan deyil və belə üzdəniraq piara münasibətini bildirməlidir.
Biz əslində başqa bir şey də gözləmirdik, amma razılaşın ki,  100-dən çox siyasi məhbusu olan bir kəsimə qarşı fikir bildirərkən ifadələr diqqətlə seçilməli idi. Ən azı ona görə ki, nə vaxtsa eyni səngərdə olmuşuq. Hələ bilmək olmaz, yaxın gələcəkdə nələr olacaq…
Belə getsə, Siyavuş Novruzov yalan olacaq…