
Baş verənlər hakimiyyətdaxili qrupların oyununa çevrilib
Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməkdə təqsirləndirilən Lamiyə Quliyevanın həbsxanada uşaq dünyaya gətirməsi barədə xəbər yayılanda hər kəs onun cəza çəkdiyi 4 saylı müəssisəsəyə fokuslanmışdı. Və bu məsələdə müəssisənin keçmiş rəisi Müzəffər Məmmədovun adı hallanırdı.
Lakin sonradan olayın Kürdəxanı Təcridxanasında baş verdiyi və Lamiyə Quliyevanın uşağının atasının Elnur Rəsulov adlı məhkum olduğu barədə rəsmi məlumat yayıldı. Lamiyə Quliyeva da ANS-ə açıqlamasında hadisənin Kürdəxanı Təcridxanasında baş verdiyini iddia etdi. O, təcridxanada Elnur Rəsulovla görüşünə şərait yaradıldığını dedi. Lakin maraqlıdır ki, Ombudsman Aparatı Elnur Rəsulovla Lamiyə Quliyevanın təcridxanada canlı təmasının qeyri-mümkün olduğunu bəyan etdi. “Bakı Istintaq Təcridxanasında saxlanılan kişi və qadın məhkumların bir-biri ilə görüşməsi qeyri-mümkündür. Bunun üçün həmin şəxs ən azı dörd nəzarət postundan keçməlidir”, – deyə Ombudsman Aparatının Işgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli Preventiv Qrupun rəhbəri Vüqar Məhərrəmov bildirdi.
Bu ziddiyyət də göstərir ki, “Lamiyə işi”ndə hansısa məqamlar ictimaiyyətdən gizlədilir və Lamiyə Quliyevanın başına gələnlərdən hakimiyyətdəki bəzi qruplar faydalanmağa çalışır ki, bu da iqtidardaxili ziddiyyətlərin kəskinləşməsinə səbəb olub. “Azadlıq”a daxil olan məlumatlarda bildirilir ki, işin Kürdəxanı Təcridxanasına yönləndirilməsi buranın rəisi Azər Seyidov və onun daxil olduğu komandanı qəzəbləndirib. Məlumat üçün deyək ki, Azər Seyidov Bakı Şəhər Baş Polis Idarəsinin rəisi Mirqafar Seyidovun qardaşıdır. Olayın həqiqətən də Kürdəxanı Təcridxanasında baş verib-vermədiyini deyə bilmərik. Lakin bizə verilən məlumatda bildirilir ki, Seyidovlar bu məsələdə hədəfə gəlmələrini hakimiyyətdəki rəqiblərinin işi sayır. Bu halda güman ki, onlar rəqiblərini cavabsız qoymayacaq. Mümkündür ki, “Lamiyə işi” ilə bağlı yeni məlumatlar yayılsın.
Məsələyə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə də münasibət bildirib. Onun sözlərinə görə, yazıda Kürdəxanı Təcridxanasının rəisi Azər Seyidovun Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun qardaşı olması barədə iddialar həqiqətdən uzaqdır və dezinformasiyadır. Əslində polis general-mayoru Mirqafar Seyidovun həmin şəxslə nəinki qohumluq, yaxud tanışlıq, ümumiyyətlə, heç bir əlaqəsi yoxdur.