Azərbaycanda demokratiya ilə bağlı ABŞ-dan yeni təşəbbüs – birgə struktur yaradılır; İlham Əliyev razılıq verib
ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Viktoriya Nuland çərşənbə axşamı səhər Bakıda Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov və dövlət başçısı İlham Əliyevlə görüşlər keçirib.
“Prezident Əliyev və nazir Məmmədyarovla çox yaxşı, məzmunlu və səmimi görüşlərimiz oldu. Bu görüşlərdə mənim əsas mesayım o oldu ki, biz Azərbaycanla 20 illik əməkdaşlığı yüksək qiymətləndiririk. Biz onu daha da güclü, daha demokratik və müstıqil görmək istəyirik, təhlükəsizlik, iqtisadiyyat, energetika sahəsində əməkdaşlığı davam etdirmək istəyirik, demokratiya sahəsini mümkün qədər daha da gücləndirmək istəyirik”, – Nuland danışıqların yekunları ilə bağlı ABŞ səfirliyində keçirilən brifinqdə bildirib.
O, əməkdaşlığın digər prioritetləri arasında ekstremizmə və terrorizmə qarşı mübarizəni göstərib. Bu çərçivədə ABŞ Azərbaycanın güc strukturlarına dəstəyini davam etdirəcək.
Təhlükəsizlik məsələsi energetika, əsasən neft və boru kəmərlərinin təhlükəsizlyinin təminatı ilə əlaqəlidir. Bu mövzu “Cənub” qaz dəhlizi layihəsi baxımından aktuallaşır. ABŞ və Avropa İttifaqı bu layihəni fəal şəkildə dəstəkləyir.
“Biz həmçinin qeyri-neft sektorunun və iqtisadi əlaqələrin inkişafı məqsədilə Azərbaycan iqtisadiyyatının diversifikasiyasından danışdıq. Bu gün prezident korrupsiyaya qarşı mübarizədə qətiyyətli olduğunu bildirdi. Çünki korrupsiya demokratiyanın qatilidir və xarici investisiyaların qarşısını alır. Biz bu istiqamətdə birgə səyləri davam etdirməyə razılıq verdik”, – Nuland qeyd edib.
Qarabağ nizamlanması məsələsinə də toxunulub. “Biz münaqişə zonasında zorakılığın artmasından çox narahatıq və mən bu mövzunu Ermənistanda da davam etdirəcəm. Çünki vəziyyətə görə hər iki tərəf məsuliyyət daşıyır”, – Nuland vurğulayıb.
Nuland demokratiya və insan haqları məsələsini də müzakirə etdiklərini və bu istiqamətdə işləyəcək birgə strukturun yaradılamsına razılaşdıqlarını deyib. “Biz, əlbəttə, demokratiya və insan hüquqlarından da danışdıq. Hökumətlə vətəndaş cəmiyyəti arasında açıq, yaxşı əlaqələr ölkənin gələcəyi üçün çox vacibdir və ABŞ bunu dəstəkləyir. Bu gün biz ABŞ-ın bu məsələ ilə bağlı narahatlığından, insan haqlarının vəziyyəti və KİV problemlərindən də danışdıq. Bu mövzuda məsləhətləşmələri davam etdirmək, vətəndaş cəmiyyəti və demokratiya mövzusunda Amerika-Azərbaycan dialoqunu gücləndirmək barədə razılığa gəldik. Söhbət Avropa Şurası strukturları ilə paralel işləyəcək ikitərəfli qurumun yaradılmasından gedir. İndi lazım olan odur ki, formaya və struktura malik dialoq olsun. Məhz bu baxımdan prezident vətəndaş cəmiyyəti və demokratiya sahəsində dialoqun qurulmasına razılıq verdi. İnanıram ki, qurulan dialoq bəzi məsələlərə və problemlərin həllinə aydınlıq gətirəcək. Prezidentin verdiyi razılığı yüksək qiymətləndirirəm. Dialoq azad media, vətəndaş cəmiyyəti və insan haqları məsələlərilə məşğul olacaq.”, – dövlət katibinin köməkçisi bildirib.
