Hakimiyyətin dialoq imitasiyası

Fuad Qəhrəmanlı: «Hakimiyyətin bu cür dialoq təşəbbüsləri heç də problemlərin həllinə xidmət etmir, daha çox imitasiya məqsədi daşıyır»

 
Prezident Administrasiyasının Ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mətbuata açıqlamasında Azərbaycan iqtidarının konstruktiv siyasi təsisatlarla dialoqu davam etdirməyin tərəfdarı olduğunu bildirib.
Əli Həsənov Azərbaycanda siyasi partiyalarla hakimiyyət arasında istənilən məsələnin müzakirə oluna biləcəyini deyib. Prezident Administrasiyasının şöbə müdiri hakimiyyətin, dövlət başçısı Ilham Əliyevin mövqeyini də ifadə edib: “Prezidentin mövqeyi odur ki, Azərbaycanda bütün institutlar, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, mətbuat orqanları dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak etsinlər. Azərbaycan şəffaf cəmiyyətə malik olsun, siyasi islahatlar davam etdirilsin. Hazırda siyasətin formalaşdırılmasında, dövlətin idarə edilməsində ictimai şuraların yaradılmasına böyük əhəmiyyət verilir. Bütün nazirliklərdə, komitələrdə bu şuralar yaradılır. Hesab edirik ki, dövlət siyasətinin formalaşmasında da elə ictimai şura rolunu bu görüşlər oynayacaq”.
Politoloq Fuad Qəhrəmanlı deyir ki, əslində, dövlət-hakimiyyət orqanlarının vətəndaş cəmiyyəti institutlarıyla daim dialoqda olması, müzakirələr aparması demokratik cəmiyyətin əsas xüsusiyyətlərindən biridir. Avtoritar rejimlərdə hakimiyyətin islahatlar keçirmək, cəmiyyəti demokratikləşdirmək, demokratik proseslərin inkişafına yol açmaq niyyəti varsa, o zaman, dialoqun keçirilməsi yalnız ölkənin milli maraqlarına xidmət etmiş olar: “Bu baxımdan, AXCP-nin də mövqeyi odur ki, biz hər zaman ölkədə dialoq mühitinin yaranmasına, vətəndaş cəmiyyətilə hakimiyyət qurumları arasında təmasların genişləndirilməsinə tərəfdar olaq. Lakin bu məsələ imitasiya xarakteri alanda heç də demokratik proseslərə töhfə vermir. Təəssüf ki, hakimiyyət bugünədək daha çox bu yöndə imitasiya ilə məşğul olur. Bir müddət öncə Əli Həsənovun vətəndaş cəmiyyəti institutları, QHT-lərlə görüşü olmuşdu. Ondan sonra ölkədə vətəndaş cəmiyyətinin problemləri nəinki həll olunmadı, bu sektora çox ciddi sarsıdıcı zərbələr vuruldu. Eləcə də medianın vəziyyəti də ağırlaşdı. Deməli, hakimiyyətin bu cür dialoq təşəbbüsləri heç də problemlərin həllinə xidmət etmir, daha çox imitasiya məqsədi daşıyır və görüntü xarakterli dialoq təşəbbüsləri ortaya atılır”.
Nigar