"Turan" agentliyinin “Azərbaycanda “rəngli inqilab”ların hazırlanması ilə bağlı Vaşinqtonun ünvanına səslənən ittihamları ABŞ necə qiymətləndirir” sualının cavabında Nuland deyib ki, inqilab o zaman mümkündür ki, hökumət, vətəndaş cəmiyyəti və sadə insanlar arasında dialoq olmasın: "Dünyada ən güclü ölkələr vətəndaş cəmiyyəti ilə hökumət arasında açıq və fəal təmasların olduğu ölkələrdir. Hər hansı ölkədə açıq və səmimi dialoq varsa, onda "rəngli inqilab"a lüzum qalmır. "Rəngli inqilablar" o zaman baş verir ki, hökumətlə vətəndaş cəmiyyəti arasında soyuqluq, gərginlik və bağlı qapılar olsun. Yəni onların bir-birlərinin ehtiyaclarını həll etmək üçün zəruri və lazımi şərait olmasın. Ümidvarıq ki, hökumətlə vətəndaş cəmiyyəyti arasında güclü dialoq, eyni zamanda, ABŞ-la Azərbaycan arasında yaradılacaq təmas və dialoqlar təhlükəsizlik və enerji sahələrindəki olduğu kimi, bu sahədə də vəziyyəti yaxşılaşdıracaq".
Cəbhə xəttində gərginliklə bağlı sualın cavabında dövlət katibinin köməkçisi deyib ki, o, Bakıda atəşkəsə əməl olunmasının vacibliyi barədə öz fikrini bildirib və bu fikri Ermənistanda da bildirəcək. Azərbaycanlı girovlara gəlincə, Nuland deyib ki, onlar humanitar baxımdan qaytarılmalıdır və bu məsələni sabah Yerevanda qaldıracaq.
Nulandın Azərbaycana səfəri ABŞ-Azərbaycan münasibətlərinin gərgin olduğu dövrə təsadüf edir. Gərginlik Azərbaycan hakimiyyətinin ABŞ-ın demokratiya çağırışlarına rədd cavabı və repressiyanı gücləndirməsindən sonra yaranıb. Hətta iş o yerə çatıb ki, ABŞ dövlət katibinin keçmiş müavini Devid Kramer ABŞ-ı Azrbaycan hakimiyyətinə qarşı sanksiya tətbiq etməyə çağırıb. Bundan başqa ABŞ-da Azərbaycandakı vəziyyətlə bağlı 3 dinləmə keçirilib. Sonuncu dinləmələr Amerika Konqressində baş tutub. Azərbaycan hakimiyyəti də bütün bunlara cavab olaraq anti-ABŞ kampaniyasını gücləndirib. Lakin Nulandın səfəri göstərir ki, ABŞ Azərbaycanla əməkdaşlıqda maraqlıdır və bu baxımdan qarşıdurmanı dərinləşdirmək istəmir. Bununla yanaşı Nulandın açıqlamalarından belə anlaşılır ki, Vaşinqton demokratik tələblərində də israrlıdır. Təsadüfi deyil ki, Nuland açıqlamalarında Azərbaycanı daha demokratik görmək istədiklərini vurğulayır. Həmçinin rəngli inqilablardan danışarkən bunun baş verməməsi üçün vətəndaş cəmiyyəti ilə hakimiyyətin dialoqunu önə çəkir. Ilham Əliyevin də demokratiya və insan haqları sahəsindəki problemlərin müzakirəsi üçün dialoqa razılıq verməsi göstərir ki, o, ABŞ-la qarşıdurmanın səmərəsiz olmasının fərqindədir. Ilham Əliyev Nulandın səfərinin hakimiyyətə növbəti şans olduğunu başa düşür və bilir ki, Azərbaycan hakimiyyəti islahatlar yolunu tutacağı təqdirdə ABŞ-la münasibətlərdə müsbətə doğru dəyişiklər baş verə bilər. Əks təqdirdə isə gərginliyin daha da artması və bundan daha çox hakimiyyətin ziyan çəkməsi qaçılmazdır.
Siyasət şöbəsi



